Gürcü dolanbacları...

14-11-2015, 17:37
0
Gürcü dolanbacları...
Bir az soyuq, bir az da çiskinli hava daha çox gürcü xəngəli haqqında “düşüncə”lərə sövq etsə də bu ölkənin həyatında və siyasətində indi baş verən proseslər heç də bundan az maraq kəsb etmir... 
Bir tərəfdən “Gürcü arzusu” koalisiyası içində prezident G.Margelaşvili ilə hərəkatın “xaç atası” B.İvanişvili arasında baş verən ixtilaf, digər tərəfdən, bir çoxlarına yaxşı tanış olan “Rustavi-2" kanalı ətrafındakı məhkəmə prosesləri, o bir tərəfdən də ölkə siyasətində ilk debütünü etməyə başlayan ”Gürcü vətənpərvərləri alyansı" düşünmək üçün yetərincə predmet verir... 
 
Etiraf etmək lazımdır ki, ölkə kövrək siyasi tarazlıq halındadır. Ən əsası isə odur ki, növbəti ildə parlament seçkiləri olmalıdır... 
Əksər müşahidəçilər bu fikirdədir ki, “Gürcü arzusu” koalisiyası seçkini yalnız  bir səbəbə görə uda bilər. O da budur ki, insanların əksəriyyəti M.Saakaşvilinin “Vahid Milli Cəbhə”sinə elə də rəğbət bəsləmirlər, üçüncü bir siyasi qüvvə isə yoxdur. Amma üçüncü siyasi qüvvənin olmaması ilə bağlı deyilənlər bir qədər tələsik nəticədir. Ona görə ki, yenicə formalaşmağa başlayan “Gürcü vətənpərvələri alyansı” yetərincə iddialı görünür...
Gürcüstan kiçik olduğu qədər də maraqlı ölkədir. Həm də ona görə maraqlıdır ki, bu ölkəyə bilavasitə hakimiyyətdə olmayan B.İvanişvili “boz kardinal”lıq edir. Mən bu adama gürcülərin həqiqi münasibətini çox da yaxşı bilmirəm. Gəl, onun fərqindəyəm ki, indi bu münasibət bir o qədər də ürəkaçan deyil - o səbəbdən ki, gürcü arzusu nəinki çin olmadı, üstəlik ölkəyə bir az da məyusluq və bəlkə də peşimançılıq (seçkilər vaxtı bu, aydınlaşacaq!) gətirdi. 
Gürcü cəmiyyətini siyasi cəhətdən yetərincə səriştəli hesab edirdim. Bəli, insanlar əslində nə etdiklərini, nə istədiklərini bilirlər. Gürcüstan da aqrar bir ölkədir və bu ölkənin əsas bazarı Rusiyadır. İnsanlar bu bazarın qayıtmasında maraqlı idilər. Bu, onlara nə qədər müəssər oldu-olmadı, bunu kifayət qədər yaxşı bilmirəm...
Düşünürəm ki, gürcü elektoratı “Gürcü arzusu”nun seçki ritorikasını hərfi mənada qəbul etmirdi. Onlar güman ki, düşünmürdülər ki, sovet dövründən qalmış zavodları işə salmaq B.İvanişvilinin dediyi kimi asan olacaq. Amma bu elektoratın “Gürcü arzusu”na hansısa fəlsəfi mülahizələrdən səs verməsi də elə də inandırıcı görünmür - hər halda, müəyyən ümidlər vardı, çox təəssüf ki, onlar doğrulmadı...
B.İvanişvili indi İranla ciddi əlaqələrin vacibliyini deyir. O bildirir ki, İran qazı da Gürcüstana gəlsə çox yaxşı olar. Olsun. Amma bu vaxta qədər bu ölkə qazı İrandan və ya Rusiyadan deyil, Azərbaycandan alıb. İvanişvili bunun fərqində olmaya bilər, amma gürcülər olmalıdır...
Doğrusu, Gürcüstan İran qazını Avropaya çıxarmaq üçün o qədər də ideal bir marşrut deyil. Həm də hələ dəqiq məlum deyil ki, İvanişvili İran qazını Gürcüstana “toplamaqla” onunla nə etmək istəyir?..
Qərəz, Gürcüstan suallarla dolu ölkədir. Biz  də çox istəyirdik və indi də istəyirik ki, bu ölkəyə sülh və əmin-amanlıq gəlsin, insanların rifahı yüksəlsin. 
Həm də istəməzdik ki, Gürcüstanı yalnız Azərbaycanın qazı cəzb etsin. Bu ölkə ilə dostluq Azərbaycanın maraqlarına cavab verir... 
Amma gürcü cəmiyyətində həmişə bir “dikbaşlıq” hökm sürüb və bunu indi də sezmək mümkündür - bu gün işlər yaxşı gedirsə hamı dərhal dünəni unudur. Təbii, bu, elə də yaxşı keyfiyyət deyil. Azərbaycan Gürcüstana etdiyi yaxşılıqların müqabilində çılğın minnətdarlıq da tələb etmir, amma unutqanlıq da yaxşı hal deyil...
Bizim üçün Gürcüstan yenə də Avropaya əsas qapı kimi qalır. Amma gürcülər də Azərbaycanın bu marağını istismar etməməlidirlər...
Nə isə. Baxaq, görək, bu işlərdən nə alınır? Hər halda, yaxşı olar. Bunun üçün isə hər iki tərəfin bir qədər praqmatik olması yetər... Praqmatizm bu mürəkkəb dünyanın dolanbaclarından baş çıxarmaq üçün bəlkə də yeganə fəlsəfədir...
Əslində biz böyük sevgi də tələb etmirik. Sadəcə, münasibətlərdə xoş niyyət və xoş məram yetər. Gürcüstanı biz azadlığa meylli olmasına görə sevirik. Bir məsələ həmişə diqqət çəkib: gürcülər Qafqazda daim Avropaya can atan ölkə olublar. Bu canatım indi də sezilir. Amma bunun qarşılığı yoxdur. Elə o səbəbdən yeni və etibarlı tərəfdaş tapmamış köhnə dostları itirmək olmaz. Bu bölgədə Gürcüstanın ən böyük dostu isə Azərbaycandır...
скачать dle 12.1