Nə yaxşı ki, dənizlər var…

12-12-2016, 12:17
0
Nə yaxşı ki, dənizlər var…

Zümrüd Yağmur

Qarın hər yağışı məndə kədər oyadır. Çünki bilirəm, bir azdan, çox qısa sonra təmiz, ağappaq, bütün rəssamların fırçasından təmizcə süzülən qarın məsumluğundan bir şey qalmayacaq. Hər şey amansızca çirkab və kirliliyin, vəhşi ortamın qurbanlığına çevriləcək. Bütün qurbanlıqlar qoyundan, tökülən qanlarsa qırmızı olmur. Qarın qurbanlıq rəngi də bulanıq, bozumtuldur. Kirliliyi andırır.

Əlacsızlıq o qədər pisdir ki… Əlimizi uzadıb o məsumluğu xilas edə bilməyəcək qədər pis… Hər şey cirkabın bir parçasına çevriləcək və sən yanında işıq saçan şamın işığını söndürən zalım bir əli geri itələyə, ya da insan qəlbini qəddarcasına kirlədən bir yad nəfəsi dəf edə bilmədiyin kimi, bir az əvvəl baxıb nəsə fövqəl bir şey hiss etdiyin qarın məsumluğunu da xilas edə bilməyəcəksən…
Hanı biz o çoçukluq məsumiyyətimizi qoruya bilmədiyimiz kimi…
Hərdən düşünürəm, kaş ki, ruhumuza da hər gün yuduğumuz əllərimiz qədər dəyər verə biləydik. Sonra təəssüflənməkdən vaz keçirsən, insan hər şeyin bu qədər zahirinə meyilliykən və əllərinin, geyiminin təmizliyi ilə “yaxşı” titulunu qazana bilirsə, ruhunun da təmizlənib durulanmasına niyə bu qədər vaxt, enerji sərf etsin ki?

Qarlı havada irəlilədikcə, bir az irəliləyib çənin hər şeyi görünməzliyə tabe etməsini izlədikçə bir anlığa düşünürsən, ətraf,
indi səni əhatə edən hər şey o qədər dar və balacadır, sanki dünyanın mərkəzi özünsən… O çox uzaq olmayan, əlini uzatsan toxun bilirsən duyğusu yaradan çiskin…Və sən…, üzü küləyə durub özünə qəsr edirmiş kimi üşümək istəyən sən… Əllərin, üzün, hətta gözlərini belə buz kəsir və anlaya bilmirsən ki, bu özünəqəsdin anlamı nədir?
Birdən düşüncələrini fərdi duyğu olmaqdan çıxarıb bir ölkənin halına yamamağa çalışırsan…
Düşünüsən ki, sənin özünəqəsd dediyini indi istəmədən səngərdəki əsgər edir. Sənin hər hansı qarışıq duyğu nəticəsində etdiyini indi arzu etmədən edən minlərlə qaçqın var.

Onlar üçün qarın məsumluğu yoxdur. Heç təmizliyini də görmürlr, qar onlar üçün ancaq bir şeyi ifadə edir.
Qaçqın ana üçün üşüyən övlad…
Əsgər anası üçün titrəyən əsgəri…
Şavaşdakı sevgilisinin yolunu gözləyən üçünsə özü üşüyürmüşəcəsinə əzablı bir titrərti…

Sənin özünəqəsr dediyindən utanırsan, digərlərinin hiss etdiklərini düşünəndə öz eqoizmini əzaba çevirmək çəhdi gözündən düşür.

Həm də anlayırsan ki, heç nə yoxdu… Bu ölkədə balaca, dar, amma özümüz ola biləcəyimiz mərkəz yoxdu…
Biz o yeri işğal etdirmişik.Öz acizliyimiz, cəsarətsizliyimiz və qorxumuzla… Bizim balaca dünyamız hər zorakının təcavüzünə uğrayıb və nəticədə yad törəmələr yaranıb.
Bizim bizim olacaq yerimiz qalmayıb.
Amma kaş ki, bu ölkədə dünyamızı daraldan tək şey qarın gətirdiyi çiskin olaydı. Çiskin çəkiləndə hər şey yenə böyüklüyünə qovuşacaqdı. Amma bizim ruhumuzdak çiskin dağılmır, əksinə, günü-gündən artıb qatılaşır və biz orda azmaqdan itib batmaqdan, ya da bizi gözləyəcək təhlükələrdən qorxmuruq. Niyə, çünki daha itirəcək müqəddəs, toxunulmaz heç nəyimiz yoxdu.
Biz ruhumuzun bəkarətini belə çoxdan təcavüzçülərə təslim etdik.
Və bu gün yaşadığımız ölkənin sakinləri və idarəçiləri bu təcavüzün törəmələridir.
Bu ölkədə “niyə” sualını verməyin heç bir anlamı yoxdur. Çünki cavabı əvvəldən bəlli olan tapmacalar kimidir burdakı “niyə”lər…
P.S
Bilmirəm, qar yağanda heç dənizə getdinizmi?
Bulanıq… Yenə bulanıq və təlatümlü halı ilə üsyankarcasına, amma sanki mərdcə, sevgi ilə qar dənələrinə qucaq açan dənizi seyr etməkdə nəsə başqa bir şey var. Düşünürsən, nə yaxşı ki, dənizlər var. Dənizə düşən qar dənələri kirlənmir axı…
Və bu cazibə səni də dənizə çəkir.
Kirlənməmək üçün…

скачать dle 12.1