Mən niyə utandım?

17-09-2015, 23:37
0
Mən niyə utandım?
Bəli, bizim parlamentimiz Avropa Parlamentinin qəbul etdiyi qətnaməni “müzakirə” etdi. Demirəm ki, tamam başqa bir şey gözləyirdim. Yox, o qədər də sadəlövh deyiləm. Mənim də gözlədiyim elə bu idi...
Sadəcə, məni başqa məsələ düşündürdü. İndiki parlamentdə bir neçə keçmiş “hərəkatçı” var. Söz düşəndə deyirlər ki, bəs sovet imperiyasını biz dağıtdıq, milli dövləti biz qurduq. Amma indi ağızlarına su alıb oturmuşdular...
Demirəm ki, onlar od püskürməli idi. Yox. Sadəcə, çox yumşaq, təmkinli tərzdə, heç bir ifrat tənqidə-filana varmadan, hakimiyyətin ünvanına kəskin bir ifadə işlətmədən bu adamlar deyə bilərdilər ki, qardaşlar, biz bu minvalla hara gedirik?..
Parlamentdəki çıxışlardan belə məlum oldu ki, avropalılar, sadəcə, bizə paxıllıq edir, ona görə də belə qətnamələr qəbul edirlər. Olsun. Amma görək belə izahatlarla kimisə inandırmaq mümkündürmü?
Məni tamam başqa məsələ qorxudur. Biz təbliğat üzərində qurulmuş siyasi sistemdən - sovet quruluşundan çıxmışıq. Ona görə də çox şey bizim üçün elə də təəccüblü deyil...
Amma təbliğat da bir məntiqə söykənməlidir, inandırıcı olmalıdır, insan deyilən sözlərə qulaq asanda gülməməlidir. Hakimiyyətdəkilər bunun fərqində deyillər. Onlar özlərinə əziyyət verməyə ehtiyac görmürlər...
Amma bizim keçmiş “hərəkat”çılar vardı orada. Onlar nəsə deyə bilərdilər. Gəl, demədilər. Həmişə olduğu kimi susdular. Ona görə ki, indi həlledici və çox məsul məqamdır. İndi növbəti dəfə seçib-seçilməmək məsələsi var gündəmdə...
Amma onlar başqa vaxt da susurlar. Mən arabir keçmiş hərəkatçılar haqqında yazıram. Onları cəmiyyətin gözündə bir qədər qaldırmağa cəhd edirəm. Amma hər dəfə də bir fikir keçir beynimdən. Buna dəyərmi? Onlar buna layiqdirmi? 
Parlamentdə öz fikrini deməyə cəsarət etməyən bu adamları sovet imperiyasını yıxmış qəhrəmanlar kimi təqdim etməkdə bir məntiq varmı? Bizi siyasi dalana gətirib çıxarmış, sonra da özləri bir mandatın xatirinə prinsiplərdən vaz keçmiş bu adamları bir növ reabilitasiya etməyə heç ehtiyac varmı?..
Demək olar ki, onlar hələ hamı deyil. Mübarizlər də var. Amma çox adam gəlib keçdi bu hakimiyyətin süzgəcindən, özü də bir mandat üçün. Bəzən elə olur ki, adam düşünür ki, bəlkə o xatirələrin, o yaddaşın üstündən qələm çəkməyin vaxtıdır? Düzdür, çox çətindir. O dövrün insanları arasında ləyaqətli insanlar da heç də az deyildi...
Amma zaman bizi sınağa çəkdi. Və bir də gördük ki, çox az qalmışıq, hamı öz “keçmiş”ini bazara çıxarıb...
İndi neyləyək? Yenə də deyirəm ki, mən onlardan populist, kəskin çıxışlar ummuram. Amma qardaş, dövlətçilik demirsiniz? Heç olmasa, dövlətçiliyə və millətə xidmət edin!..
Hakimiyyətdəkilərin çoxu nə uğrunda mübarizə apardığını bilir. Onlar var-dövlət, sərvət və mənsəb sahibi olublar. Bunu itirməkdən qorxurlar! İndi Avropa institutları ilə yaşanan problemlər bir cəmiyyətin, xalqın, dini icmanın və yaxud da ki, mədəniyyətlərin problemi deyil. Bu, bir hakimiyyətin problemidir... 
Soruşsan, avropalıların böyük əksəriyyəti heç Azərbaycanın harada yerləşdiyini bilmir! Onların azərbaycanlılarla hansı problemləri ola bilər? Sadəcə, hakimiyyət öz problemini bizim problemimiz kimi qələmə verir və bu oyun baş tutur...
Keçmiş “hərəkatçı”lardan hətta bunları deməyi belə ummurduq. Heç olmasa, yaxın tarixi yada salıb böyük siyasi institutlarla, böyük dövlətlərlə “zarafat” etməyin nə qədər təhlükəli olduğunu dilə gətirə bilərdilər.
Bəli, biz çox unutqan olmuşuq. Bir vaxt məşhur 907-ci düzəliş vardı. Həmin o düzəliş Azərbaycan üçün nə qədər problem yaratdı?
Halbuki həmin düzəlişi cəmi bir dövlət qəbul etmişdi. Həmin düzəlişin qüvvəsini dayandırmaq üçün nə qədər əziyyət çəkmək lazım gəldi! Onu hətta ləğv etmək də mümkün olmadı, sadəcə, ABŞ prezidenti öz iradəsi ilə onun qüvvəsini dondurdu...
Ona görə də Allah eləməsin, Avropa Azərbaycanla bağlı sanksiya qəbul etsə, bu, çox ağır nəticələrə gətirib çıxara bilər. Heç olmasa, bizim keçmiş “hərəkatçılar” bu haqda danışa bilərdilər... Axı bu, heç müxalifətçilik də deyil.
Bütün iddialardan əl götürəndə belə bizim bir iddiamız qalır - axı biz həm də vətəndaşıq...
скачать dle 12.1