“GÜP” lərin KTMT çağırışı

3-09-2018, 16:22
12 074
“GÜP” lərin KTMT çağırışı

İlham Hüseyn

Son günlər Azərbaycanın KTMT-yə girməsini əsaslandırmağa çalışanlar peyda olub. Bütün şüurlu həyatını “girib-çıxmağa” həsr etmiş adamların Azərbaycanı Rusiyanın NATO-suna pərçim etmək istəməsi təbiidir. Çünki belələrinin qürur hissi, dövlət təəssübkeşliyi, xalq sevgisi olmur. Belələri yuxarıdan gələn sifarişlə ən müqəddəs şeyləri də ən qeyri-münasib yerlərə yerləşdirməyə hazırdılar. Mən bu adamlara “GÜP” (Girmək Üzrə Peşəkarlar) adı verirəm.
İndi bu GÜP-lər əsaslandırmağa çalışırlar ki, Azərbaycan KTMT-yə qoşulsa, Qarabağ özü bizə doğru addımlayacaq. Mən KTMT-yə qoşulmağın mənasızlığını uzun-uzadı xırdalayıb, məsələyə siyasi qiymət vermək fikrində deyiləm.
Sadəcə olaraq dəyərli xalqımızın diqqətinə bir neə məqamı çatdırmaq istəyirəm.
Məsələ bundadır ki, normal hökumət rejiminə keçməyən, bütün dəyərlərdən imtina edən, ölkəyə qazanc mənbəyi kimi baxan zehniyyətin hara girməsinin önəmi yoxdur. Yəni, hökumət talançılıq libasından çıxıb, normal idarəçilik libasına girməyibsə, kTMT-yə girməklə Qarabağı işğaldan azad edə bilməz.
İkincisi, dövlətin mənafeyini düşünən hökumət KTMT-dən əvvəl ÜTT-yə girərdi. Hansıki, hökumətin təzim etdiyi Rusiya da ÜTT-yə qoşulub. Yəni, ÜTT-yə üzv olmağa Rusiya da etiraz edə bilməz. Amma monopoliyanı, korrupsiyanı, saxtakarlığı idarəçilik ənənəsinə çevirən rejim üçün ÜTT-yə üzvlük maraqlı deyil. Mən hələ Avropa Birliyindən, Qərb təşkilatlarından danışmıram.
Dəyərli vətəndaşlar, bu girib-çıxmaq üzrə mütəxəssislərin KTMT təbliğatını ciddiyə almayın. Bütün bu təbliğatın məqsədi hakimiyyət kürsüsünü qoruyub saxlamaq, demokratik dünyanı şantaj etmək, vətəndaşı daha da kölələşdirməkdir.
Adama deyərlər ki, Rusiya sənin müttəfiqindirsə, KTMT-yə daxil olmazdan əvvəl 3-4 rayonu jest edərək, geri qaytarsın.
Amma bizim xalq olaraq girməli olduğumuz bir yer var. Biz hamılıqla biganəlikdən, susqunluqdan, inamsızlıqdan, ümidsizlikdən çıxıb, mübarizə meydanına, aktiv vətəndaşlıq fazasına girməliyik.
Avropa Birliyindən, ATƏT-dən, NATO-dan, KTMT-dən daha mühüm təşkilat XALQ Təşkilatıdır. Biz Qarbağı azad etmək üçün də, normal yaşamaq üçün də xalq olaraq təşkilatlanmalıyıq. Birdə ki, son illər saysız-hesabsız qurumlar yaradılıb. Dayanıqlı İnkişaf Şurası, Apellyasiya Şurası, Maliyyə Bazarlarına Nəzarət Komitəsi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və.s Ölkə daxilində yaradılan bu qurumlar müsbətə doğru nəyi dəyişib? Əlbəttə, heç nəyi. Xarici siyasətdə də atılan addımlar daxili siyasətin davamıdır. İmitasiyadır, uğursuzluğun maskalanmasıdır, xalqı qürursuzluğa sürükləməkdir.
Bir sözlə, bu GÜP-lərin KTMT nağılından sonra da göydən 3 alma düşən deyil.

скачать dle 12.1