Fərman Ceyranlıdan niyə əl çəkmirlər?

17-07-2019, 18:38
90
Fərman Ceyranlıdan niyə əl çəkmirlər?

Şahvələd Çobanoğlu

Tanınmış cərrah, professor, klinika sahibi Fərman Ceyranlı niyə Gürcüstana getdi və nədən həbs olundu? Onun həbsinin sifarişçisi olmasına heç kimin şübhə etmədiyi Azərbaycan hakimiyyəti nə üçün azadlığa çıxmasına az qalmış onu axtarışa verib?

Ən sadə məntiq deyir ki, qanunsuzluğa yol verən biri olsaydı, əyriliklərlə barışıb işləmək, uğur və pul qazanmaq istəsəydi, Fərman Ceyranlı elə Azərbaycanda qalıb işləyərdi. Burada heç kim ona “get” demirdi, heç kim ona “sənə olmaz” demirdi. Vaxtilə böyük tibb müəssisənin rəhbəri olmuşdu, işdən çıxmaq səbəbi də ona daha yuxarı pilləyə qalxmaq imkanı verirdi.  Çünki səhiyyə naziri Əli İnsanovun hökm etdiyi bir dövrdə ona sərt cavab qaytardığına görə işdən çıxarılmışdı, həbs edilmişdi. Əli İnsanovu artıq sərt düşmən kimi görən hakimiyyətə belə bir fiqur cəlbedici idi. Üstəlik, tanınmış doktor idi, gənc yaşında Moskvada elmlər doktoru olması ilə məşhur idi, nüfuzlu idi, Borçalı camaatının seçilənlərindən idi, Azərbaycanda hörməti vardı.

Lakin İnsanov həbs ediləndə onun əleyhinə danışmaq təklifini rədd etmiş, təklifi şəxsiyyətinə qarşı hörmətsizlik kimi qəbul etmiş, “mən danışanda, həbs ediləndə niyə fikrim maraqlı deyildi sizə” deyib alət olmayacağını söyləmişdi. Məsələ bunda da deyildi, o, mövcud idarəçiliyi qəbul etmirdi, çəkinmədən tənqid edə bilirdi. Cərimələr, “bandotdelin”  və verginin basqınları da onun fikrini dəyişmir, barışmırdı.

Yalnız “Azadlıq” qəzetinin 25 illik yubileyinə göndərdiyi təbrik mətnini (https://www.azadliq.info/57982.html) oxumaqla Fərman bəyin mövqeyini çox aydın görmək olar: “Azadlıq” qəzetinin fəaliyyətini zülməti, qaranlığı yaran işığa bənzətmək olar. Həmişə haqqın yanında durub. Vətəndaşların fikirlərini, sözlərini, hakimiyyət nümayəndələrinə, Azərbaycan ictimaiyyətinə, beynəlxalq ictimaiyyətə çatdırmaqda əvəzsiz rol oynayır. Qapıları hər bir kəsin üzünə açıqdır. Şəxsən mənim özümlə bağlı yaşanan sıxıntılar zamanı ilk əks-sədə verən mətbuat vasitəsi olub, sözümü onun vasitəsilə müvafiq instansiyalara çatdırmaqla dəfələrlə çox böyük problemlərimi həll etmişəm. “Azadlıq” qəzeti əsl və yaman günün dostudur!
Qəzetin banilərindən tutmuş, bu gün qəzetin fəaliyyətində əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm və bu böyük və şərəfli, eyni zamanda çətin işlərində əzm, səbr və gələcəyə inam arzu edirəm. Daim uğurlarınızın sədası gəlsin.
Təbrik edirəm!”.

Yəni doktor Ceyranlı Gürcüstana sadəcə klinika açmağa getməmişdi, klinika açmağa qalsa, burada da onun klinikası vardı, burada da klinikalar az qazanmırdı.

Fərman Ceyranlı Gürcüstana getdi ki, orada demokratiya və qanunçuluq var. Buradakı özbaşınalıq zəminində daha çox və daha asan yolla qazanmağı qəbul etmədi, neft bumu pullarının bolluğunu kasıb Gürcüstanın demokratiya və ədalət ümidinə dəyişdi. Onun niyə Gürcüstana getməsinin, orada həbs edilməsinin və indi azadlığa çıxmasına az qalmış bir vaxtda Azərbaycan hakimiyyətinin onu axtarışa verməsinin əsl səbəbi budur.

Görün bizim şanlı hakimiyyətin ona qəzəbli olmaq üçün nə qədər səbəblər ortaya çıxmışdı:

  • Demokratiya və qanunçuluqdan yana olması və bu səbəbdən Azərbaycan hakimiyyətini qəbul etməməsi;
  • Gürcüstanda Qafqazın ən böyük xəstəxanasını qurmaqla Azərbaycanda işləməyin mümkün olmamasını və niyə mümkünsüz olmamasını göstərən real hekayənin obrazı olması;
  • Rejimə baş əyməyən, onu tərifləməyən birinin uğurlu iş adamı ola bilməsi;
  • Azərbaycanlıların da müayinə və müalicə üçün üz tutduğu bir qapıya sahib olması;
  • Siyasətə biganə olmayan və ictimai baxışlarını ifadə edən, fəal birisi olması;
  • Xaraktercə möhkəm və işgüzar biri olması.

Azərbaycan hakimiyyətinə görə belə birisi hər zaman başağrısıdır və daha ciddi başağrısı ola bilər.

Gürcüstandakı demokratiya onun ümid etdiyi qədər möhkəm, qanunlar onun inandığı qədər işlək olmadı. Özünün həbsi, Əfqan Muxtarlının oğurlanıb Azərbaycan verilməsi bunu ona da, bütün dünyaya da sübut etdi. Onun həbsi ilə bağlı gürcü vəkilin dediyi sözlər belə idi: “Gürcüstan tarixində belə qondarma ittiham və məhkəmə hökmü olmayıb”.

Bundan əlavə, görünür ki, Fərman Ceyranlının böyük uğur qazanması və ictimai fəallığı, seçkilərə qatılması Gürcüstanda da xeyli qüvvələri narahat edibmiş. Onun həbsi həm ziyarət, həm ticarət qismində olmuşdu. Bununla belə Gürcüstan onun azadlığı ilə özünə yönələn ittihamlardan qurtulmaq üzrə idi ki, Azərbaycanın axtarış qərarı ilə yenidən seçim qarşısında qoyulub. Lakin onun Azərbaycana təhvil verilməsi Əfqanı gecə ikən oğurlayıb verməkdən heç nə ilə fərqlənməzdi. Üstəlik, Fərman Ceyranlı həm də Gürcüstan vətəndaşıdır.

dle