Heydər Əliyev Azərbaycanın məğlubiyyətidir

10-06-2019, 17:25
12 596
Heydər Əliyev Azərbaycanın məğlubiyyətidir

H. Əliyev Azərbaycan Respublikasının məğlubiyyətidir. Onu əvəzedilməz, “ümummilli” lider kimi tanımaq uğursuzluğumuzun yalandan möhtəşəmlik libasına bürünməsidir. Güclü dövlətin, dövlətçiliyin necəliyindən xəbərsiz kimi özümüzü göstərməyək. Hamı H. Əliyevin Ölkəyə heç nə verə bilmədiyindən halıdır. H. Əliyevlə kifayətlənmək millət kimi siyasətdə ünvansız və ad-sansız qalmağımız deməkdir. Azərbaycan xalqı özünü böyüklüyə aparan ünvan istəyində, ad istəyində! Ata-oğul-gəlin idarəçiliyi isə buna qadir deyil! Bunlar üçün 26 il utanmağa bəs etmir? Axı, nə qədər nəticə verməyən hakimiyyətlərinə haqq qazandırmalıdırlar? Azərbaycan siyasətində dövlətçiliyimizə yanaşma tərzinə baxın! Nə bilim, filankəs torpaq bağışladı, çünki başqa yolu yoxuydu. Bəhmənkəs torpağı işğaldan xilas edə bilmədi, çünki mümkün deyildi və.s. Bir sözlə, Ölkəmizi “çünki”lərdə batırırıq. Azərbaycanın siyasətdəki “təriqət” savaşları içində can verməsi gerçək! Bu günki siyasi həyatda nə qədər “təriqət” sahibləri varmış? “Təriqət”ləşib siyasətimiz! Vətən qalıb qıraqda, əksəriyyət “təriqət” sahiblərinə səcdə edir. Vətən “daş tərəzi” də “təriqət” sahibləri qədər gələ bilmir və ya “təriqət” sahibləri Vətəndən üstündür. Eləcə, elmdən də , ədəbiyyatdan da, sənətdən də üstün elmdə-ədəbiyyatda-sənətdə”təriqət” sahibləri var. Heç kim bu təriqət sahiblərindən daha dərin, daha dolğun görünə bilməz! Budur gerçək durumumuz! Mifləşmiş, mifləşmiş qədər də bərkimiş, daşlaşmış bu düşüncəylə heçləşir Vətən. Heçləşir elmimiz, ədəbiyyatımız, sənətimiz. Ölkədə “həqiqət” birinci olmamaqdır! Bu həqiqətə hamı əməl etməlidir. Yəni bütün sahələrdə hamı birincinin boyundan xırda görünməlidir. Filankəsdən, bəhmənkəsdən bir də doğulmayacaq nəqəratı Azərbaycan xalqına qarğışdır. Ölkədə belə bir eyforiyaya, belə bir aldanışa son verilməlidir. “Bir də doğulmayacaq” insanlar Azərbaycan xalqına örnək göstərilə bilməz! Bütün sahələrdəki “təriqət”çiliyə son qoyulmalıdır! Primitivləşməyək, dayazlığımızda batmayaq. Gəlin, həqiqətçi olaq! Respublika tarixində ümummilli lider parametrlərinə uyğun gələn şəxs yoxdur! Bu gün Xalqa məcburi surətdə H. Əliyevi öndər kimi göstərənlər, axı, O, Azərbaycan Respublikasına məğlubiyyətlərlə dolu acı bir həyat yaşadıb. Gəlin, H. Əliyevə 100 metrlik abidə qaldıraq, nə dəyişəcək? Deyin, bu heykəl hansı problemin həlli olacaq? Xalq bu heykəllə hansı çarəsizliyini həll edə biləcək? Bəlkə Respublikamızda illərin heykəl “mövsüm”ünə son qoyaq? Axı, müasirliklə səslənməyən abidələrə nə ehtiyac? Harda gəldi qoyulan, qaldırılan, sənəti ifadə etməyən heykəllər bolluğunu yaşayır Vətən! Heykəltəraşlıq göz oxşayan incəsənət nümunəsi olmalıdır. İndi müasir əsrdir. Təsviri incəsənət növü olan heykəltəraşlıq bu günki insanlara adi gəlməməlidir. Abidələrin qeyri adiliyi ilə dünyanı heyrətə gətirəcək bir zamanda yaşayırıq. Ölkəmizdə isə təkrarçılıq baş alıb gedir. Heykəltəraşlıq sənətimiz keçən əsrin 30-cu illərində qalıb. Turizmin inkişafında futbol, formula oyunlarını vacib bilənlər, bəs, təsviri sənəti də vacib bilin də! Məsələn, ABŞ-ın Texas şəhərində “Mustanq atları” abidəsi var. Bu abidə Texasın simasıdır. Məhz bu abidəni görmək üçün həmin şəhərə insanlar axın edir. Eləcə də, Qətərdə dünyanı kiçik bir lentlə əlində saxlayan qadın heykəlini də nümunə çəkə bilərik. Bu heykəli də seyr etməyə dünyanın hər yerindən gəlirlər. Ümumiyyətlə, müasir dünya (şərq ölkələri istisna olmaqla) şəxsləri ifadə edən abidələrin qaldırılmasında maraqlı deyil. Ən yaxşı halda, Qədim dünya tarixinə və orta əsrlərə aid insanlara abidə ucaldılması daha məqsədəuyğun hesab edilir. Müasir dövr insanlarına abidə qurulmasından mütərəqqi cəmiyyətlər bacardıqları qədər uzaq durmağa çalışırlar. Dünyanı heyran edə biləcək abidələrimiz haqqında nə vaxt düşünülməlidir? Azərbaycanda məğlub “şəxs”ləri ifadə edən heykəllərə nə lüzum? Çatan-çatan dədələrinə, babalarına, yaxınlarına İ. Əliyevdən heykəl qoyulmasını xahiş edir. Azərbaycan heykəltəraşlığı dünya səviyyəsində ciddiyə alınmır. Axı, bu günki müasir dünyada insanı daşa köçürmək deyil heykəltəraşlıq? O qədər zövqsüz, gərəksiz, sadəcə, yer tutan heykəllər var ki, Respublikamızda. Bəlkə laqeydliyimizin qurbanına çevrilən dövlət dilimizi abidələşdirək? Zaman-zaman gah ölkəmizdəki ərəbdillilərin, gah farsdillilərin bizi xilas edəcək yanlışlığına inanmışıq. İndi də rusdillilərin, ingilisdillilərin bizi xilas edəcək yanlışlığına inananlar var. İngilis və rus dillərini üstün bilən prezident, xarici işlər naziri və üstün bilən bütün digərləri 26 ildir hakimiyyətdədirlər. “Günahkar” Azərbaycan diliydisə, bəs niyə onlar Azərbaycanı bu vaxta qədər problemlərdən qurtara bilmirlər? Çünki Azərbaycanımızı təfəkkürlü insanlar problemlərin ağuşundan qopara bilər. Unutmayın ki, təfəkkür beyindən gəlir, hansısa dili bilməklə gəlmir. Təfəkkürlülüklə “tutuquşu”luğun fərqinə varmaq gərək! Təfəkkürlü insanlar cəmiyyətimizin öz içindədir, o insanları qıraqda axtarmayaq. Bu gün isə dövlət dilində danışmamaq müasirlik və daha dərin bilgilərə maliklik kimi başa düşülür. Yanlış düşüncədir. Bu yanlış düşüncə nəticəsində uşaq bağçalarında, orta məktəblərdə uşaqlarımız yad dillərin əsarəti altındadır. Nə qədər qəddar yanaşma olsa da bir həqiqəti sizinlə bölüşmək istəyirəm. Azərbaycan xalqı o uşaqları Vətənimiz üçün itirməkdədir! Gözlərimiz baxa-baxa o uşaqlarımız bizdən oğurlanır. Sabahımızda özümüzü tapmaq istəyiriksə, bütün uşaq bağçaları, orta məktəblər-hamılıqla dövlət dilinə keçməlidir, filialların fəaliyyəti dayandırılmalıdır! Nə qədər onun-bunun “qaloş”unu geyməliyik? Nə qədər “qaloş” düşüncələrin əsiri olmalıyıq? Millət olaraq özümüzə aid özəl məxsusluğumuz var, axı! Bu məxsusluğumuzdan niyə imtina etməliyik? Azərbaycan xalqı böyükdür! Azərbaycan dili də potensialı olan böyük dildir.(dünya ədəbiyyatına düşmürüksə səbəbini dilimizdə görmək bəhanədir. dünya ədəbiyyatına düşən əsərlər var. həmin əsərlərdə yazıçılar cəmi 3000-dən də az sözlə kifayətləniblər. şeirlər var ki, 80 söz də deyil) Dilimizin İmkanları genişdir. Çox təəssüflər olsun ki, ailə hakimiyyəti torpağımız kimi, dilimizi də uduzub.

скачать dle 12.1