“Kapitalbank”ı ələ keçirmək istəyirmiş

27-09-2012, 03:52
0
“Kapitalbank”ı ələ keçirmək istəyirmiş

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar...

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir...

Əvvəli ötən saylarımızda

Novruz yaxşı adam idi. Onun nə zamansa necə biznesmen olmağı məni qətiyyən maraqlandırmırdı. Içəridə təminatlı yaşayırdı və mənim onun təminatlarına da ehtiyacım yox idi. Hələ Bayıldan çıxıb “zon”a köçürüləndə ailə üzvlərimlə birinci görüşümdə mənə bir dəftər gətirmişdilər. Bu dəftərdə mənim həbs olunduğum gündən həmin günə qədər olan müddətdə bizim ailə ilə maraqlanan, bu və ya digər formada dəstək verən insanların siyahısı yazılmışdı. Burada 955 adamın adı vardı və inanmıram ki, hər hansı biznesmen həbsdə olduğu zaman bu qədər geniş dəstək əldə etsin. O cümlədən də Novruz. Amma Novruz Ismayılovun tamamilə haqsız və əsassız olaraq həbs edildiyini birmənalı olaraq qeyd edirəm.
Onun həbsində maraqlı olanlar öz həmyerliləri olub - Moskvadakı “Rapira” zavodunun sahibi, onun lap bu yaxınlara qədər Sabirabadda icra başçısı olan qardaşı... Novruz “Borçalıbank”a bu adamları şərik edəndən sonra onların maliyyə və biznes iddiaları böyüyüb və bankın sahibini həbsxanaya saldırmaqla onu tamam-kamal ələ keçirmək fikrinə düşüblər.
Mən bu cinayət işinin detallarını təsvir etmək istəmirəm, bu iş Avropa Məhkəməsinin icraatındadır və orada da Novruz Ismayılovun bəraət alacağına şübhə etmirəm. Amma Azərbaycanda insanları intriqalarla, siyasi motivlərlə, eləcə də bu sayaq çirkin iddialarla həbsə atdıran adamlar da onu hesablayırlar ki, Avropa Məhkəməsinin qərarları illər boyu gecikə bilir və bu müddətdə də cəzalandırılması nəzərdə tutulan adam ömrünün illərini orada çürüdür...
Novruz Ismayılovun xatirələrini dinləyirdim. Adam heç bir iddia-filan irəli sürmədən keçmiş günləri barədə danışır və yaxın olduğu insanlarla bağlı yaşadığı epizodları xatırlayırdı. Məsələn, şair Zəlimxan Yaqub...
- Həbs ediləndən sonra səninlə bircə dəfə də olsun, maraqlanıbmı?
- Əlbəttə yox!
Başqaları, daha başqaları... Bank sahibi, irəliləməkdə olan bir biznes adamının ciddi problemləri olmadıqca bu “yaxın” adamların siyahısı uzandıqca uzanır. Amma indi onun dost saydığı adamların sayı bir əlin barmaqları qədər ya olar, ya da olmaz. Ən böyük dostu isə onun fədakar həyat yoldaşı və qızlarıdır. Bircə görüş gününü belə, boş buraxmazlar. Novruz da hər dəfə bu görüşlərdən çıxanda sanki əlavə enerji alar, gəncləşir, nikbinləşirdi.
Belə nikbin adamla birlikdə illərlə həbs həyatı yaşasan, bezməzsən. Bir də gördün, palatanın qapısını şaqqıltı ilə açıb, “Ay uşaqlar, bir bizə baş çəkin”, - deyib sürətlə də yox olur. Gedib görürdün ki, aşsüzəni qoyub xəngəl süzür: “Gəlin, doluşun içəri. Qurut da var. Baxın görün, haradasa belə xəngəl yemisiz?” Sonra da bir lətifə... Məsələn, bu şəkildə: “Nazir iclasa tələsir. Sürücünü təhrik edir ki, maşını sürətlə sürsün. Amma yenə də sürət onu təmin etmir. Özü sürücünün yerində oturub, sürücünü arxaya keçirir. Polis postunun yanından güllə kimi keçir. Heyrətlənmiş polislərdən biri: ”Bu, kim idi?" - deyə soruşur. “Şefini tanımadım, amma sürücüsü 100 faiz nazir idi”, - deyə yoldaşı cavab verir".
Ümumiyyətlə, imkanlı adamların həbsə düşməsi həbsxana rəisləri üçün toy-bayram olur. Bu adamların hesabına büdcə vəsaitləri mənimsənilir, axı. Məsələn, 2-ci kalonda olan Fərhad Əliyev oranın abadlaşdırılması üçün bolluca xərclər çəkir. Bütün “zon”un kanalizasiya sistemini dəyişib, həyət-bacanın az qala, “Heydər parkı” kimi abadlaşdırılması üçün vəsaitlər töküb. Amma bu işlərin hamısı smetalaşdırılır, sənədləşdirilir və bu məbləğ büdcədən götürülərək həmin təyinat üzrə yox, məsələn, hansısa rəisin bağ evinin, həyət-bacasının Avropa stilinə uyğun yenidən qurulmasına sərf edilir. Ya bu qəbildən olan başqa özəl təyinat üzrə itirilir.
Novruz da cərrahiyyə korpusuna gələn kimi oralara “müştəri” gözü ilə baxdı. Burada ayaqyolu və əlüzyuyan sistemi it günündəydi. Çirkabı təmizləmək mümkün deyildi, çünki xəstə dustaqlar orqanizmin bütün kalibrdən olan deşiklərindən davamlı olaraq daxili möhtəviyyat ifraz edirdilər: bərbad gündə kanalizasiya sistemi isə bu ifrazatı sulu məhlul halına salıb gündə, ən azı, bir dəfə geriyə “qusub” döşəmədə dalğalandırırdı. Sanitarlar buraları təmizləyib qurtarmağa macal tapmırdılar. Novruz bu sistemi yerli-dibli sökdürdü və yenidən qurdurdu. Sistem insanların iyrənmədən yararlana biləcəyi şəklə düşdü.
Artıq 6 ilə yaxın həbsxanada olan bankir dustaqlara xeyriyyəçilik etmək kimi davamlı vərdişə son qoymuşdu; bunu ancaq ən zəruri hallarda etmək lazım olduğunu öyrənmşdi. Bu arada “Paşa Holdinq”in “Kapitalbankı”özəlləşdirməsi prosesindən yararlanmaq istəyən bir bank işçisi də Kürdəxanıdan öd kisəsinin götürülməsi üçün xəstəxanaya gəlib çıxdı. Bu, “Kapitalbank”ın Şəmkir filialının baş mühasibi Şahin idi. Novruz peşəkar bankir və həm də peşəkar dustaq kimi ona izah edirdi ki, “hər pul istəyənə pul versən, adını ”lox" qoyarlar və bu qəbildən olan xeyriyyəçilik vərdişlərinə bir qədər ehtiyatlı yanaşmalısan..."
Şahin də maraqlı adam idi. Dünya vecinə deyildi. Onu 500 min manat mənimsəməkdə ittiham edirdilər. Amma bankın qoca, Allah bilir, 70 neçənci yaşında olan müdirəsini sorğu-suala tutmadan Şahini içəri basmışdılar. “Kapitalbank” hakim padşah ailəsinin mülkiyyətinə verilmişdi, artıq dövlət bankı deyildi və buna görə də padşahın xüsusi mülkiyyətinə xor baxmış adam kimi onu çox yüksək səviyyədə cəzalandıracaqdılar. O isə qarşıdan gələn 10-15 illik məhbəs həyatı ilə yox, öd kisəsinin taleyi ilə maraqlanırdı. Bu, sadə bir cərrahiyyə əməliyyatıdır. Burada hər həftə bir-iki nəfəri öd kisəsindən məhrum edirlər və heç birinin də başına faciəvi hadisə gəlmir. Prosesin özü də çox maraqlıdır. Öd kisəsi götürülən adam bir neçə gün sapsarı olur: meyit sarısı da yox, zəfəran sarısı kimi bir rəng alır. Sonra bulyondan-zaddan qaşıqlayıb rəngini yavaş-yavaş üstünə qaytarır. Bir həftəyə-zada da adam kimi hərəkət etməyə, danışıb gülməyə, ağlamalı bir səbəb tapsa, ağlamağa başlayır. Bircə nəfərin öd kisəsi əməliyyatından sonra öldüyünün şahidi oldum. O da öd kisəsinin “xiffət”indən deyildi, hər halda. 30-40 ilin dustağı olan qos-qoca, çəlimsiz, balaca boylu bir kişi idi. Əməliyyata girməsə də öləcəkdi, girsə də. Amma həkim vicdanı buradakı personalı məcbur etdi ki, onu əməliyyat etsinlər; bəlkə ölmədi, deyə. Amma öldü. Burada başqaları da ölürdü, onsuz da. Amma Şahinin xüsusi cidd-cəhd və qorxu ilə yanaşdığı öd kisəsi əməliyyatı gözlənilməz bir ölüm səbəbi ola bilməzdi, üstəlik, Şahin kimi 130 kiloluq bir adam üçün. O, Novruzla bir palatada - 7-ci palatada qalırdı. Mən isə 4-də. Amma bütün boş vaxtlarımı o palatada keçirirdim...

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1