Orta əsrlərdən qonaq gəlmiş icra başçısı

17-01-2016, 02:08
0
Orta əsrlərdən qonaq gəlmiş icra başçısı

Xaqani Əliyev

[email protected]

Yəqin ki, çoxlarınız “Ivan Vasilyeviç peşəsini dəyişir” filmini seyr etmisiniz. Fantastik komediya canrında çəkilmiş bu filmin süjet xəttini keçmişlə gələcəyin ziddiyyəti təşkil edir. Mühəndis Aleksandr (Şurik)  zamanı geri çəkməklə, orta əsrlərdən tarixi şəxsiyyət, rus çarı Ivan Qroznını gələcəyə gətirir. Özünü 500 il sonra da çar kimi aparmaq istəyən Ivan Qroznının başına gəlməyən oyun qalmır. Nəhayət ona başa salırlar ki, sən keçmişdən gəlmisən, özünü sakit apar, zəmanə o zəmanə deyil, səni həbs edərlər, çar vəziyyəti anlayır və ona uyğun hərəkət etməyə başlayır. Bu filmə baxmayanların (!) yadına bizim “ Sehrli xalat” filmindəki keçmişdən gələn xan obrazını yada salmaq istəyirəm. Dünya kinemotoqrafiyasında da oxşar filmlər kifayət qədərdir. Məsələn Can Renonun baş rol oynadığı “Gəlmələr” filmi. Bu cür filmlərin əksəriyyətində keçmişdən gələnlər xeyirxah saf ürəkli qəhrəmanlar olur və müasir insanlara nümunə göstərirlər.

Yəqin ki, sosial şəbəkələrdə Cəbrayılın icra başçısı Mahmud Quliyevin bahalaşma və yaşam şərtlərinə etiraz edən kütlə ilə dialoqunu (əgər buna dialoq demək mümkündürsə – X.Ə) əks etdirən görüntüləri izləmisiniz.

Mən bir cəbrayıllı kimi fikirlərimi sonda bildirəcəm, amma bir vətəndaş kimi etiraf edim ki, bu kadrlar mənə yuxarıda misal gətirdiyim filmlərin ən qorxulusu kimi gəldi. Sanki orta əsrlərdən gələn zülmkar xan öz dəstəsi ilə gəlib, müasir insanlara divan tutur…

Yazıma başlamazdan əvvəl bildirmək istəyirəm ki, Mahmud Quliyev prezident Ilham Əliyevi əyalətdə təmsil edən nümayəndələrin haradasa tipik obrazıdır. Digər icra başçıları özlərini ondan bir qədər təmkinli və savadlı aparsalar da, sonda  işi Mahmud Quliyev kimi bitirirlər. Mahmud Quliyev isə necə başlayırsa, eləcə də qurtarır.

Bu gün Bakı şəhərində saysız hesabsız ticarət obyektləri, villaları, şadlıq evləri, toplu yaşayış kotecləri, özəl tibb müəssisələri olan icra başçısı Mahmud Quliyev Cəbrayıl işğal olunana qədər kinoprokat birliyində çalışıb. Kənd rayonunda yaşayanlar yaxşı bilir, bu o qədər də gəlirli sahə deyildi. Bu sahənin işçiləri pulu yalnız təzə hind filmlərini eyni zamanda bir neçə kənddə göstərməklə pul qazanırdılar. Məsələn “Bobbi” filmi saat 8 – də bir kənddə başlayırdı, 9  – birində. Mahmud Quliyev və dəstəsi lent qutularını bir kəndən o birinə ötürərək, əzabla qəpik quruş qazanırdılar. Maaşları da 80 – 120 manat arasında olurdu. Yəni hamı kimi o da adi bir Cəbrayıl qaçqını olub və bir dəst yorğan – döşəklə Bakıya gəlib.  Lakin “Qaçqınkom” sədri Əli Həsənovla eyni kənddən və qohum olması onun həyatında həlledici rol oynayıb. 16 ildir ki, Cəbrayılın icra başçısıdır. Bu 16 ildə ayda təxminən 1000 manat alan icra başçısının təkcə “Elmed” tibb mərkəzinin və Xətai rayonundakı şadlıq sarayının dəyəri milyonlarla ölçülür. Ona məxsus obyektləri burada sadalasaq, siyahı bir neçə köşəyə sığmaz.

Icra başçısına məxsus sayı minlərlə olan qoyun sürüləri olan fermaları Biləsüvarın qaçqınlara aid ərazilərdə yerləşir. Bir sözlə Mahmud Quliyev özünü Cəbrayılın ağası, zavallı sakinləri isə rəiyyəti hesab edir.

Cəbrayılın təyin olunan deputat da Mahmud Quliyevin yaxın qohumu və həmkəndlisi Astan Şahverdiyevdir. Ötən yazılarımdan birində yazmışdım ki, seçicilərin 70 faizi ümumiyyətlə bu şəxsi tanımır, qalan 30 faizi isə, onun adının Astan, yoxsa Aslan olduğunu bilmir (sonuncu “monitorinqi” şəxsən özüm aparmışam – X.Ə).

Cəbrayıl rayonunda digər  önəmli postlar da  Mahmud Quliyevin mənsub olduğu  tayfaya məxsusdur. Necə idarə edir, onu kadrlardan aydın gördünüz. Icra başçısı üçün güzərandan narazı insanın bir adı adı var – köpəkoğlu…

…Mən bu tayfanın hazırda vəzifədə olan və Mahmud Quliyevin yerinə real namizədlərdən biri ilə  uşaq vaxtı Sirik kəndindəki pioner düşərgəsində olmuşam. Hər ikimiz uşaq idik…

O mənə təhkim olunmuş şahmatdan itirdiyim fiquru tapmaqda  kömək edir, mən də bu zəhməti müqabilində ona 50 qəpik verirdim. Hər gün bir fiqur itirirdim.

Yalnız beş gündən sonra məlum oldu ki, fiquru o özü oğurlayır…

Bax belə, mənim əziz cəbrayıllılarım…

 

скачать dle 12.1