Uğur göstəricisi

6-05-2019, 18:31
13 724
Uğur göstəricisi

İlham Hüseyn

Yaxud, kimin əlində nə var?

Bu ölkədəki real vəziyyət hamıya bəllidir. Bu ölkədə mübarizə aparmağın çətinliyi də hamıya bəllidir. Rejimə qarşı həqiqi mübarizə aparanların üzləşdiyi məşəqqətlər, təkcə özlərinin deyil, yaxınlarının da hədəf seçilməsi, bu adamların işindən, karyerasından, azadlığından məhrum olması, rejimin təhqirlərinə, şər- böhtanlarına tuş gəlməsi də danılmaz reallıqdır. Amma bütün bu məhrumiyyətlərdən sonra dik dayanmağın, zərrə qədər geri çəkilməməyin, peşiman olmamağın da yüzlərlə nümunəsi var. Ən əsası isə, bu qədər basqılardan sonra təşkilatlanmağı, güclənməyi, rejimə başağrısı olmağı bacarırlar və tarix üçün də təəccüblü olan tarix yazırlar.
Belə bir məqamda özünü “alternativ”, “kreativ”, “intellekt dağarcığı” hesab edən biri irəli gəlib, “uğur göstəricisi” təqdim edir. Sən demə, bahalı maşın, plazma televizor, hər il ailəylə xaricdə istirahət edə bilmək, öz sahəndə uğur qazanmağın göstəricisi imiş. Mən vaxtilə Əli Kərimlinin yanında olub, indi bu “uğur”ların kolleksiyasını yığmış xeyli adam tanıyıram. Yəni, özünə və dava yoldaşlarına xəyanət edib, “uğur bağı”na girən adamlar çoxdur. Yaxud, bu ölkənin sərvətlərini talan edib, milyardlarla rəqs eləyən xeyli adam tanıyıram və bu adamlar da sahib olduqlarına görə özlərini uğurlu adam hesab edirlər. Amma cəmiyyətin bu adamlara münasibəti, bu adamların cəmiyyətdəki nüfuzu göstərir ki, çox uğursuz, rüsvayçı həyat yaşayıblar.
Demək istəyirəm ki, bugün mübarizənin önündə olan adamlar üçün belə “uğur”lara imza atmaq çox asan məsələdir. Təkcə, “niyə də ki, yox” deməklə, Əli Kərimlini, mitinqləri hədəf seçməklə xeyli “uğur” əldə etmək olar.

Image may contain: one or more people, crowd and outdoor

Kimisi xaricdə istirahət edir, kimisinin xarici pasportu yoxdur. Kimisi mərkəzdə qərargah sahibi olur, kimisinin şəhərdən kənarda ev kirayələmək şansı yoxdur. Kimisi QHT fəaliyyəti göstərir, kimisinə metronun qarşısında limon satmaq da qadağan edilib. Yəni, cəbhəçilərə olan basqı sizlərə yönəlsəydi, bu “uğur”lara ancaq kinolarda baxa bilərdiz.
Mənim üçün bu ölkədə öz sahəsində uğur qazanmış adamlar Cəbhəçilərdi. Çıxdığı yola sədaqət göstərən, prinsiplərinə xəyanət etməyən, iradəsi nəfsinə qalib gələn, bütün maddi çətinliklərə sinə gərən, yalnız əqidəsinə görə alqışlanan Cəbhəçilər. Bir cəbhəçi gəncin sahib olduğu rəğbətə, 50 ölkədə villası olanlar sahib deyillər. Biz Rüfət Səfərov kimi vəzifədən imtina edənlərə , Seymur Həzi kimi zindanlara meydan oxuyanlara, Tale Bağırzadə kimi işgəncələrə gülə-gülə reaksiya verənlərə və bu kimi onlarla nümunə yaradanlara uğurlu adam kimi baxırıq.
Nəhayət, bu “kreativ” sevincək olub və bizim əlimizdəkinin möhür deyil, başqa şey olduğunu bildirir. Əlbəttə haqlıdır, bizim əlimizdəki nə möhürdü, nə bahalı maşın açarıdı, nə də plazma televizorun pultu. Bizim əlimizdəki həqiqətdi, xalqı təmənnasız sevməkdi, nala-mıxa vurmadan savaşmaqdı, əqidədi, mənəvi dəyərlərdi.
Həmişə olduğu kimi bu dəfə də zaman kimin əlində nə olduğunu açıb göstərir.
İşsiz, pulsuz, evsiz, istirahətsiz, plazma televizorsuz olan bütün cəbhəçiləri, bu mənəvi zənginliyə, misilsiz uğura görə təbrik edirəm.

скачать dle 12.1