İstirahətə getməyin, vətəndaşın görüşünə gedin

19-07-2016, 23:01
0
İstirahətə getməyin, vətəndaşın görüşünə gedin

İlham Hüseyn

Yaxud deputatlar uzun illərdi tətildə deyilmi?

Hökumətimizin vətəndaşa “diqqət” və “qayğı”sı davam edir.  Əvvəlcə maaşları 10 faiz artırıb, vətəndaşa yekə bir minnət qoydular.  Ardınca  ərzaq qiymətləri 50 faiz, suyun qiyməti 36 faiz, indi isə işığın qiyməti 16 faiz qalxdı. Bəli, başımıza vurduqları 10 faizlik artımı, 100 faizlik bahalaşmayla burnumuzdan gətirdilər.

Devalvasiyadan sonra “dollarla krediti olanlara güzəşt edin” dedik, “maliyyə intizamı pozula bilər” dedilər. “Banklar faiz dərəcələrini azaltsın” dedik, “bank xeyriyyə cəmiyyəti deyil” dedilər.

“Təhsil haqlarını aşağı salın”, “şəhid ailələrinin sığorta pulunu verin”, “dərmanları ucuzlaşdırın” çağırışı etdik, “fikirləşirik” dedilər.

Fikirləşdilər, fikirləşdilər, axırda “Formula-1″ keçirdilər, Avropa çempionatına sponsorluq etdilər, Vatikanda, Serbiyada xarabalıqları abadlaşdırdılar və s.

Yəni qərara gəldilər ki, problemlərin içində çabalayan vətəndaşa yardım etməkdənsə, əcnəbilərin könlünü xoş etmək yaxşıdır.

Həm də bütün bu israfçılıqlar “hər qəpiyin qədrini bilməliyik” şüarı altında baş verdi. Hökumət o qədər qənaət etdi ki, Ermənistanda minimum əməkhaqqı 115 dollar olduğu halda, Azərbyacanda 68 dollar oldu.

Və nəhayət, ötən gün iki mühüm hadisə baş verdi. Işıqpulu 16 faiz artırıldı və hər deputata istirahət üçün 6000 manat pul ödənildi. Bəli, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Yəni deputatlarımızın istirahətinə ən azı 750 min manat pul ayrılıb.

Əvvəla, deputatların istirahət puluna ehtiyacı yoxdur. Hətta elə deputatlar var ki, bir neçə istirahət mərkəzi var. Ən zəif deputatın da kənarda gəlir mənbəyi var.

Ikincisi, deputatın istirahəti üçün 6000 manat ayırıb, vətəndaşa 105 manat əməkhaqqı vermək “soyqırım” deməkdir.  Deməli, hökumət etiraf edir ki, normal istirahət üçün 6000 manat lazımdır. Amma vətəndaşa bundan 100 dəfə az əməkhaqqı verilir. Deməli, milyonlarla insan sürünsə də, zəruri ehtiyaclarını ödəyə bilməsə də, zəlil vəziyyətə düşsə də olar. Əsas odur ki, hökumətə vəkillik edənlər adam kimi yaşaya bilsin.

Amma bir sual adamı daha çox düşündürür… Deputatlar nə iş görüblər ki, indi də istirahət eşqinə düşüblər? Milli Məclisdə xalqın xeyrinə qərar qəbul edilib, deputatlar kredit borclarının silinməsinə, qiymətlərin aşağı salınmasına nail olublar? Ölkədən oğurlanan milyardlara görə hökumətdən izahat istəyiblər? Bu 125 adamın millətə vəkillik etməsi nədə ifadə olunub?

Avropa Məhkəməsi ard-arda qərarlar çıxarır ki, bu adamlar başqasının mandatına sahib çıxıb, xalqın səsini oğurlayıb. Illərlə başqasının əməkhaqqını alıb xərcləmək, seçicinin iradəsini zorlamaq azmış kimi, indi də istirahətə pul silirlər. Böhrandan çıxmaq üçün vətəndaşın bir qəpiyinə göz dikənlər, deputatın 6000 manatına niyə göz dikmirlər?

Niyə “qənaət” deyəndə ancaq xalqın haqqının oğurlanması, qiymətlərin qaldırılması, cərimələrin artırılması yada düşür? Hər gün 2-3 nəfər seçicinin intihar xəbəri yayılırsa, deputat hansı haqla istirahətə gedir? Niyə bu 125 adam istirahətdən imtina edib, 750 min manatı çörək tapmayan ailələrə bağışlamır? Onsuz da Milli Məclis istirahət guşəsidir, onsuz da bu ölkədə mandat gəzdirmək istirahət etmək deməkdir.

Vətəndaş normal nahar edə bilmirsə, deputat niyə 6000-lik istirahət etməlidir? Əgər böhran vaxtında da nəfsinizə sahib çıxa bilmirsizsə, hansı haqla millətə vəkillik etmək eşqinə düşürsüz?

Siz istirahətə gedirsiz, vətəndaşlar isə ölümə doğru gedir. Belə çıxır ki, işıq pulunun 16 faiz qaldırılması, deputatların işıqlı istirahəti üçündür. 9 milyon əhali zülm çəkməlidir ki, 125 deputat, nazir, komitə sədri, icra başçısı komfort həyat yaşasın.

Bir ölkədə müharibə əlilinə 100 manat, deputatın istirahətinə 6000 manat verilirsə, həmin ölkədə ədalət çürüyüb.

Bir sözlə, bu ölkədə millətə vəkillik edən adamlar olsaydı,  vətəndaş körpüyə çıxıb, zəhər içib, boynuna kəndir keçirib intihar etməzdi.

Cənablar, istirahətə getməyin, intihara hazırlaşan seçicinin görüşünə gedin. Onsuz da uzun illərdi tətil edirsiz, heç olmasa bu ağır günlərdə işə başlayın. Bəli, indi tətildən qayıtmaq vaxtıdır.

скачать dle 12.1