Bir nömrəli ev tapşırığımız

6-11-2018, 16:28
14 993
Bir nömrəli ev tapşırığımız

Natiq Güləhmədoğlu

Allah ölənlərinizə rəhmət etsin, rəhmətlik atam məni televizora həsrət qoymuşdu. Nə vaxt televizorun qabağında görürdü, bir sözü vardı: Nəyə baxırsan?
Deyirdim, filan şeyə, maraqlıdı.
Deyərdi, ay bala o maraqlı şey qurtaracaq, başqa maraqlısı başlayacaq, ondan sonra isə daha maraqlıdı. Dur get kitab-dəftərlə, dərsinlə məşğul ol. Çünki dərsi həmişə öyrənmək imkanın olmayacaq, amma televizorda həmişə maraqlı veriliş tapmaq, izləmək olur.

O zaman buna çox hiddətlənərdim, ancaq zaman onu haqlı çıxardı. Demirəm elmin zirvələrin fəth etdim, amma o zaman məni televizorun qabağından tez-tez qovmasaydı, indiki ilə müqayisədə azı 42 dəfə daha çox cahil olacağıma şübhəm qalmayıb. Bunu ailə hekayəmi sizlə bölüşmək üçün yazmadım, qəsdim başqadır.

Diqqət edirəm, bizim çoxumuz “qaçan iş”lə, “duran iş”in yerini tez-tez səhv salırıq. Bizim çox ağır və görülməsi vacib olan işlərimiz var. Ölkəmiz gözümüz görə-görə batır, insanlarımız əcalsızlıqsdan boğulur, sosial ədalətsizlik, haqsızlıq baş alıb gedir, harın bir qrup milyonlarla insanı kölə yerinə qoyub, insanlarımızın ciddi səhiyyət, təhsil, müdafiə problemləri var. Bütün bunlar bizim edəcəyimiz, gecikdirsək ağırlaşacaq dərslərdir. Ancaq, bu problemləri yaradan adamlar-hakimiyyət bizim diqqətimizi dərsdən, vacib tapşırıqlardan yayındırmaq üçün hər gün, hər saat onlarla gicbəsər meymunluqlar düşünüb dövriyyə buraxır.

Onların bizi məşğul edir. Özümüzdən ixtiyarsız, oturub hakimiyyətin başımızı qatmaq üçün düşündüyü, ərsə gətirdiyi şeylərə göz zilləyirik, onları günlərlə saatlarla müzakirə edirik. Bir səydaşın müzakirəsi bitər bitməz, təzə biri salofanı açılmamış qarşımıza çıxır. Vaxtsa gedir, bizi yoran problem isə yerində qalır, daha da möhkəmlənir. Beləliklə əzablarımız da daha çox artır.

Ona görə, dostlar, səydaşlara, meymunluq edib gündəmi zəbt edənlərrə gülsək də, onları hansısa formada müzakirə etsək də, hər an beynimizdə tutmalıyıq, unutmamalıyıq ki bizim ölkə əsarətdədir; biz yalançı və talançılardan canımızı qurtarmalıyıq. Ölkənin sərvətlərinə görməmişcəsinə qənim kəsilən adamları pəhrizə vadar etmək barədə nəsə etməliyik. Bu bizim əsas dərsimiz, bir nömrəli ev tapşırığımızdır.

скачать dle 12.1