11 aprel – Azərbaycanın RƏZALƏT günü

11-06-2018, 19:12
8 275
11 aprel – Azərbaycanın RƏZALƏT günü

Məlahət Ağacan Rübabə

YAP-ın Stiven Hokinqi olan, hakimiyyətin qara dəliklərinin əsə-əsə keşiyini çəkən Baş nazir Artur Rəsizadə martın 16-sı Milli Məclisdə ölkənin on dörd illik iqtisadi inkişafını beş dəqiqəyə şərh etdi. Xüsusi kod səsləri ilə danışan Artur Rəsizadə dedi ki, kosmosdan aldığım siqnallara görə ölkəmizdə hər sahədə nəzərə çarpacaq inkişaf müşahidə edilib. Əlil arabası yerinə köməkçisini “sürən” Stiven Hokinq, üzr istəyirəm, Artur Rəsizadə kosmosdan ölkə inkişafı haqqında doğru məlumatlar alıb. Məsələn, intihar körpüləri o qədər cəlbedici və gözəldirlər ki, göydəki ulduzlar onların üstünə düşmək üçün özlərini Yerə atmaq istəyirlər…

İnkişaf edən sosial-iqtisadi sahələrdən biri də vətəndaşlarımızın getdikcə daha söyüşkən olmalarıdır. İşsiz ata, övladına çörək ala bilməyən ana, təqaüdü ancaq dərmana çatan baba, nəvəsinə nağıl danışmağa vaxtı olmayan nənə… boynuyoğun hakimiyyət nümayəndələrinin nəslini gündə min dəfə ağır söyüşlərlə yada salıb, rahatlayırlar. Sanki ağızdan çıxan ən ağır söyüş, həmin adamın cibinə girən ən yüksək maaşdır. Əslində, ölkədə başlayan Böyük Söyüş müharibəsi hakimiyyətdəkilərə bal kimi sərf edir. Başı Böyük Söyüş müharibəsinə qarışan xalqın sərvətlərini oğurlamaq, mərd oğullarını zindanlarda çürütmək daha asan olur. Doğrudur, hakimiyyətdəkilər arada yalandan mızıldanırlar ki, söyüş söymək ayıbdır. Əgər söyüş söymək ayıbdırsa, onda niyə söyüş söyməyi sevən deputatlara, müğənnilərə, şairlərə, yazıçılara, jurnalistlərə orden–medal, ev, maşın hədiyyə verilir?! Bir ölkənin ki, gündəmdə olan şairi Elza Seyidcahandır, həmin ölkənin  prezidentliyə namizədi Zahid Oruc, Araz Əlizadə, Hafiz Hacıyev, Sərdar Məmmədov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Razi Nurullayev, əbədi prezidenti isə  İlham Əliyev olar. Əməkdar artist, modelyer-dizayner, bəstəkar, şair Elza Seyidcahan bu il mütləq deputat seçilməlidir: başındakı Milli Məclis boyda papaqlarla deputatların acgöz, zalım, pulgir üzlərini gizlədər, yazdığı şeirlər isə MM-də artıq-əskik danışanları susdurar. Məsələn, soyqırım gününə “gözəl günümüz” deyən deputatlara deyər ki, “tikim sizin ağzınızı”…

Ağır xəstələrə qulluq edən tibb bacısı Bronni Berin 2013-cü ildə yazdığı “Ölüm ayağında olanların beş böyük təəssüfü”  adlı kitabı var. Müəllif qeyd edir ki, həyatla vidalaşmağa sayılı günləri qalan xəstələrin əksəriyyəti ömürlərini yanlış yaşadıqlarından eyni cür təəssüflənirdi:

  1. Kaş ömrümü istədiyim kimi yaşamağa cəsarətim çataydı, təəssüf ki, mən başqaları istəyən bir ömür yaşadım…
  2. Elə çox işləmək lazım deyildi, təəssüf ki, sevgiyə heç vaxt ayırmadım…
  3. Mən gərək daha cəsarətli olaydım və hisslərimi açıq ifadə etməyi bacaraydım…
  4. Dostlarımla əlaqəmi saxlamalı idım, onların isti sözlərinə böyük ehtiyacım var…
  5. Çox təəssüf, sevgi xoşbəxtliyini özümə layiq bilmədim…

Maraqlıdır, daha çox var-dövlət sahibi olmaq üçün Azərbaycan tarixinə 11 Aprel rəzalətini yazmağa hazırlaşan acgözlər ömürlərinə iki-üç gün qalmış nəyə görə təəssüflənəcəklər?! Yəqin deyəcəklər ki, çox təəssüf, yadıcamdan olan tullantıma xəzinə sandığı qoya bilmədim…

скачать dle 12.1