Əli Kərimlinin zindan qələbəsi

20-11-2018, 18:22
13 710
Əli Kərimlinin zindan qələbəsi

İlham Hüseyn

Bizim taleyimizə təsəvvür etmək istəmədiyimiz günlər yazıldı. Bizim ölkəmizdə görmək istəmədiklərimiz meydan suladı. Amma bir həqiqət də var ki, bizim ölkəmiz tarix üçün nümunə olacaq, bütün dövrlər üçün dərsliyə çevriləcək faktlarla da zəngindir. Məsələn, sərt avtoritar idarəçiliyə əliyalın meydan oxumağın, onilliklərlə zalımın qarşısında təslim olmamağın, ölümə, zindana gülə-gelə getməyin nümunələri var.
Kimin nə deməsindən, kimin nə yazmasından asılı olmayaraq, çeşidli şər-böhtanlara, aramsız çamurlara baxmayaraq, Əli Kərimli mənəvi qələbəni əldə etmiş, mübarizəsiylə simvollaşmış adamdı. Əslində, Əli Kərimli həm də bəxtəvər adamdı. Tam səmimiyyətlə deyirəm ki, ona bəxtəvərçilik vermək olar. O, yarım əsrdən çoxdur ki dünyadadır. Amma əsrlərə sığmayacaq ömür yaşayıb. Onunla bağlı qərarın nə olacağını bilmirəm. Amma onu bilirəm ki, Əli Kərimli zindanda da qələbə qazanacaq, zindana da qalib gələcək şəxsiyyətdir.
Ona qarşı uzun müddətdir ki, saysız-hesabsız böhtanlar yağdırırlar. Amma sonunda əlində qərənfil, Şəhidlər Xiyabanına getmək “cinayət”inə görə həbs etdilər. Bəli, cibindən tank əleyhinə qumbara çıxaranlar, əlindən şəhid məzarına qoyulacaq qərənfil almaq məcburiyyətində qaldılar. Əslində, Əli Kərimlinin həbsi onun günahsızlığnın etirafı oldu. Etiraf etdilər ki, 25 illik ittihamların əsası yox imiş və onu şərəfli tarixi qeyd etdiyinə görə, şəhid məzarına gül qoymaq istədiyi üçün həbs edirlər.
Bəli, zalımın əsəbləri elə məqamda partladı ki, bu partlayış Əli Kərimlinin böyüklüyünə “salyut” oldu.
Əli Kərimlinin qoluna qandal vura bilərlər. Amma onun qolumdakı qandal azadlıq bilərziyidi. Və yüzlərlə cəbhəçi bu bilərziyə sahib olmaqdan qürur duyur.
Ölkənin ən kiçik adamları, ölkənin ən böyük adamlarından birinin qarşısında kiçildi. Əli Kərimli həbsiylə növbəti raundu qələbəylə başa vurdu.
Ən maraqlısı bilirsiz nədir? Liderin həbsi məyusluq, ruh düşkünlüyü, səngərdən geriyə çəkilmək zərurəti yaratmır. Əksinə, yüzlərlə cəbhəçi daha böyük fədakarlıq göstərmək üçün qərar gözləyir. Daha doğrusu liderin həbsi, cəbhəçilərin gözündə zindanı kiçildir. İndi cəbhəçilərin gözündə bütün zindanlar Əli Kərimliyə oxşayır. Əsgər komandirinə oxşayan zindandan qorxarmı?
Və nəhayət, biz liderimizin həbsdə olmasından yox, vətənimizin qolu qandallı olmasından narahatıq. Çünki Əli Kərimli əyninə kəfən geyib gəzməyi həyat formuluna çevirib. O, brend kostyumlar dəyişməyin həvəskarı olmayıb ki.
Ey bəxtəvər adam, camaatı korrupsiya cinayətinə görə, saxtakarlığa görə tuturlar, səni isə Dirçəliş günündə şəhidləri ziyarət etmək istədiyinə görə.
Sənin ən böyük “cinayət”in də budur.
Cinayətin mübarəkdir, bəy!

скачать dle 12.1