Protap Sinklər, Lakxanlar, Qappar Sinklər… və… bizim icra başçıları

24-12-2019, 13:37
24 762
Protap Sinklər, Lakxanlar, Qappar Sinklər… və… bizim icra başçıları

 

Vüsalə Ağabəyli

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Yenə bir hind filmi… övladlarını polis bölməsinə yerləşdirib özləri rahat quldurluq, qaçaqmalçılıqla məşğul olan Protap Sinklər, Lakxanlar, Qappar Sinklər… bazar tonqalları… rəngli tozlar tüğyanı… boş karopkalardan çıxan səslər…

Hind filmlərini bəyənməyib tənqid etsək də, elə onlarla böyümüşük də. Cinayətkarlar övladlarını polis bölmələrində, düşmən postlarında yerləşdirdiyi kimi, bizdəki icra başçılarının övladlarının biri hakim, biri korrupsiyayla mübarizə sahəsində müstəntiq işləyirmiş… hüquqlarımızı hüquq pozanların övladları “qoruyurmuş”, sən demə! Əlbəttə ki, atalarının “halal” pulu ilə onlara yedirdiyi çörəyin, həmin “təmiz” pullarla aldıqları diplomların haqqını verə-verə. Elə ona görə də, hər yerdə hamı “səndən yar, sənə yar, şikayətim var” mahnısını zümzümə edir.

Bu boyda icra başçısı XXI əsrdə “cizyə”, “xərac”, “bac”, “töycü” və daha Allah bilir hansı vergiləri texnologiyadan uzaq şəkildə əlbəəl alırmış. Axı bizim son günlərə qədər müstəqil, indi isə İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Vergilər Nazirliyimiz var, ay icra başçısı. Hamı nəyin şokunu yaşayır görəsən, icra başçısının rüşvət almağınınmı, yoxsa rüşvət üstündə həbs olunmağınınmı, yoxsa o kameranın həmin otağa niyə məhz indi yerləşdirilməyininmi? Bu həbslərin səsi də hind kinolarında üst-üstə qoyulmuş, barmaq dəyən kimi uçan boş karopkaların, boçkaların səs effektinə bənzəyəcəksə, onda heç dəxli olmadan biz də düşüb ortalığa sevincdən hind rəqslərinə atılıb düşməyək.
Təlatümlü dəniz deyir ki, üzə bilənlər mənimdir, üzə bilməyənlər gəlsin… boğulanlar hələ 1-2 nəfərdir, lütfən, hay-küy qoparmayın çox, o birilər xilasedici jiletlər, nəfəsliklər, qayıqlar sifariş edib xilas olmamış, imkan verin, onlar da açılsın dənizə, qoyun, onların da burunlarından dənizin duzlu suları piltim-piltim tökülsün, nəfəsləri daralsın. Bu, axı, aysberqin görünəbilən tərəfidir, suyun altında qalan daha sərt hissəsi isə qlobal istiləşmədən asılı olaraq, əriyə bilərmi, sizcə? Məncə, yox!

Oğuz elində bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya çağırardılar. İki tonqal qalayanda bütün eli-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Bu yaxınlarda iki tonqal – Eurohome və mikrorayon tonqalı ikisi birdən yandı kı, aysberqi əritməyə çalışıb, oğuz elini korrupsiya ilə mübarizəyə səsləsin. O gün olsun, Üç tonqal qalanıb bütün el-oba həmrəyliyə dəvət olunsun. Həmrəylik demişkən, şəhərdə Yeni il və Həmrəylik gününün müjdəçisi, əslində satışı qadağan olunmuş, amma yəqin ki, atalarının çirkli pulları hesabına polis olanların gizli icazəsi ilə satılan, atılan, partladılan küyü həmahəng olmayan, rəngbərəng fişənglərin qulaqbatırıcı səsi və havaya qaldırdığı tozlardır. Neyləyək? Yenə də, bayaq qeyd etdiyim mahnını zümzümə edək.
Dədə Qorqud da, ola bilsin, Şaxta baba libasında gələcək!

 

Xural.com

скачать dle 12.1