Dustaqların qarnından çıxan predmetlərin muzeyi

29-09-2012, 03:49
0
Dustaqların qarnından çıxan predmetlərin muzeyi

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar...

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir...

Əvvəli ötən saylarımızda

Burada belə şeylər tez-tez olur. “Zon”da hansısa ciddi problemlə, sualla üzləşən dustaqların bu cür son variantlara əl atması kimsəyə təəccüblü gəlməz. Qarnını cıran, boğazını kəsən, qaşıq (adətən) və başqa dəmir əşyaları udan... adamları dərhal götürüb xəstəxanaya gətirir, ölüm statistikasının artmasına imkan vermirlər. Bu ekstremal cəhdlər ən müxtəlif səbəblərdən ola bilər. Əgər adamın qumar borcu-filanı yoxdursa, deməli, “it”lərlə yaranmış problemdən qurtarmaq üçün “Qordi düyünü”nü kəsib. Əgər yolunuz “sentrala” düşübsə, Cərrahiyyə şöbəsində baş həkimin kabinetinə hökmən girin. Doğrudur, sizi bütün hallarda oradan keçirəcəklər, amma inək kimi girib çıxmayın. Kabinetə girərkən sol və sağ tərəfdə divara asılmış böyük posterlərə baxın. Bu nəhəng şüşə örtüklərin altında on illər ərzində dustaqların daxili orqanlarından çıxarılan yüzlərlə müxtəlif predmetləri görəcəksiniz. Bu, əsl muzeydir. Orada daha nələr yoxdur?! Mismar və qaşıq adi əşyalar sırasındadır. Bolt-qayka, qayçının bir tərəfi, dırnaq tutan, qənd kəlbətininin yarısı, vintaçan, elektrod parçaları, məftil qırıqları... Bunlar dustaqların işgəncə ərəfəsində və ya gözlənilən işgəncədən xilas olmaq üçün fövqəladə halda udduğu predmetlərdir.
Əlbəttə, əgər bu insan ləyaqətini aşağılayan davranışdan qorunmaq üçün yeganə vasitə olaraq seçilmiş yoldursa, hörmətə layiqdir. Başqaları bu yola əl atmır, ləyaqəti alçaldan davranışı qəbul edənlər də çoxdur. Adamlar var ki, lezva ilə qarnını kəsib bağırsaqlarını ona işgəcə verənlərin üstünə atır. Sözün həqiqi mənasında! Qanlı bağırsaqlarını onların üstünə atıb: “Öldürün, yaramazlar!” (yaxud, bir qayda olaraq, daha kəskin və qəliz söyüşlər) deyib hayqırır. Belədə ondan qopur, “bu dəli”nin qanına bulaşmaqdansa, ondan əl çəkmək qərarı verirlər.
Azərbaycan cəmiyyətinin “çöl”ü kimi də “iç”i var. Ölkənin polis idarələrində hansı ləyaqətsiz və aşağılıq işgəncə təfəkkürü varsa, həbsxanalarda da eyni, bəlkəsiz, daha da artıq yaramazlıqlar qalır. Bu, sadəcə olaraq, tərbiyəsizlikdir, gerizəkalılıqdır və bunun başqa adı ola bilməz. Inzibati səlahiyyətləri, vəzifəsi olan insanların tərbiyəsi və əxlaqı təqib etdikləri cinayətkarın tərbiyə və əxlaqı ilə eyniyyət təşkil edir, bəlkə daha aşağı olur və nəyə görəsə, ikinciləri birincilərin islah edəcəyini düşünənlər var. Bu işgəncələri tətbiq edən insanların özlərinin psixoloji reabilitasiyaya ehtiyacları var və bu sadə həqiqəti nəzərə alan yoxdur.
Amma buraya bu kökdə gələnlərin hamısı həmin işgəncələrdən qurtulmaq üçün gələnlər deyil. Arada qumar-filan problemi olanlar da guya, vaxt udmaq üçün özlərinə nəsə eləyib buraya soxulurlar. Hərçənd, qumar borcuna görə xəstəxanaya gəlmək nəticəni, yəni “fuflo” adını dəyişmir: qaydalara görə, xəbərləşmə (o cümlədən, telefon) imkanı olan yerdəsənsə, “tavan”ı gecikdirmək “fuflo” sayılır.
Bizim “zon”dan (hətta 2-ci korpusdan) da bir-iki “spetsetap” gəlmişdi. Bunlardan biri Elmin adlı gənc hərbçi idi. O, qarnını doğram-doğram etmişdi və mən onun bunu nəyə görə etdiyini əvvəl-axır anlaya bilmədim. Ya qumar borcu vardı, ya da dustaqlarla hansısa başqa anlaşılmazlığı. 7-ci kalondan gətirilən birisinin ayağı çürüyürdü. O, şprislə baldırına tüpürcək vurmuşdu. Bu, yolverilməz hərəkət idi. Dərhal tədbir görülməyəndə ən qısa müddətdə qanqrena başlayır və orqanizmin həmin hissəsi hökmən amputasiya edilir. Bunun dəhşətli ağrıları da olur. Olacaq, əlbəttə! Ayaq göz qabağında çürüyür, əti tökülür, get-gedə daha artıq sümük ağarmağa başlayır. Hər dəfə onu yarasını təmizləmək üçün əməliyyat otağına aparanda oradan müdhiş üfunət və dözülməz bağırtı səsləri gəlir. Haradansa Quba tərəfdən olan bu dustaq bir neçə dəfə telefona çıxıb evlərinə zəng etdi. “Ayağımı kəsəcəklər! Məni niyə insan saymırsız? Mən də sizin ailənizin üzvü deyiləm?!” - deyə yalvarırdı, amma kimsə onunla maraqlanmadı, arxasınca gələn olmadı. 
Təbii, olmayacaqdı. Insanların ya maddi imkanları yoxdu, ya da nəticəsini bilərək baldırına tüpürcək vuran bu axmaq azadlıqda olanda oradakı yazıqların gününü cəhənnəmə döndəribmiş. Nəhayət, onun ayağını və səsini kəsdilər. Adam və bütün korpus rahatlaşdı...
Daha pisi də olur. Təsəvvür edin ki, məsələn, qumarda uduzmuş bir başqası telefona çıxıb həyat yoldaşına zəng edir və təkid edir: “Mənə pul çatdır... Bilmirəm, nəyin bahasına olursa-olsun... Neyləyirsən elə, amma pul gətir!”
Amma bu, kontingentdir, icmadır, burada belələri çox deyil. Bu adamların arasında yaşayacaqsan, bu münasibətlərin içində olacaqsan, onların naqis keyfiyyətlərini üzlərinə vurmadan, son dərəcə ehtiyatla onlara təsir göstərməyə çalışacaqsan. Siyasi məhbusun missiyası həbsxanalarda normal mənəvi mühitin yaradılması prosesində iştirak etməkdir. Sən onsuz da buradakıların əksəriyyətindən savadlısan, dünyagörüşün daha genişdir... Amma bunu xüsusi özəllik olaraq kiminsə gözünə soxmağa ehtiyac yoxdur. Bu üstünlüklər heç bir canfəşanlıq olmadan nəzərə çarpır. Özünü onlardan fərqləndirməyə, onların qarşısında lovğalanmağa çalışsan, onlar səni daha artıq fərqləndirəcəklər, həm də öz ölçüləri ilə. Ancaq özünü icmanın buraya təbii yolla daxil edilmiş bir üzvü kimi aparacaqsansa, onlar səni çox pozitiv düşüncələrlə fərqləndirəcəklər, sənin səmimiyyətinin onların bir çoxunda müşahidə olunan psixoloji zərbəni necə aradan qaldırdığını müşahidə edəcəksən. Onlar özləri də bunu müşahidə edəcəklər. Tədricən əldə edilən psixoloji tarazlığın yaratdığı məmnuniyyət səni onların gözlərində qaldıracaq. Amma buna xüsusi cəhd etməyin, sadəcə, belə olun! Sadəcə saxta olmayın! Mövlana Cəlaləddin Ruminin bəşəri etikanı ən müfəssəl və ən ümumi şəkildə ifadə edən tezisi burada mütləq qaydada işləyir: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!”
Bu adamlar bizim cəmiyyətin bir parçasıdır. Onlar bizim adamlarımızdır, soydaşlarımızdır, həmvətənlərimizdir. Onların hər birini buraya gətirən sosial səbəblər var. Əlbəttə, bu o demək deyil ki, bu sosial səbəblər olmasa, həbsxanalar tamamilə boş qalacaq. Sadəcə olaraq, dərk etmək lazımdır ki, konkret sosial neqativlər nə qədər az olsa, buradakı kütlənin çəkisi də az olar. Mingəçevirli Taleh, Yevlaxlı Ruslan, Sumqayıtlı Ikram, Şamaxılı Ziya, Qızılcalı Vüqar, Imişlili Azər, Şəkili Süleyman... onlarla, yüzlərlə, minlərlə adam burada olmaz. Novruz Ismayılovun yeri isə ümumiyyətlə, bura deyil və onu bura atanlar öz cinayətkar niyyətlərini onu məhv etmək bahasına həyata keçirmək istəyiblər.

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1