Yoldakı və hakimiyyətdəki qəza

9-10-2018, 17:41
14 660
Yoldakı və hakimiyyətdəki qəza

Şahvələd Çobanoğlu

Dünən avtobus qatarla toqquşub,  o günsə qatar  relsdən – yolundan çıxmışdı.  Qatarlarla bağlı məsələ asanlıqla diqqətdən yayındırıldı, hansısa əl də işləyir belə hallarda, amma ən başlıcası, qatarlara diqqət məsuliyyəti hökumətin üzərinə gətirir deyə, yenə də kökündən döndü müzakirə hədəfi.

Avtobuslardan isə bir qədər danışmaq olar. Özəldir axı – özlərinin olsa belə.  Sonuc bu oldu ki, marşrutun xətti, maşınları özəl şirkətindir, sürücü isə narkoman imiş.

Yəni hökumətlik heç nə yoxdur. Böyük bir olayda məsuliyyət iki fəhlənin, yaxud qarovulçunun üzərinə atıldığı kimi…

Narkoman – yəni işə yaramayan, işi bacarmayan, işə alınması təhlükəli olan adam niyə avtobusu sürməlidir? Bu ki hökumətin vəzifələrinə aiddir. Maşının yararlı olmasını da, maşını idarə edənin də yararlı olmasını da hökumət təmin etməlidir.

Ümumiyyətlə, yol qəzaları ilə bağlı hökumətə sərf edən göydəndüşmə şərait yaranıb. Ağıllı-başlı, oxumuş, dünya görmüş adamlar da birdən deyir ki, trafik canavarı adamları qırır.

Ax, səni trafik canavarı! Yaxşıca köməyə çatırsan və yol-nəqliyyat hadisələrinə YOL açan səbəbləri unutdurursan. Yanlış idarəçilik, hüquqi məsuliyyətsizlik, korrupsiya, avtomobillərin texniki vəziyyətinə və sürücülərin yetənəyinə nəzarətsizlik, sürücülük təhsilinin rüşvətə uğraması, yol-hərəkət nişanlarının azlığı, yolların, yol birləşmələrinin və keçidlərinin riskli olması, qanunvericilik problemləri, DYP əməkdaşlarının rüşvətxorluğu və məsuliyyətsiz işi ( avtomobil qovmaları, qaydaları istədikləri vaxt pozmaları, avtomobilləri əlverişsiz yerdə saxlamaları) və bu kimi digər səbəblər heç nədir. Əsas günahkar hamıdan gizlənən trafik canavarıdır.

Əslində, hamı da gözəl başa düşər ki, yuxarıdakı səbəblər və ədalətli məhkəmə sisteminin qurulmaması,  polis və digər dövlət orqanlarındakı özbaşınalıq, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin olmaması kimi köklü səbəblər qəzaların qapısıdır.

Buna rəğmən, yenə də kimsə deyir ki, qəza hər yerdə var.

Var, amma bu qədərmi, bu səbəbdənmi?

Var, amma bunu azaltmaq istəyən, yox edən hökumət də var.

Bəli, inanın, şübhə etməyin, bir çox ölkələrdə məhz hökumətlərin səyləri nəticəsində yol-nəqliyyat hadisələri və bu zaman ölüm hadisələri hədsiz azaldılıb.

Dünya Sağlıq Təşkilatının hazırladığı “European facts and the Global status report on road safety 2015”  hesabatına görə, yol-nəqliyyat hadisələri zamanı əhalinin 1000 nəfərinə düşən ölüm hallarına görə Azərbaycan orta Avropa göstəricindən də aşağıda yer tutur. İsveç və Böyük Britaniyada bu göstərici 3 olduğu halda, Azərbaycanda 10-dan çox olub. Üstəlik, həmin ildə bu ölkələrdə 1000 nəfərə 450-dən çox, Azərbaycanda isə 100-dən də az avtomobil düşüb.

Göstəricilər indi də köklü dəyişməyib, dəyişənə də hökumət statistika oyunları ilə nail olur. Məsələn, yalnız yol-nəqliyyat olayı günü və yaxın günlərində olan ölüm nəzərə alınır. Avropada isə olayda xəsarət alanların durumu ilboyu izlənilir, sonra bu səbəbdən baş verən ölüm halları da nəzərə alınır.

Təkcə göstəricilər yox, yanaşma da dəyişməyib. Səbəb yenə də trafik canavarı, sürücünün halı sayılır.

скачать dle 12.1