Vladimir Putinın Azərbaycanda ən çox ziyarət etdiyi YERlər…

8-10-2018, 18:33
14 169
Vladimir Putinın Azərbaycanda ən çox ziyarət etdiyi YERlər…

Məlahət Ağacan Rübabə

Milli Məclisin payız sessiyasının ilk iclası oktyabrın 1-i keçirildi. Necə deyərlər, payız gəldi, uçdu gəldi deputatlar. Doğrusu, Azərbaycana payız hələ gəlməyib, Günəş söz verib ki, Ayla birlikdə camaatın ağır vəziyyətini nəzərə alacaqlar: gündüzlər havalar çox isti, gecələr isə çox işıqlı olacaq. Günəş və Ayın hesabına elektrikə, qaza qənaət edib, hər gün çörək almaq mümkün olacaq. Arada yağış, qar yağanda qorxmaq lazım deyil, elə hadisələr təbiətin rüşvətxor məmurların üzünə tüpürməsidir, amma insanların qarğışından islanmış deputatlara təbiətin qarı, yağışı təsir etməz. Onlar payızqış və yaz aylarında camaatın başına qanunlar toxuyub, yayda isə istirahətə gedirlər. Deputatlar kef edir, camaat da ilboyu onların yazdıqları “qanunlar toru”nda vurnuxur: yolu keçəndə cərimə, siqaret çəkəndə cərimə, telefonla danışanda cərimə…

2010-cu ilin fevral ayında deputat Qüdrət Həsənquliyev deyirdi ki, “manyak kişiləri axtalamaq” qanunu toxuyaq. 2018-ci ilin may ayında isə dedi ki, düşünürəm deputatlar 8 min manat maaş almalıdır, çünki cavanların Ledi Qaqa, yaşlı deputatların isə “Viaqra” almağa pulları çatmır…

Doğru deyir, deputatların maaşı mütləq artmalıdır, 10 milyona yaxın vətəndaşın qarğışından salamat qurtulmaq  üçün sədəqə paylamağa pulları qalmır axı… Prezidentin də maaşı qalxsın, Qafqaz müsəlmanlarının 12-ci Şeyxülislamı demişkən, sədəqəni maaşdan verəndə nəzir qəbul olur, rüşvətdən verəndə yox. “Halal” maaşınıza mələməmiş məmur kəssinlər…

Təzəlikcə saytlar yazıb ki, deputat Aydın Mirzəzadə “Azərbaycanda işsizlik deyə bir problem qalmayıb” deyib. Məncə, saytlar deputatı səhv başa düşüblər. Yəqin millətin vəkili “Azərbaycanda dişsizlik deyə bir problem qalmayıb” deyib. Axı indi hara baxırsan diş, protez düzəltmə budkaları ilə doludur, diş həkimləri yoldan keçəni tutub basırlar budkaya ki, gəl dişlərini düzəldim, hissə-hissə verərsən. Qarın boş olandan sonra, dişin varlığının və ya yoxluğunun nə anlamı var? Afrikada aclıqdan ölənlərin hamsının dişləri, ağappaq, cağbacağ yerində olur…

Bu yaxınlarda Rusiyadan qonaqlarımız gəlmişdi, onları gəzməyə aparanda dedilər ki, bizi əvvəlcə Nikulinin yıxıldığı yerə apar. Açığı,  “Brilyant əl” filmindəki “Nikulinin yıxıldığı yer” mənim üçün heç vaxt maraqlı  olmayıb. Mənə elə gəlirdi ki, məşhur aktyorun yıxıldığı yerdə bizdən başqa heç kim olmaz, olsa da Rusiyadan gələn qonaqlar olar. Amma İçərişəhərdəki “ Çert poberi”yə  çatmamış yekə-yekə kişilərin qaçıb yerə yıxılaraq selfi çəkdiklərini görəndə heyrətdən “lənət şeytana” dedim. Ərəb azərbaycanlıya, azərbaycanlı rusa qarışmışdı. Yıxılanda kimi “çert poberi”, kimi “ell lahnatu”, kimi də “lənət şeytana” deyirdi…

Qonaqlar Nikulinin yıxıldığı yeri görəndən sonra onlara dedim ki, indi gəlin sizi Azərbaycan xalqının yıxıldığı YERə aparım. Onları Milli Məclisin qabağına gətirdim. Dedim ki, burda 125 nəfər sayəsində doqquz milyonu yerə elə yıxıblar ki, illərdir ayağa qalxa bilmirlər…

Maraqlıdır, ölkəmizə gəlməyi su yoluna döndərən Rusiya prezidenti Vladimir Putin Azərbaycana gələndə  Nikulinin yıxıldığı yeri ziyarət edir? Nəyinə lazımdır, o, Azərbaycan xalqının yıxıldığı YERləri ziyarət etməkdən zövq alır…

скачать dle 12.1