Gələnlər və gedənlər...

8-12-2015, 17:09
0
Gələnlər və gedənlər...
Nə qədər qəribə olsa da, eks-prezident M.Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi bir neçə gün siyasi gündəmi zəbt etdi. Ona görə “qəribə” deyirik ki, M.Saakaşvili artıq çoxdan Ukrayna vətəndaşlığını qəbul etmişdi...
 
Maraqlıdır ki, M.Saakaşvili özü də buna bir qədər acıqla reaksiya verdi, halbuki Gürcüstanda biz bildiyimizə görə, ikili vətəndaşlıq yoxdur. Amma gəl, bu məsələnin bütün təfərrüatı deyil. B.İvanişvili və G.Margelaşvili cütlüyü hələ də M.Saakaşvilini cəzalandırmaq arzularına “stop!” demirlər..
 
Bu məsələ təzəcə başlayanda yazmışdıq ki, hakimiyyəti elə almaq lazımdır ki, onu verən peşiman olmasın. Saakaşvilini ideallaşdırmaq fikrimiz yoxdur, amma o, dinc yolla, seçki yolu ilə hakimiyyəti verdi... 
Bundan əlavə, bu adam ölkəsində əsl qayda-qanun yaratmışdı. İndi çox yerdə cabalayırlar ki, heç olmasa, korrupsiyanı azacıq da olsa, cilovlaya bilsinlər. Saakaşvili bunun ən düzgün və optimal yolunu göstərdi: korrupsiyanı o vaxt cilovlamaq asan olur ki, birinci şəxs özü bu bəladan yüksəkdə dayansın və ona bulaşmasın...
Ümumilkdə isə Saakaşvili məsələsində Rusiyanın izini görürük. Sanki B.İvanişli dəstəsi bununla Rusiyaya öz sədaqətini nümayiş etdirmək istəyir və elə buna görə də Saakaşvilini rahat buraxmır...
Elə Saakaşvili özü də Rusiyanı dinc buraxmır. Maraqlıdır, indi rusiyalı təhlilçilər özləri yazır ki, Rusiya Suriyada Krım uğrunda vuruşur. Etiraf edirik ki, onlar bu ifadəni çox sərrast işlədiblər...
Rusiya Suriya məsələsinə qoşulandan biz də deyirik ki, onun məqsədi Krımı və Ukraynanın şərqindəki problemləri unutdurmaqdır...
Dedik ki, M.Saakaşvili indi də Rusiyaya dinclik vermir. Bəli, o, Rusiyanı ən çox dilxor edən və onunla dartışan Ukrayna siyasi hakimiyyətinin bir üzvüdür. Bunu Rusiyada yetərincə dərk edirlər. Amma bizi tamam başqa məsələ narahat edir. Keşmiş sovet ölkələrinin bir hissəsi hələ də normal siyasi sistem yaratmaqdan uzaqdır...
Normal siyasi sistem nəyə deyirik? Hakimiyyət məsələsi həmişə problemli olur, amma bu ölkələrdə o, əsl məşəqqətə çevrilir - onun badəsindən içdinsə o halda ya axıra qədər badəni əlində saxlamalısan, ya da bilməlisən ki, bu badəni əlindən buraxsan o, sənin başında sındırılacaq...
Bəli, E.Şevardnadze də Saakaşvilinin dövründə şifahi ittihamlara məruz qalır və bu adamın da barəsində hərdən qınaq dolu bəyanatlar səslənirdi. Amma tez bir zamanda buna son qoyuldu və Şevardnadze rahat buraxıldı...
Bizə elə gəlir ki, Saakaşvilinin ittihamlara məruz qalması onun nəticəsidir ki, B.İvanişvili gürcüləri aldadaraq hakimiyyəti dəyişdiyinin fərqindədir. 
Əslində bu gün Gürcüstanda çox komik siyasi vəziyyət yaranıb. Hakimiyyətin boz kardilanlı adi bir Rusiya oliqarxıdır. Hakimiyyət özü isə faktiki olaraq marionet institut rolunu oynayır. Düzdür, prezident G.Margelaşvili ilə B.İvanişvilia arasında hərdən siyasi ixtilaflar yaşanır, amma bu daha çox saray çəkişmələrini xatırladır... 
 
Qarşıdan isə parlament seçkiləri gəlir. Gürcüləri bu dəfə də aldatmaq mümkün olacaqmı? Güman ki, bu sual B.İvanişvilini daim məşğul edir...
Siyasətçilərin yalan vədlər verməsi elə də nadir bir hadisə deyil, buna hər yerdə, hətta ən demokratik ölkələrdə belə təsadüf olunur. Amma insanları bir dəfə aldatmaq olur, onlara bir dəfə yalan söyləmək olur... 
Bu da siyasətdə, lap elə oyunda olduğu kimi, köməkçi vasitələrdən biridir. B.İvanişvili artıq bir dəfə bu vasitədən yararlanıb və böyük ehtimalla növbəti dəfə onun bu imkanı olmayacaq...
Vədlər isə hələ insanların yadındadır. Onlar hər şeyi xatırlayırlar. Bəli, nə Rusiya ilə münasibətlər yoluna qoyuldu, nə də sovet dövründən qalmış zavod və fabriklər işə düşdü...
Adamlar da bunu bilirlər. Onlar növbəti parlament seçkisində nə deyəcək? Yenə də “Gürcü arzusu”nun məstedici vədlərinə inanacaqlarmı? Biz proqnoz vermək fikrində deyilik. Ən azı ona görə ki, məntiqli siyasət olmayanda onu proqnozlaşdırmaq da çətin olur...
Sadəcə, bir qədər gözləmək lazım gələcək. İndi Gürcüstanda yeni siyasi hərəkatların da işarələri görünür. Amma hakimiyyət özünün əsas opponenti kimi hələ ki, M.Saakaşvilinin “Vahid milli hərəkat”ını görür. Olsun. Elə eks- prezident özü də etiraf edir ki, onun adı ətrafındakı qalmaqallar məhz elə bununla bağlıdır-siyasi sələflərindən qorxmaq siyasətdə elə də yeni bir hadisə deyil. Amma insanlar yenilik umur...
скачать dle 12.1