İlham Əliyevin komandası hanı?

11-03-2014, 20:51
0
İlham Əliyevin komandası hanı?

Hakim elitada hər kəsin adı bir siyahıdan çıxırsa, buna kim aydınlıq gətirməlidir?

Yadıma “Nəsimi” filmi düşür. Yox, nə Ilham Əliyev Əmir Teymurdu, nə Səid Nursi Fəzlullah Nəimi, nə Fətullah Gülən Nəsimidir. Dövlət bəy isə, demək olar, heç ortalıqda yoxdur.  Amma maraqlı söhbətlər, sənədlər çıxır ortaya, hamı bir-birinə dair faktlar, səs yazıları qoyur ortaya. Necə deyərlər, artıq adı bir təriqətlə, dini cərəyanla çıxmayan adama pis baxmağa başlayıblar. Azərbaycan Türkiyədəki siyasi çəkişmələrin arxa cəbhəsinə çevrilib.

Ölkədə kimin adını çəkirsən, “mason” olmasa da “nurçu”dur. Bu söhbətlər nə qədər ciddidir, onu demək çətindir. Çünki su ilə südün qarışığı nə sudur nə də süd. Yağın yağ, ayranın ayranlıq olması üçün isə zaman və çalxalanma qaçılmazdır. Bu çalxalanmanın nə qədər vaxt aparacağını bilməsək də, başladığını deyə bilərik. Ətrafınızdakı səs-küyə elə də aludə olmayın - bəlkə də “qurunun oduna yanan yaş”ın göynərtiləridir. Mən isə bir islam təriqəti olan “nurçu”luğun bu dünyada məhşər tonqalı çatdığını demək istəmirəm, keçirəm mətləbə... 

Niyə Teymuru xatırladım?

Illərdir Azərbaycanda Heydər Əliyevin azərbaycançılıq ideolojisi deyilən nəsnənin təbliği gedirdi. Bəs hanı o xilaskarın bizə qoyub getdiyi yol ki, indi biz doqquz yolun qovşağında qalmışıq və toplum pərən-pərən düşüb, kim gəldi arxasınca gedir. Maraqlı müzakirələrdir - biri deyir ki, “nurçu”luq vəhabilikdən yaxşıdır, o biri deyir ki, şiəlik sünnilikdən yaxşıdır. Heç kim demir ki, kökü Azərbaycana bağlı olan bu ideya yaxşıdır. Hansı yolu izləsən, mütləq hansısa ikinci ölkədən gəldiyi iddia edilən, amma arxasında ölkələrin durduğu bir mağaraya gedib çıxırsan. Teymur demişkən, bəs hanı sizin sözünüzün qüdrəti? Bəs hanı sizin elminizin hikməti? Bəs qurduğunuz dövlətçilik sarsılmaz idi? Baxın görün hələ bir namaz qılmaq məsələsində bu ölkə neçə yerə bölünüb. Siz niyə bilmədiniz ki, Heydər Əliyevin azərbaycançılıq yolu Vircin adalarına aparır və bütün xalqın ora getməyə imkanı yoxdur? Mən dəqiq bilmirəm, bəlkə də elə “nurçuluq”, “hizmət” deyilən şəbəkələr var. Bəlkə də onlar burada şəbəkə qururlar. Ya da heç yoxdurlar, bu boyda ictimai panikanın qarşısı niyə alınmır? Bunun arxasında duran varmı? Bəlkə hansısa qeyri-müəyyən prosesə hazırlıq gedir. 

Ilham Əliyevin komandası varmı?

Təsəvvür edirsinizmi, media yazırdı: “Ilham Əliyevin komandası”, “Heydər Əliyevdən Ilham Əliyevə miras qalan komanda” bu deyimlər öz anlamını nə tez itirdi. Ramiz Mehdiyevin çətiri altında iki məmur bir-birinə agent deyir. Bəlkə, Ilham Əliyev məmurları vətənə sədaqətə çağıranda elə bunu nəzərdə tuturmuş? Bəs hanı Ilham Əliyevin komandası? Bunların ki, hamısının adı başqa-başqa siyahılardan çıxdı. Tamam, deyək ki, yalandır. O zaman bunu kim təkzib etməlidir? Yaxud da niyə təkzib edilmir, aydınlaşdırılmır? Məsələn, mən bilməli deyiləmmi ki, müdafiə nazirimiz kimin əmrini yerinə yetirir? XIN şefi kimin adından danışır? Bunu vətəndaşın bilməyə haqqı var. Yoxdursa belə şeylər, çıxın deyin ki, ay camaat, inanmayın, bu, masonların uydurmasıdır, belə təriqət-filan yoxdur. 

Şah

Şeyxlər o zaman toplumda rəy lideri olurlar ki, onun sol tərəfində sədrəzəm, sağ çiyninin yuxarısında şah oturmuş olsun. Şahın işi inandırmaq deyil, tabe etdirməkdir. Sonra gəlir yemək içmək və təsərrüfat işləri ki, onunla da sədrəzəm məşğul olur. Şeyx isə durduğu yerə görə o tabe olduqları gücün və yedikləri yeməyin sahibini ilahi kəlamlarla mədh edir, bu tandemin həyatiliyini isbatlamağa çalışır. Bir sözlə, danışmaq və hiss etmək istəyən kimsə tapılsa, onu da şeyx həll edir. Bizim ölkəmizdə şah var, sədrəzəmin vəzifəsi var, amma özü çoxdan o işləri atıb. Yəni Artur müəllimin baş nazir olmadığını demək istəyirəm. Şeyximiz isə özünün şiə olduğunu bəyanlayıb. Yəni yerdə qalanların ona dəxli yoxdur. Indi siz deyin, bu insanlar niyə başqa ölkələrdən gələn parıltılı ideyalara üz çevirməsinlər? Axı bu ölkədə hamı fizika üzrə olimpiada çempionu deyil. Əgər silahlı toqquşmalar təbliğ edən cərəyanla müqayisədə dövlətin özünün cazibəsi yoxdursa, niyə də vətəndaş hipotetik “nurçuluq”dan yana seçim etməsin? Bu sualın ətrafında düşünmək lazımdır. Məsələn, günahkar liseylərdə oxuyub, böyüyüb, yaşayıb bir dünya görüşü əxz edən uşaqda, gəncdədir, yoxsa təhsili məhv edib həmin uşağı o liseylərin qapısına qovan hökumətdə. Dünyanın ən modern təhsil sistemlərindən birini məhv edib bizi Afrika standartlarına endirənlər daha çox günahkardırlar, nəinki Afrikada gördüyü işi burda da görən adamlar. Nə deyirsiniz, bəlkə onlar Tanrıdırlar ki, adamları özlərinə bənzətməsinlər?! Bəs sizə bənzəyənlər kimlərdir? Bəs kim sizə bənzəmək istəyir? 

Mat

Başa düşmürsüz nə baş verir? Bu ölkədə Rəsulzadənin rəsmi asılan, sözü deyilən, adı çəkilən bir həqiqi ünvan qoydunuzmu ki, insanlarımız da bilsin ki, dövlətin həqiqi yolu, yolçusu kimdir. Dövlətin adından oğurluq elədiz, cinayət elədiz, talelər qaraltdız, iradələr sındırdız, ocaqlar söndürdüz, insanları məcbur elədiz ki, yaşamaq naminə başlarına çarə qılsınlar. Bu sanki zəhərli qaz buraxılmış otaqda başını pəncərədən çıxaran insanı qınamaqdır. Mat qalınacaq heç bir vəziyyət yoxdur. Sadəcə, danışmaq lazımdır. Açıq danışmaq lazımdır. Azərbaycan insanı çox sədaqətlidir. Bu söz-söhbətlər növbəti ümidsizlik dalğası olmamalıdır - biz sadəcə Ilham Əliyevdən soruşmalıyıq - kimdir sizin komandanız? Nədir sizin ideyanız? Tutaq ki, bütün bu deyilənlər yalandır. Bəs onda bu insanlar sizin timsalınızda nəyə inanırlar? Sizin onları hara aparacağınızı gözləyirlər? 

Oyun bitdisə...

Belə, bəlkə də oyun bitir. Bu da son həyəcandır. Elə isə sadəcə vətəni sevmək lazımdır. Inanc insanla Tanrı arasındaki bir yoldur. Ən doğrunu Tanrı bilir. Biz isə onu bilirik ki, heç bir həqiqi inanc insanı sevgisi ilə, sevdikləri ilə, vətəni ilə, dövləti ilə üz-üzə qoymaz. Millətimizi belə şeylərlə sınamaq kimsənin işi deyil. Amma oyun bitirsə, yaxın zamanlarda şah da piyada ilə yanaşı olacaq - düzülüşlər elə də önəmli deyil, düz olmaq önəmlidir...

SEYMUR HƏZI

скачать dle 12.1