Ölkəmizdəki “sabitlik”lə öyünəkmi?

17-02-2017, 16:22
0
Ölkəmizdəki “sabitlik”lə öyünəkmi?

İlham Hüseyn

Hökumətin nağılbazlığı davam edir. 2015-ci ilə qədər analoqsuz inkişafdan danışdılar, “bəlkə biraz yavaşlayaq” bəyanatı verdilər, milyardları havaya sovurdular və nağılın bu hissəsi bitdi. Göydən 3 alma düşməsə də, başqa nağıllara yenidən müraciət ediblər. İndi hökumətin ən “brend” nağılı “sabitlik nağılı”dı. Hökumətin ən çox istinad etdiyi, bizə minnət kimi sırımağı çalışdığı sabitlik mövzusudur.
Hər dəfə dünyadakı münaqişə ocaqlarını göz önünə gətirirlər, “əsas odur ki, ölkəmizdə sabitlik var” arqumentindən yapışırlar.
Bəs, əslində necədir? Əslində, bu ölkədə sabitlik çoxdan pozulub. Suriyada insanlar topun- tüfəngin qurbanı olur, Azərbaycanda isə biganəliyin, talançılığın, hüquqsuzluğun qurbanına çevrilirlər. Minimum əməkhaqqının 116 manat olduğu ölkədə sabitlikdən danışmaq absurddur. İnsanlar normal qidalana, müalicə oluna, təhsil ala bilmirlərsə, hansı sabitlikdən danışırıq? Bir ölkədə hər gün intihara cəhd olunursa, bir ölkənin həbsxanalarında yüzlərlə günahsız insan varsa, bir ölkədə bir ildə10000 ailə dağılıbsa, hansı sabitliklə öyünürük?
İnsanların sabaha ümidi ölübsə, arzular ürəklərdə həbs olunubsa, hansı sabitlikdən söhbət gedə bilər?
Səhiyyə öldürürsə, qidalar zəhərləndirirsə, qanunlar şah deyilsə, sabitlik bu ölkənin harasındadır?
Terrorla, silahla ölmürük, amma ehtiyaclar bataqlığında ölürük. Bu ölkədə yüzminlərlə ailənin soyuducusunda sabitlik pozulub. Minlərlə tələbənin təhsil həyatında sabitlik pozulub. Minlərlə insanın səhhətində sabitlik pozulub.
Adamların sabit şəkildə ölməsini, sabitlik adlandırmaq olarmı? Hökumət yaşatmaq haqqında düşnümür, daha yaxşı həyata qovuşdura bilmir və ən ağır vəziyyəti də “sabitlik”lə sığortalamaq istəyir. Hansı kitabda, hansı qanunda yazılıb ki, sabitliyə görə bütün pislikləri qəbul etmək lazımdır?
Təhsilin, səhiyyənin, məhkəmə sisteminin məhv edildiyi ölkədə, sabitliyin hökm sürməsi mümkünsüzdür. Bu ölkədə qeyri-sabitlik özünə o qədər yer edib ki, artıq normaya çevrilib. Ölkə vətəndaşına da bu “norma”nı sabitlik kimi təqdim edirlər. Seçki saxtakarlığı ilə, korrupiyayla, inhisarçılıqla barışan cəmiyyətə, güllə səslərinin eşidilməməsini sabitlik kimi sıramaq mümkün olur. Azərbaycanda terror hadisəsi baş vermir, amma MTN generalı etiraf edir ki, 800 nəfərin “torbasını tikib”, həbsə salıblar. Yəni, 800 ailəni başsız qoyublar, 800 insan taleyinin üstündən xətt çəkiblər, 800 ağır cinayət törədiblər. Hələ bu bir nəfərin etiraf etdiyi faktdır. Deməli. Ölkədə yüzlərlə ailə siyasi terrorun qurbanına çevrilib. Nəticə etibarilə həyatlar məhv edilibsə, sabitliyin hansı formada pozulmasının nə önəmi var?
Bu ölkədə yalnız sabit karrupsiyadan, sabit monopoliyadan, sabit saxtakarlıqdan, sabit hüquqsuzluqdan danışmaq olar.

 

скачать dle 12.1