Azərbaycanda yaşadığımız əsrin 21-ci əsr olduğuna necə inanasan?!

30-12-2015, 10:05
0
Azərbaycanda yaşadığımız əsrin 21-ci əsr olduğuna necə inanasan?!

Yeni – 2016-cı ilin astanasındayıq. Artıq uzun zamandır, il əvəzlənəndə mən eyni cümləni yazmalı oluram: yeni il bizdə sadəcə, təqvim hadisəsidir! Sadə səbəbdən: başımıza elə işlər gəlir – gətirilir ki, adam 21-ci əsrdə yaşadığına şübhə edir. Ətrafımızda elə hadisələr baş verir, elə tiplərlə qarşılaşırıq ki, insan 2015-ci ildə yaşadığından quşqulanır.

2015-ci ildə hələ də bu ölkənin həbsxanalarında düşüncələrinə görə adamlar qurama ittihamlarla dəmir barmaqlıqlar ardında saxlanılırsa, necə 2016-cı ilə keçməkdən danışmaq mümkündür? Adamların siyasi baxışlarına, dünyagörüşlərinə görə orta çağın inkvizisiya məhkəmələrindən mahiyyət etibari ilə az qala heç nə ilə fərqlənməyən məhkəmələr qurulur, insanlar fərqli fikirlərinə görə işdən qovulur, çörəklə imtahana çəkilirsə, Azərbaycanda yaşadığımız əsrin 21-ci əsr olduğuna necə inanasan?!

Çoxluğun öz düşüncələrini özgürcə, hürküsüzcə dilə gətirə bilmədiyi, qorxu mühitində yaşadığı bir ölkədə 21-ci əsr, 2015-ci il sadəcə, təqvim faktı deyilsə, bəs nədir? Axı bu çağın adı hüquqlar və azadlıqlarla assosiasiya olunur. Əgər onların meydanı daraldılırsa, onlar tapdanırsa, onlar yox sayılırsa, təqvimin bizə 21-ci əsri, 2015-ci ili göstərməyinin hansı anlamı qalır?

21-ci əsrdə seçkiləri saxtalaşdırmaq nə deməkdir?

21-ci əsrdə fərqli düşünənləri düşmən kimi görmək nə deməkdir?

21-ci əsrdə insanlara qarşı siyasi qisas hissi ilə yaşamaq, onları linç etmək, onları “vətən xaini”, “xalq düşməni” kimi damğalamaq nə deməkdir?

21-ci əsrdə toplaşmaq azadlığının başına daş salmaq, az qala, məşhur filmdəki kimi, “iki-iki, üç-üç gəzməyi” yasaqlamaq nə deməkdir?

21-ci əsrdə Respublikanı monarxiya ilə əvəzləmək olar?

21-ci əsrdə sözün üstünə zor aparatı ilə getmək olar?

21-ci əsrdə elə bir idarəetmə yaratmaq olarmı ki, insanlar səhiyyədəki rüşvətxorluqlardan, səhlənkarlıqlardan bezib pirlərdən, türkəçarələrdən şəfa ummağa başlasın?

21-ci əsrdə elə bir idarəetmə yaratmaq olarmı ki, təhsil yox edilsin, nəticədə təhsil ocaqları seyid ocaqlarının kölgəsində qalsın?

21-ci əsrdə “şəxsiyyətiə pərəstiş” olar?

21-ci əsrdə “xalq atası”, “dahi rəhbər”, “ümummilli lider” kimi anlayışlar qəbul edilə bilərmi?

21-ci əsrdə hər kəs bir nəfərin beyni ilə düşünüb bir nəfərin ağzı ilə danışmaq məcburiyyətindədirmi?

Bunlar əlbəttə, cavabı özündə olan suallardır. Belə saysız-hesabsız sualın hələ də öz aktuallığını qoruyub-saxladığı bir ölkəni çağdaş, modern dünyanın bir parçası hesab etmək mümkün deyil.

Neftin hasilatının və qiymətinin kəskin düşməsi ilə Azərbaycanın hansı nöqtəyə gəldiyinə baxaq. Əmin olun, bu sadəcə iqtisadi böhran deyil. Bu həm də indiyədək inadla tarixin yanlış tərəfində yer almağın, hüquqi-demokratik dövlət olmamağın məntiqi yekunudur. 21-ci əsrdə ictimai rəyin yox edildiyi, ictimai nəzarətin sıradan çıxarıldığı, milli iradənin hakimiyyətin formalaşmasına heç cür yansımadığı, taleyinin sadəcə, hansısa yeraltı sərvətdən asılı olduğu bir ölkənin bundan da qat-qat ağır günlər yaşayacağına kimsənin şübhəsi olmasın.

Artıq bu sadə həqiqəti görməyin, dərk və qəbul etməyin zamanı gəlib. Azərbaycan indiyə qədərki zorakı, ədalətsiz, yağmaçı idarəetmə yöntəmləri ilə daha çətin, məşəqqətli günlərə, illər yaşamağa məhkumdur.

Anlamaq lazımdır ki, belə çətin dönəmlərdə hər hansı haqsızlıq toplumda daxili aqressiyanı, mənəvi qəzəbi, qarşılıqlı kin və nifrət duyğusunu daha da gücləndirir. Bunun partlaması isə heç kimə, başda da ölkəni ənənəvi qaydalarla idarə etməkdə israrlı olanlara yaxşı heç nə vəd etmir.

21-ci əsrin bir özəlliyi, bir məntiqəuyğunluğu da məhz budur!

***

Gün o gün olsun, yalnız kağız üzərində deyil, həqiqətən, mahiyyətcə də köhnə ildən yeni ilə keçə bilək!

Əliyev Rəsul 

скачать dle 12.1