Milli valyuta 2 dəfə “koma” vəziyyətinə düşdü.

11-03-2016, 13:42
0
Milli valyuta 2 dəfə “koma” vəziyyətinə düşdü.

Yaxud müxalifətçilərə «agent» damğası vuranların üçqat damğası

Dəfələrlə yazmışıq ki, bu ölkədə yaxşı xəbər eşitmək nadir tapıntı sayılır. Bəli, bu ölkədə yaxşı xəbərlər “qırmızı kitab”a düşüb. Insanlar səbrsizliklə növbəti pis xəbəri gözləyirlər. Biz neqativlərə adaptasiya olunmuş adamlarıq.  Bizi təəccübləndirmək üçün fərqli neqativlər, analoqsuz pis xəbərlər lazımdı. Kiminsə intihar etməsi, hansısa məmurun biznes imperiyasının üzə çıxması, hansısa vicdanlı adamın şərlənərək həbs edilməsi, seçki qutularının topa bülletenlərlə doldurulması bizi təəccübləndirmir. Biz bu sahədə təcrübəli adamalarıq.

Son dövrlər ölkə gündəmini MTN hadisələri zəbt etdi və Eldar Mahmudovun “vurulması” bir az təəccüb yarada bilmişdi. Çünki, bu ölkədə iri məmurların işdən çıxarılması dəbdə deyil. Amma bir müddət keçdi və bu hadisə də adiləşdi. Yəni yadaşımızın arxivinə atdıq. Ardınca daha böyük hadisə baş verdi. Milli valyuta 2 dəfə “koma” vəziyyətinə düşdü və hələ də manatın “çürümə” prosesi davam edir.

Amma bütün bunlar şükürlü imiş. Sən demə, mantdan da ağır vəziyyət mövcud imiş. Belə ki, Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon”ÿnəşrinə müsahibəsindəÿAzərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib.ÿO, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunanÿvə hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib. Bu üçqat agent isə Maliyyə nazirimiz Samir Şərifov imiş. Onun dediklərindən belə məlum olur ki, Samir Şərifovun bioqrafiyası bermud üçbucağı kimi müəmmalarla doludur.

Artıq 2 gündür sosial şəbəkələr bu xəbərlə çalxalanır, insanlar hökumətdən izahat tələb edir. Amma hələ ki, hər hansı ciddi açıqlama verilməyib, hökumət müdrükcəsinə susur və sanki sıradan bir hadisə baş verir.

Məlum olur ki, dünənə qədər müxəlifət liderlərini xarici ölkələrin agenti kimi təqdim edən, “vətənə xəyanət” damğası ilə günahsız insanları həbsə atan hökumətin öz mətbəxində Ceyms Bondlar fəaliyyət göstərirmiş. Başqa vaxt “Rusiya proyekti”, “ermənipərəst”, “Qərbin agenti” şüarı ilə ölkəyə səs salanlar, bu miqyaslı hadisəyə soyuqqanlı yanaşmağa üstünlük veriblər.

Sanki sıradan bir hadisə baş verib və xüsusi təlaşa ehtiyac yoxdur. Amma söhbət dövlətə xəyanətdən gedir. Ölkənin maliyyə siyasətindən sorumlu olan adam ağlagəlməz xəyanətdə ittiham edilir. Əgər ölkənin Maliyyə naziri üçqat agentdirsə, milli valyutanın 2 dəfə devalvasiyası yüngül xəsarət sayılmalıdır.

Təhlükəsizliyə zəmanət verəmli olan nazir qatı cinayətkar çıxır, Informasiya sahəsinə cavabdeh olan nazir korrupsioner elan edilir, maliyyə sahəsindən sorumlu olan nazir üç ölkənin agenti kimi üzə çıxır.

Belə çıxır ki, bu hökumətdə Azərbaycan xalqına, dövlətə işləmək “kompramat” sayılır. Çünki, bütün iri məmurlar mənfi reputasiyaya malikdir, hamısı haqqında mənfi faktlar var.  Yəqin araşdırlılma aparılsa, daha təəccüblü nümunələrlə üz-üzə qala bilərik. Ölkədən 95 milyard dollar çıxarmağı adi hal kimi qəbul edən zehniyyət, istənilən “qabiliyyət”ə sahib ola bilər.

Siyasi rəqiblərə ləkə vurmaq üzrə ixtisaslaşmış adamlar, indi özlərin vurulmuş ləkəni təmizləsinlər. Xalqın, dövlətin agenti olanalara divan tutmusunuz, indi 3 ölkənin agenti olmaqda ittiham edilən komanda üzvünüzə tərəf çevrilin.

Yeri gəlmişkən, Maliyyə nazirliyinin sözçüsü baş verənlərə ironik münasibət bildirib. “Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!”- deyə nazirlik sözçüsü bildirib.

Bu boyda ciddi ittihama belə ironik reaksiya verməklə məsuliyyətdən yayınmaq olmaz. Samir Şərifov haqda bu ittihamları KVN-şiklər, ya da Rafael-Coşqun səsləndirməyib.  Bu ittihamlara ciddi münasibət sərgilənməli, məhkəmə müstəvisinə çıxarılmalı, insanların beynindəki suallara aydınlıq gətirilməlidir.

Bir sözlə, səbrsizliklə bu ölkəyə işləyən məmurun adının açıqlanmasını gözləyirik. Ömrünü bu xalqın, bu dövlətin yolunda şam kimi əridən məmur nümunəsi görmək istəyirik. Ən dəhşətlisi budur ki, əksəriyyət bu xəbərə dərhal inandı. Yəni vətəndaşın düçüncəsində “bəlkə yalan məlumatdı”  qənaəti yoxa çıxıb. Hökumət özünü o qədər pis şəkildə təqdim edib ki, sabah hansısa məmurun 8 qat agent çıxamsını da hamı həqiqət kimi qəbul edəcək.

Əliyev Rəsul

скачать dle 12.1