Gürcüstanla Rusiya barışacaqmı?

19-12-2015, 20:29
0
Gürcüstanla Rusiya barışacaqmı?
Əslində Vladimir Putinin geniş müsahibəsindən yadda qalan məqamlar çox oldu. Amma biz qəsdən onun Türkiyə haqqında dediklərinin üstündə dayanmaq və bu xüsusda nəsə demək istəmədik. Ona görə ki, V.Putin Türkiyəyə heç nə edə bilməyəcək və bəlkə də bunu başa düşdüyündən onun isterikası gündən –günə şiddətlənir...
Müsahibədə daxili siyasətlə də bağlı çox şey vardı. V.Putinə elə gəlir ki, böhranın və sanksiyaların pik dövrü artıq arxada qalıb. Biz də buna inanmaq istərdik. Amma düşünürük ki, Rusiya prezidenti çox, olduqca çox optimistdir...
Elə bu səbəbdən diqqətimizi cəlb edən bir məsələ üstündə dayandıq. V.Putin dedi ki, onun ölkəsi Gürcüstanla viza rejimini aradan qaldırmağa hazırdır...
Gürcüstan tərəfinin reaksiyasını çox gözləmək lazım gəlmədi. Bu ölkənin baş naziri dərhal bəyan etdi ki, Rusiya prezidentinin bu bəyanatını alqışlayır...
Baş nazirin bu reaksiyası təkcə ölkənin problemlərilə bağlı deyildi. Qarşıdan parlament seçkiləri gəlir. İndiki hakimiyyət isə verdiyi vədlərin heç birinə əməl edə bilməyib - sovet dövründən qalmış zavodların işə düşməsi bir tərəfə, heç Rusiya ilə əməlli-başlı əlaqələr də qurulmayıb... 
Təbii ki, seçki zamanı gürcü elektoratı bütün bunları onlara xatırladacaq. İndi isə hər dəqiqə, hər saat qiymətlidir...
Amma biz də istərdik ki, Gürcüstanla da münasibətlər yoluna qoyulsun. Hərçənd, bu ölkənin indiki rəhbərliyinə elə bir simpatiya hiss etmirik. Bizə elə gəlir ki, M.Saakaşvilinin rəhbərlik etdiyi siyasi birliyin Gürcüstana daha çox xeyri və faydası dəyə bilərdi. Amma seçim gürcülərindir. Biz buna qarışa bilmərik...
Əslində kiçik Gürcüstanla qovğa Rusiyaya heç baş ucalığı gətirmir. Onun bir vaxt Gürcüstan paytaxtına qarşı istiqamət götürən tankları hamıda bir ironiya və istehza doğurmuşdu - sanki hamı demək istəyirdi ki, afərin, özünə yamanca rəqib tapmısan!..
Amma nə etmək olar? Rusiya belə Rusiyadır. Bəli, o zəifin, kiçiyin qənimidir, onları daha kiçik hissələrə bölməyin ustasıdır...
O vaxt Gürcüstan MDB - ni tərk etdi. Rusiya hələ də ona bu hərəkəti bağışlaya bilmir. Nə demək olar? Qoy, bağışlamasın! Təbii ki, kiçik Gürcüstan üçün Rusiya ilə əlaqələr çox vacibdir, amma Gürcüstanın öz mövcudluğundan və müstəqilliyindən vacib deyil - gürcülər Rusiyanın anadan ölü doğulan strukturuna o vaxt “yox” dedilər. Düz də etdilər...
Bir ölkə özündən kiçik bir ölkəyə nə qədər pislik edə bilərdisə, Rusiya da Gürcüstana o qədər pislik etmişdi. Necə deyərlər, qaradan tünd rəng olmur və biz bu gün də belə hesab edirik ki, MDB-dən çıxmaqla Gürcüstan düz etmişdi...
Düzdür, sonradan hər şey M.Saakaşvilinin boynuna qoyuldu. Fəqət, Ukrayna ilə Rusiyanın əlaqələrini kim pozdu? Krımın ilhaqına kim səbəb oldu? 
Ukraynanın şərqindəki problemləri kim yaratdı? Orada da Saakaşvili vardımı? 
Yox idi. Sadəcə, hər iki ölkədə daha müstəqil olmaq arzusu vardı...
N.Qoqolun məşhur əsəri var – “Taras Bulba”. Orada qoca Taras oğluna deyir ki, mən səni əkmişdim, mən də səni öldürəcəm... Sonradan bu deyim bir zərb - məsələ çevrilib Rusiyada geniş yayılmışdı. İndi sanki Rusiya da SSRİ-dən qopmuş bəzi kiçik ölkələrə də beləcə deyir: “Mən sizi əkmişəm, mən də sizi öldürəcəm!..”...
Amma bacaracaqmı? Ona qalsaydı “bacarardı”. Amma hətta Rusiya da təkbaşına deyil – dünya var, o biri ölkələr var... Rusiyanın qarşısında duran maneə çoxdur...
İndi V.Putin Türkiyə üçün deyir ki, qorxudan NATO - nun arxasında gizləndilər! Adam sanki cavab vermək istəyir ki, çox gözəl, cənab Putin, sən də qorxmayaydın, NATO-nun üstünə gedəydin!..
Amma gedə bilmədi, qorxdu! Elə ona görə də bu gün hikkəsindən, isterikadan  özünə yer tapa bilmir...
Bəli, NATO ölkələri açıq mətnlə dedilər ki, vurulmuş təyyarə onları daha da yaxınlaşdırdı. NATO Türkiyənin yanında oldu...
Elə Rusiyanın bir vaxt Tiflisə istiqamət götürən tanklarını da onlar dayandırmışdı. Yoxsa ruslar bunu unudub? Axı onların ən sevimli ifadəsi “Heç kim unudulmayıb, heç nə unudulmayıb!”dır...
Amma unutmağı da bacarmaq lazımdır. Xüsusən də umu-küsünü, inciklikləri unutmaq, daha doğrusu, unuda bilmək faydalıdır. Əks təqdirdə insan özünün yaddaşının yükü altında əzilər...
скачать dle 12.1