Onun buradan salamat çıxması möcüzə ola bilər...

30-09-2012, 13:48
0
Onun buradan salamat çıxması möcüzə ola bilər...

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar...

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir...

Əvvəli ötən saylarımızda

“...Buna görə də sizdən xahiş edirəm, sağ ayağımı dizimdən dörd barmaq enində yuxarı hissədən kəsib, ümumi qayda üzrə bu cür predmetləri atmaq üçün nəzərdə tutulan yerə tullayasınız”.
Bu, ərizədən bir parçadır. Söhbət kiminsə ayağının kəsilməsi istəyindən gedir və ərizə xəstəxananın baş həkiminə yazılmışdı. Amma əlbəttə, bu, bir zarafat idi və mən bu ərizəni yazmaqla oynaq ağrılarımın şiddətləndiyinə işarə edirdim. Müalicə həkimim olan Ilham bu ərizəni götürüb Cərrahiyyə şöbəsinin baş həkiminə apardı, üstünü yazdırıb qaytardı: “Təcili olaraq əməliyyat otağını hazırlayın”.
Təcili olaraq əməliyyat otağı hazırlandı, amma mənim yox, başqasının ayağında əməliyyat aparmaq üçün...
2007-ci ilin avqustunda Yasamalda, Murtuza Muxtarov küçəsində tikintisi başa çatmaq üzrə olan bina bir anın içində uçub dağılmışdı. O zaman bu binanın uçması ilə bağlı müxtəlif versiyalar olmuşdu, amma ümumən qəbul edilən fikir bundan ibarət idi ki, bina keyfiyyətsiz tikilib. O zaman bu xarabalığın altında 30 nəfərdən artıq adam ölmüşdü.
Həmin binanı tikən “Mütəfəkkir” şirkətinin sahiblərindən olan, 9 il həbs cəzası alan Əsgər Muradov 2-ci “zon”da yıxılıb ombasını qırmışdı. Hərçənd, mən onun ombasında və ya ayağının hər hansı hissəsində sınığın olduğuna şübhə edirdim. Adam ayağını rahat hərəkət etdirir, sağa-sola fırladırdı. Yeriməkdə çətinlik çəkirdi və nədənsə, mənə elə gəlirdi ki, onda möhkəm əzik var. Amma həkimlər omba sümüyünün sınığı diaqnozunu qoymuşdular və adam əməliyyat olunmalı idi.
Əsgər kişi ilə tez-tez söhbət edirdim. Qoca kişi idi, 70-dən artıq yaşı vardı. Əslində, bu şirkətin rəhbəri onun böyük qardaşı Əli Muradov idi, o da həbs ediləndən sonra bu xəstəxanaya yerləşdirilmiş və ürək çatışmazlığından ölmüşdü.
Əsgər kişi ayağa qalxa bilmədiyinə görə bəzən kimisə dalımca göndərirdi. Adam söhbət eləmək istəyirdi. Mən bu bina olayı barədə ondan heç nə soruşa bilmədim. Vəziyyətinin düzəlməsini gözləyirdim. Günün birində dedi ki, ombasındakı problemdən ötrü onu əməliyyat eləmək istəyirlər. Mən də zarafat etdim: “Bax, bunlar səni öldürmək istəyirlər. Amma onsuz da xeyli yaşın var. Bu ayaqla ya gəzdin, ya gəzmədin... Məndən məsləhət istəyirsənsə, əməliyyata razılıq vermə. Yox, qərar qəbul eləmisənsə, onda əməliyyatdan sağ çıxmayacağını da bil!”
Əsgər kişi güldü, amma narahat olduğunu da gördüm. Məni həkimin yanına göndərdi ki, dəqiq bir şeylər öyrənim. Bizim müalicə həkimimiz eyni idi. Ilham həkim mənə rentgenin nəticələrini göstərdi. Orada sınıq vardı. Əlbəttə, mən travmotologiyadan bir şeylər bilmirəm, amma şəklə baxanda sınıq görünürsə və ya oradakı hansısa anlaşılmaz xətt sınıq kimi izah edilirsə, bunun üçün travmotoloq olmaq lazım deyil ki...
Qayıdıb Əsgər kişiyə vəziyyəti yerli-yataqlı izah etdim.
Səhəri gün onu əməliyyat otağına apardılar. Əməliyyatdan çıxandan sonra palatasına getdim. Gözlərini açıb sağ əlinin şəhadət barmağını qaldırdı: “Ölməmişəm!”
Kişi sappasağ, top kimi idi. “Yaxşı, dincəl”, - deyib çıxdım. Yarım saat sonra onun palatasının qarşısında həşir-qaynaşma düşdü. Ora qaçdım və öyrəndim ki, Əsgər kişi keçinib. Komissiyanın qənaəti belə oldu ki, ürəyində “tromb” olub və buna görə də anidən dünyasını dəyişib. Işin doğrusunu Allah bilir. Bu dünyada hərə bir səbəbdən ölür. Murtuza Muxtarov və Hinduşah Naxçıvani küçələrinin kəsişdiyi yerdə tikintisi başa çatmaqda olan binanın xarabalıqları altında qalıb həlak olan 30 nəfərdən artıq adamın ölümü də anidən baş vermişdi. Gözlənilmədən. (Amma bu Hinduşah Naxçıvaninin kimliyi də məni həmişə maraqlandırırdı. Nəhayət, sonralar öyrənə bildim ki, o, XIII əsrin sonları-XIV əsrin əvvəllərində yaşamış bir mütəfəkkirdir və təbii ki, ixtisas etibarilə inşaatçı olmadığına görə “Mütəfəkkir” MMC-nin tikdiyi binanın layihə-smeta sənədlərinin tərtibatı üçün heç bir məsuliyyət daşımır. Bu məsuliyyəti hətta 20-ci əsrin əvvəllərində neft milyonları hesabına varlanan və Bakının yenidən tikilib-qurulmasında yaxından iştirak edən Murtuza Muxtarov da daşımır, onların tikdikləri binalardan heç biri bu vaxta qədər uçub-dağılmayıb; uçurulub-dağıdılanları bura aid eləmirəm).
Əsgər kişi rəhmətə getdi. Həmin gün bizim palataya gəlib çıxan başqa bir dustağın da buna bənzər problemlərinin olduğu bəlli oldu, amma xeyli sonralar. Bu 22 yaşlı, Qorqud adlı oğlan Basqaldan idi. Sağ qolunda dəhşətli ağrıları vardı. Kürdəxanı türməsindən gətirilmişdi və hələ iş almamışdı. Amma aşağısı 10 il alacağı şübhəsizdi. O, kənddə bir nəfəri ov tüfəngi ilə vurub öldürmüşdü və buna görə də peşman deyildi: “Söyüş söydü, baltanı götürüb üstümə cumdu, mən də onu baltaya görə olmasa da, söydüyü söyüşə görə hökmən öldürməli idim”.
Əlbəttə, bu cür birmənalı məntiqə görə kimisə ittiham etmək olmaz. Ittiham etmək polisin-prokurorun işidir. Bizdən asılı olan, Qorqudu buradakı cinayətkar mühitdə qarşılamaq və icmanın zəruri üzvlərindən biri kimi qəbul etməkdir.
Qorqud korpusa ildırım kimi girdi. Onun gənc beynində “oğru” ideyaları möhkəmcə yer eləmişdi. Qapalı təcridxanalarda bu qaydalar hələ də, nisbətən oturuşmuş şəkildə qaldığı üçün oradan açıq “zon”lara yeni gələnlərin təəssüratları bir qədər fərqli olur. Qorqud fiziki cəhətdən də çox güclü sayılacaq adamlardan idi, qürurlu idi, oğru qanunlarına hədsiz sədaqətin ilk mərhələsindəydi. Buna görə də gözünə ilk sataşan buradakı “sanitarlar”ın nisbətən sərbəst hərəkəti oldu. Əslində, “sanitarlar”ın açıq “zon”larda hərəkət azadlığı yenilik deyil. Onlar dustaqların qara işlərini gördüklərinə görə bu sərbəstlikdən istifadə edirlər. Gənc və enerjili Qorqud isə bunu “sanitarlar”ın buradakı müstəsna sərbəstliyi kimi qəbul edərək, onların bir-ikisini təpiklədi. Xəbər Idarəyə çatdı və təbii ki, onu gəlib apardılar. Yarım saat sonra xəbər gəldi ki, onu “kars”a salıblar və 15 sutka veriblər. Mən birtəhər Mürsəl müəllimlə əlaqə yaradıb onu geri gətirə bildim.
Yeri gəlmişkən, bu da fövqəladə bir olay kimi qarşılandı. Dustağı “kars”dan çıxarmaq çox müşkül məsələlərdəndir, hətta mümkünsüz sayıla biləcək bir şeydir. Amma Misir müəllim sözümü yerə salmadı. Qorqud qayıtdı və bir-iki gündən sonra onu müalicədən imtina etdiyi üçün geriyə - Kürdəxanıya yolladılar. Buraları başı götürmədi. Bir ay yarımdan sonra daha da şiddətlənmiş dözülməz ağrılarla geri gəldi. Bu dəfə onun diaqnozunu dəqiqləşdirdilər və bir daha geri qaytarmadılar. Qorqudda sağ çiynin döş qəfəsi istiqamətində yayılan xərçəng vardı. Azərbaycan şəraitində onun sağalması mümkün deyildi, xəstəliyin sürətini azaltmaq üçün qolunun kəsilməsi variantı gündəmdə idi. Bu əməliyyatın onu nə qədər yaşada biləcəyini isə kimsə bilməzdi. Hər halda, qolu kəsilsə belə, qarşıda onu ən azı, 6-7 il həbsxana həyatı gözləyirdi. Onun buradan salamat çıxacağı isə hesablanması mümkün olmayan bir möcüzə ola bilərdi.

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1