Maaş minnəti

20-06-2019, 20:42
28 904
Maaş minnəti

İlham Hüseyn 

2019-cu ilun iyun ayındayıq. Dünya nanotexnologiyalarla, planetlərlə, elmi ixtiralarla əlləşir. Bizim hökumətimiz isə heç kimin görə bilmədiyi “analoqsuz inkişaf”dan dəm vurmaqdadır. Bütün iqtisadiyyatı qara neftin belinə yükləyərək, ölkəni ağ günlərdən məhrum ediblər. Amma xalqa sübut etməyə çalışırlar ki, qara neft də, mavi qaz da hökumətin bacarığının nəticəsidi. Xalqı ən kiçik sədəqlərə sevinməyə məcbur ediblər. Ən gülünc addımları islahat kimi qəbul etdirməyə çalışıblar.
Son olaraq isə minimum əməkhaqqının 250 manat olacağıyla bağlı sərəncam imzalandı. Neçə gündür yaltaqlıq növbəsinə duranlar, bu addımı xalqa qayğı kimi sırayanlar iş başındadı. Hətta sadə vətəndaşların arasında “buna da şükr” deyənlər də tapılır.
Hökumət uzun illərdi etməyə borclu olduğunu vətəndaşa minnət kimi sırıyır. 26 ildən sonra minimum əməkhaqqına görə Ermənistana çatacağımıza görə sevinməliyik. Doğurdan da bu ölkəyə 250 milyard dolllar investisiya yatırılıbsa, minimum əməkhaqqının 250 manat olması utanc rəqəmi deyilmi? Hökumət komandasının bütün üzvləri, yaxın ətrafları milyarderə, milyonerə çevrilibsə, 70 manat maaş artımına görə şükr etməliyik? Bu qədər talançılıq minimum əməkhaqqına qurban verilməlidi?
Vətəndaşın sağlamlığı, hüququ, taleyi, seçmək haqqı oğurlanıbsa, 250 manat əməkhaqqı sığorta ola bilərmi?
Bir tərəfdən 117 min ailənin sosial müavinəti kəsilib, qiymətlər sürətlə artır, işsizlik pik həddədir, o biri tərəfdə müəyyən qism adamların maaşı 250 manat olacaq. Saqqaldan götürüb, bığa yaxmaq siyasəti davam edir. Deputatın “3000 manatla yaşaya bilmirəm” dediyi ölkədə, vətəndaşın 250 manatla yaşamağa məhkum edilməsi absurd deyilmi?
Ümumiyyətlə, bu ölkədə xoşbəxtlik pensiyanın, maaşın 50-100 manat artırılmasında deyil. Rejimin mahiyyəti, vətəndaşa münasibəti dəyişməyibsə, dəyərlər ucuzlaşdırılıbsa, haqqımızı axtaracağımız məhkəmə yoxdursa, korrupsiya idarəçilik formasına çevrilibsə, istənilən adamı şərləmək ən asan prosesdirsə, maaş artımı dərdə drəman ola bilməz. Bu ölkədə hər il minlərlə adam xərçəngdən, məmur özbaşınalığından, yanlış diaqnozdan həyatını itirirsə, 250 manat maaş başsağlığı vermək üçündü.
Milyonlarla insan ölkəni tərk edib ki, normal yaşamağın dadın bilsin. İndi 4 aydan sonra təşrif buyuracaq cüzi maaş artımı həyatımıza dad qatacaq?
Hüç kimə sirr deyil ki, bu maaş artımının arxasında məkrli planlar var. Qısa vaxt ərzində elə “sürpriz”lər edəcəklər ki, minimum əməkhaqqının 180 manat olduğu dövrü arzulayacağıq.
Xalq o zaman məğıub olur ki, onu idarə edənlərdən izahat tələb edə bilmir. Nəticədə də dövlət büdcəsindən “prezidentin ehtiyat fondu” adlanan məchul quruma pul köçürülür və bu puldan vətəndaşa “şabaş” atmaq, “prezident qayğısı” kimi təqdim edilir.
Bizidəm vedrəylə aldıqlarını, nəlbəkiylə qaytarırlar. Neçə yüz il yaşamalıyıq ki, vedrənin yarısını qaytara bilək?
Unutmayaq ki, övladlarımızın təminatlı həyatı 250 manatla mümkün olmur, normal idarəçiliklə, qanunların şah olmasıyla mümkün olur.
Biz yalançı islahatlara əl çalmaqla, ayaqlarımızı kəsmiş oluruq. Ayaqğa qalxa biləndə isə pis əlləri kəsə bilirik.
19 yanvar mitinqi ayaq səslərini eşitdirdi və rejim o səslərdən qorxduğu üçün görüntü yaratmağa başladı. Amma bizə nəyinsə görüntüsü yox, özü lazımdı. Gözümüzü yumduğumuza görə milyardları həzm edənlər, gözümüzdən pərdə asmaq üçün minnətli maaş artırırlar. Maaşı alın, amma minnət götürməyin. Daha artığını tələb edin, izahat istəyin, minnət qoyun…

скачать dle 12.1