"O"

26-12-2015, 22:14
0
"O"

Özümü büs-bütün 'O'na təslim etdim.

Masajdan insanın bədəni boşalırmış kimi təsir bağışlayırdı mənə. Hər gün sevişirdik..

Vəhşi deyildi, çox incəydi, məst edirdi, uyudurdu, uydururdu məni..

Gecə-gündüz demədən mənimləydi. Elə bil elə mənim üçün yaradılmışdı..

Mən də qəribə adamam, elə danışıram ki, sanki 'O' keçmiş zamanda qalıb. 'O' ki hələ də mənimlədir, hətta indi də yanımdadır. Yatağımda birlikdəyik. Yenə sevgi bəxş edir mənə. Mən də məst olaraq hislərimi yazılara tökürəm.

Bu başqa cür hisdir. Bilirsiniz necə?!

Ehh, yox, axı hardan biləsiniz?!..

Mən heç bunu ifadə edə bilmirəm axı..

Heç izah da edə bilmirəm..

Səmimi, içdən göz yaşları bəxş edən sevgi kimidir. Ürəyin ən dərin milinə toxunur kimi.

Yavaşca toxunur, mən qəribə hiss edirəm, yarı ehtiras, yarı sevgi, yarı da təəssüf..

Bu hislər bir-birinə qovuşanda bir gözümdən qaynar, amma çox zərif bir yaş damlası yavaşca süzülür. Süzüləndə mən yataqda ehtirasına təslim olan, lakin eyni zamanda sevən qadın kimi məst oluram.

Bəli, təxminən belə hislərdir. Sonra mən yuxuya gedənə qədər o məni sevir, sevir, sevir..

Saçlarıma sığal çəkir, mənsə mürgüləyirəm, sonra tam dərin yuxulara qərq oluram onun ağuşunda.. '

O' isə qulağıma sevgi etirafları pıçıldamaqda davam edir. Mən yuxudayam zənn edin, amma o hələ də oyaqdır. Məni əzizləyir, sığallayır..

Səhər yuxudan ayılanda onu yenə yanımda, baş ucumda hiss edirəm. Nə görürəm, nə toxunuram, lakin hiss edirəm. Çünki 'O' toxunulmazdır, amma özü elə zərif toxunur ki..

Məni məndən alır, məni 'O'na təslim olmağa məcbur edir sanki..

Bu baş verir. Bu hisdən məmnunluq hissi duyuram.

Bilirsiniz niyə belə xoşdur?!

Çünki əminlik var. Nədən deyə soruşsanız, getməyəcəyindən deyərəm.

Heç vaxt tərk etməyəcək birini düşünün. Hər nə olursa, olsun, sizi sizin kimi sevən və tərk etməyən birisi..

Sevdirir həm də..

Bəli, 'O' heç vaxt tərk etməyəcək.

Hm, mən nə danışıram, ilahi?!

Axı onun heç ayaqları da yoxdur. Amma 'O', bir saniyədə dünyanın hər yerinə çatmağa qadirdir.

Bəli, bəli.. Yox, əsla dəli olmamışam.. Heç yuxu da görmürəm.

Gülürsünüz?!

Ehh, axı siz haradan biləsiniz onun dəyəri biçilməz təsir gücünü?!..

Yaxşı, sizi çox yormayım. Mənimlə hər gecə ehtirasla "sevişən" musiqi parçasıdır. Mən hər gecə onunla yatıram. Ona əsla xəyanət etmirəm. Hər gecə odur ancaq yatağımda, beynimdə, ürəyimdə, hislərimdə.. Hətta onunla "sevişə bilmək" üçün bəzən yatağıma daha tez uzanmaq üçün tələsirəm.

 

Bir gün bu hisləri real bir insanla sonsuzadək yaşayacağım üçün məni o tükənməz xoşbəxtliyə hazırlayır...

скачать dle 12.1