Badminton dərsləri

1-07-2015, 04:54
0
Badminton dərsləri

“Avropa Oyunları bitdi” deyənlər yanılırlar. Bitib eləmir, hələ Analoqu Olmayan Oyunlar söhbəti başlayır. Dünyada belə Oyunlar olmayıb, düşmənlər paxıllığından ölür, biz böyük qələbəyə imza atmışıq və s. Uzun müddət qazanılmış medallardan danışacaqlar, ölkə bütünlüklə ağlasığmaz xərclərə başa gəlmiş idman şousuna köklənəcək. Baş-beynimiz gedəcək, hətta bu oyunları dərsliklərə də salacaqlar...
Imtahan suallarına da daxil edəcəklər. Bir də baxdınız, uşağınız birinci Avropa Oyunları barədə suala düzgün cavab vermədiyi üçün “2" alıb. Gələn ilin ən dəbdə olan inşa mövzusu da elə Avropa Oyunları olacaq...
Imtahan demişkən, heç kimin vecinə deyil buraxılış imtahanlarından “2" alanların çoxluğu, ”2" və “3" alanların əksəriyyət təşkil etməsi. Sanki əsas idmandır, əsas olan Avropa Oyunlarıdır. Sanki 17 ölkədən gəlmiş 90 əcnəbinin qatıldığı milli komandamızın uğurları hər kəsə bəs edir...
Rəsmən idmançılar tərəfindən idarə olunuruq. Ölkə başçısı və nazirlər ya keçmişdə, ya indi idman təşkilatlarına, federasiyalarına rəhbərlik edən şəxslərdir. Biri boksa baxır, biri güləşə rəhbərlik edir, biri qaçanların, o biri üzənlərin rəhbəridir. Avropa Oyunları zamanı bəlli oldu ki, rəhbərliyi olmayan bir idman növü də varmış və tezcə ona da idmandan uzaq qalan bir nazir tapdılar. Badmintondan söhbət gedir. Yer üzündə bəlkə ondan mənasız, ondan qondarma idman növü olmasa da, hələ də kiminsə badmintonla məşğul olduğunu gözümüzlə canlı görməsək də, şanlı ölkəmiz bu idmana da ürəyini geniş açdı. Nazirlərdən birini Badminton Federasıyasının rəhbəri təyin etdi. Təhsil naziri Mikayıl Cabbarovu...
Çox da simvolik bir hadisədir. Bərkgedən idman növlərini bərkgedən nazirliklərə yönəltsələr də, badminton da təhsil sektoruna uyğun gəlmişdir. O qədər əhəmiyyətli sayılmayan idman növü, o qədər əhəmiyyətli sayılmayan təhsil sahəsinə bağlanmışdır.
Bəlkə də daha gənc olan nazir Mikayıl Cabbarov badmintona analoqu olmayan bir maraq yarada bildi. Bəzi fənlərdən saatları azaltmaqla məktəblərdə ayrıca badminton dərsləri vermək olar, nəticədə bizim ölkədə badmintona maraq elə artar ki, bu idmanın nüfuzu bütün dünyada qalxmış olar. Bir halda ki, biz yeni idman standartlarını yaratmağa başlamışıq, elə badminton standartlarını da biz dünyaya diktə etmiş olarıq.
Bir ölkədə ki, təhsil nazirindən məktəblilərin niyə çoxunun “2" və ”3" olmasını soruşan yoxdur, heç olmasa ondan badmintonun durumunu sormaq qədər komik hala gəlməliyik.
Yeri gəlmişkən, bu günlərdə sosial şəbəkələrdə bir foto paylaşdım. Onu da idmansevər oxucularla bölüşmək istəyirəm.  Fotodakı qələbəliyi görürsünüz. Polis maşını da gəlmişdi. Ətraflarda bundan bir neçə dəfə çox adam vardı. Amma mitinq deyildi. Aksiya deyildi. Bunlar uşağını Bakıdakı türk liseyinə qəbul etdirmək istəyən valideynlərdir. Məktəb axtaran azərbaycanlılardır. Məktəbsiz azərbaycanlılardır.
Ümid doğrudan da badmintona qalıb. Bəlkə uşaqlar bu qərib idmanı öyrənib özlərinə bir gələcək quralar. Bəlkə badminton onlarda idmana böyük məhəbbət yarada, onlara həqiqəti anlada, onları milli-mənəvi dəyərlərə uyğun böyüdə!  
Idmanıstana xoş gəldiniz!

 

 

ŞAHVƏLƏD ÇOBANOĞLU

скачать dle 12.1