Atəşi kəsilməyən Cəbhə

11-07-2014, 19:11
0
Atəşi kəsilməyən Cəbhə

Yaxud 25 ilin 25 anında yaşanan tarixi fenomenlər haqqında nə bilirik?

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 ili tamam olacaq. Azərbaycanın yaxın tarixinin fenomeni olan bu təşkilatın 25 ilindən 25 anı necə xatırlayırıq?

1. 1988-ci ildə Heydər Əliyev başda olmaqla, Sovet generaliteti Sovet hökumətini qorumaq üçün baş sındıranda Azərbaycan Xalq Cəbhəsinin qurucuları meydanlara axışaraq, Topxanada ağacların kəsilməsinə, ekoloji fəlakətə etiraz etdilər. Azərbaycan SSR-də başlayan bu hərəkat sonradan başqa Sovet ölkələrinə nümunə oldu və böyük anti-sovet azadlıq mücadiləsi başladı.

2. 1989-cu ildə bu etirazlar Qarabağa qarşı təhlükəyə sinə gərdi və Azərbaycan Xalq Cəbhəsi yarandı. AXC yaranışından  bir neçə ay sonra bu gün də müstəqil mətbuatın yeganə nümunəsi olan “Azadlıq” qəzetini yaratdı. “Azadlıq” qəzeti sovet hökumətinə qarşı sərt mövqe tutdu və totalitarizmin informasiya blokadasını yardı.

3. 1990-cı ildə rus tanklarına sinə gərən təşkilat sıralarından onlarla şəhid verdi. Milyonlarla insanı şəhidlərin dəfninə səfərbər etdi. Azərbaycan öz mücadilə tarixinin ən ləyaqətli dövrlərindən birini yaşadı. Rusiya imperiyasının dəmir dişləri Azərbaycan Xalq Cəbhəsinin  iradəsinə ilişib çilik-çilik oldu.

4. 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin təzyiqləri ilə Azərbaycan hökuməti Müstəqillik haqqında Konstitusiya Aktını qəbul etməyə məcbur oldu. Azərbaycan dünya dövlətləri sırasına ikinci dəfə müstəqil dövlət kimi qoşuldu. Moskvada hərbi çevriliş oldu və SSRI-nin bərpasına cəhd edildi. Ona ilk və ən sərt reaksiyalardan birini Azərbaycan Xalq Cəbhəsi verdi.

5. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin təzyiqlərilə Mütəllibov hökuməti BMT-yə üzvlüklə bağlı müraciət elədi və  qəbul olundu. Dünya Azərbaycanın torpaqlarını öz müstəqil xəritəsinin tərkibində tanıdı. Azərbaycan öz həqiqətlərini dilə gətirmək üçün mühüm ali tribuna əldə etdi. Bir daha ortaya qoydu ki, müstəqillik və azadlıq mübarizəsindən geri çəkilmək fikri və niyyəti yoxdur.

6. 1992-ci ilin mayında hakimiyyətə gəldi. Həmin vaxt Şuşanın işğalını önləyə bilməyən hakimiyyət artıq süqut eləmişdi. Azərbaycan Xalq Cəbhəsi öz gəlişi ilə, itirilmiş torpaqların qırx faizindən çoxunu geri aldı. Hərbi əməliyyatlarla Laçının və Xankəndinin bir neçə kilometrliyinə kimi yaxınlaşdı. Azərbaycan Ordusu yarandı və düşmənə yerini göstərdi.

7. Əbülfəz Elçibəy - Azərbaycan Xalq Cəbhəsinin sədri ilk seçilmiş prezident oldu. Bununla da Azərbaycanda demokratiyanın 1918-ci ildə yaradılmış AXC-dən bir irs kimi yaşadığını və xalqımızın hər zaman demokratiyaya hazır olduğunu ortaya qoydu. Azərbaycanı sonradan diktaturaya çevirənlər dünyadan bu nümunəni tərs sillə kimi qəbul edirlər. Hamı “Azərbaycan demokratiyaya hazır deyil” deyən Əliyevlərə bu nümunəni göstərir.

8. Azərbaycanda ilk dəfə milli valyuta vahidi - Manat çap edilib, dövriyyəyə buraxıldı. Bu, çökmüş Sovet Ittifaqı ölkələrində çox ciddi hadisə idi. Çünki SSRI dağılandan sonra Kreml pul vahidini dəyişərək, ölkələrdə iqtisadi böhran yaratmaq istəyirdi. Amma bu, Azərbaycanda mümkün olmadı.

9. Təhsildə test islahatı aparıldı və on minlərlə kasıb övladı yuxusunda görməyə qorxduğu ixtisaslara bir manat vermədən sahib oldular. Indi Azərbaycanda böyüklü-kiçikli, vəzifə tutan on minlərlə insan həmin test üsulunun nəticəsində hüquqşünas, həkim, şərqşünas və s. ixtisaslara yiyələnib. Indi onlar müstəqil Azərbaycana xidmət edirlər.

10. Azərbaycan tarixində ən mühüm hadisə baş verdi - müstəqilliyimiz üçün böyük təhdid olan Rus qoşunları və hərbi bazaları Azərbaycandan çıxarıldı. Bu gün Ukraynanın, bir neçə il öncə Gürcüstanın yaşadığı problemlər Azərbaycanda olmadı. Çünki Rus hərbi bazaları artıq yox idi. Heç kimə sirr deyil ki, Kreml bu olaylardan qəzəb duyurdu və dünyada yüksək imicə malik AXC hakimiyyəti ilə barışa bilmirdi.

11. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə BMT- Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünü pisləyən 4 qətnamə qəbul etdi. Münaqişə  tarixində dünya ictimaiyyətindən alınmış ən böyük dəstək bu idi. Dünya tələb edirdi ki, işğalçılar geri çəkilsinlər və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

12. Ilk dəfə özəlləşməyə start verildi və bu zaman dövlət səviyyəsində bütün həssaslıqlar qorundu. Azərbaycanda iş adamları, mülkiyyət sahibləri üçün minbit şərait yaradıldı.  Inkişaf və böyümə üçün onlara lazımi dəstək verildi.

13. Azərbaycan Avroatlantik məkana doğru ən böyük addımını atdı. Qərbyönümlü xarici siyasətin əsasını qoydu. Məhz bunun nəticəsində Əliyevlər 20 ildir bu siyasi kursun təsirindən çıxa bilmirlər. Azərbaycanın gələcəyinin yolunu məhz Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti müəyyənləşdirdi. O siyasətin ki, inkişaf və perspektiv, rifah və səadət baxımından heç bir alternativi yoxdur.

14. Ilk dəfə Azərbaycan neftinin işlənməsi üçün Qərb şirkətlərilə danışıqlara başlandı. Sonradan bu danışıqları xatırlayan “dəmir ledi” Tetçer yazırdı: “Azərbaycan xalqı çətin ki, öz tarixində belə bir rəhbər görsün. O, hər sentin rəsmiləşib büdcəyə getməsi üçün saatlarla danışıq aparırdı, deyirdi ki, bu, bizim körpələrin gələcəyinin puldur”.
Bu sözlər AXC sədri, prezident Əbülfəz Elçibəy barəsində deyilib.

15. AXC 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində hərbi qiyamçılarla bir sırada durmağı özünə sığışdırmadı. Özü qiyam yolu ilə devrilsə də, özünü devirənə qarşı belə, dövlətçilik maraqlarını daha üstün tutdu, həqiqi siyasi mədəniyyət və dövlətçilik keşikçisi olduğunu ortaya qoydu.

16. AXC öz sıralarından 5000-dən çox şəhid verərək, Vətən, millət, torpaqlarımızın qorunması uğrunda ən mütəşəkkil döyüş aparmış bir təşkilat kimi də tariximizə düşdü.  Polkovnik Şirin Mirzəyev, polkovnik Eldar və Allahverdi Bağırov qardaşları, Elçin Qəmbərov və onlarla zabit cəbhəçilər bu döyüşlərin şəhidlik zirvəsinə ucaldılar.

17. 1995-ci ildə AXC rəsmən AXCP-yə çevrildi və ölkənin siyasi həyatında mübarizənin növbəti mərhələsinə qədəm qoydu. Azərbaycanda demokratiyanın, siyasi plüralizmin məhv olmaması, inkişaf etməsi üçün AXCP tarixi bir rol oynadı. Öz sıralarından on illər ərzində yüzlərlə uzun və qısa müddətli məhbuslar verdi.

18. 1998-ci ilin 12 sentyabrında AXCP böyük bir iradə göstərərək, müxalifətin meydanlara çıxmasına öncüllük etdi. Partiya liderləri meydanlarda polisin müqavimətinin yarılmasında dinc etiraza liderlik etdilər. Və bunu ancaq AXCP liderləri etdilər.

19. 2000-ci ildə Əbülfəz Elçibəyin vəfatından sonra hakimiyyətin müxtəlif parçalama ssenariləri ilə üz-üzə qalan AXCP-nin dövlət qeydiyyatı 2002-ci ildə ləğv edildi. Bu, bir neçə gün çəkdi və AXCP Heydər Əliyevi öz qərarını geri götürməyə məcbur etdi.

20. 2003-cü ildə AXCP Azərbaycan müxalifətinin birləşməsi üçün tarixi səylərini göstərdi və birlik üçün cəhdləri belə bir mərhələyə çatdı - AXCP Müsavat və AMIP arasında imzalanan sazişə bu bəndlə qoşuldu: “Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi növbəti hakimiyyətdə heç bir vəzifəyə iddia etmir”. Bu, o zaman üçün fenomenal tarixi  hadisə kimi yaddaşlarda qaldı.

21. 2005-ci ilin may ayında Bakının mərkəzində mitinq keçirilməsinə qoyulan qadağalara etiraz olaraq, minlərlə üzvü ilə paytaxtda etiraz aksiyası keçirdi və ölkədə 2003-cü ildən sonra yaradılmış faktiki fövqəladə vəziyyəti darmadağın etdi. Və müxalifətin daha bir birliyi - “Azadlıq” blokunun yaranması üçün uğurlu cəhdlər etdi. Seçkilərdə hakimiyyət aşkar şəkildə bu bloka məğlub oldu.

22. 2005-ci ilin 26 noyabrında Ilham Əliyevin özünü dünyaya demokrat və islahatçı kimi sırımaq cəhdləri, AXCP sədri Əli Kərimlinin oturaq aksiya qərarı verib sadə mitinqçilərin arasına düşməsilə yerlə bir oldu. Əli Kərimliyə qarşı da şəxsən zorakılıq edilən həmin mitinqdə onlarla insan xəsarət aldı və hakimiyyətin mahiyyəti ifşa edildi. Əli Kərimli isə öz sələfi kimi xalqın arasında oldu.

23. 2006-cı ildə AXCP öz qərargahından növbəti - 7-ci dəfə çıxarıldı. Və uzun zaman ofissiz fəaliyyət göstərdi. Həm də onu göstərdi ki, ofisinin olmaması onu həqiqi demokratiya uğrunda mübarizədən yayındıra bilməz. Azərbaycan Xalq Cəbhəsi bütün ölkəni özünə fəaliyyət məkanı seçmiş bir təşkilat kimi, bu illər ərzində gücünə güc qatdı.

24. 2010-cu ildə AXCP-Müsavat blokunun yaranması üçün əlindən gələni etdi. Bunun ardından hakimiyyət seçkiləri saxtalaşdırsa da, İctimai Palatanın yaranmasında mühüm rol oynayaraq, cəmiyyətin səfərbər olmasında əhəmiyyətli addım atdı.

25. 2013-cü ildə Milli Şuranın yaranması və onun qələbə qazanması üçün toplumun gözü qarşısında əvəzsiz xidmətlər göstərdi və öz mənafelərini güzəştə gedərək, cəmiyyətin daha  böyük birliklə səfərbər olunmasına çalışdı. 2014-cü ilin martında sonuncu - 8-ci dəfə qərargahsız qaldı. Bu dəfə hakimiyyət AXCP-nin qərargahına bomba qoyaraq partlatdı. Və sonra binanı dağıtdı. Amma AXCP bir cəbhəçi dostumuzun dediyi kimi, “qərargahları dağılan partiya” kimi tarixdə qaldı, “qərargahlarda dağılan partiya” kimi yox.

Bütün bu tarix göstərdi ki, Heydər Əliyev ermənilərlə atəşkəs elan edib, Azərbaycan xalqı ilə savaş açandan Cəbhədə bir gün də atəş kəsilmədi.

SEYMUR HƏZI

скачать dle 12.1