Seçkinin romantikası

14-11-2022, 19:25
1 930
Seçkinin romantikası

İlham Hüseyn

Bu ölkədə hər şeyin romantikasını öldürüblər. Hakimliyin, vəkilliyin, müstəntiqliyin, ziyalılığın, tənqidçiliyin romantikası, avtoritarizmin “qara realizm”inə təslim olub. Təsəvvür edin ki, vəkil məhkəmədə qalib gəlir, təqsirləndirilən şəxsin günahsızlığı sübuta yetirilir, amma hakim sifarişlə həbs qərarı verir. Xüsusən siyasi proseslərdə bu hal adiləşib. Yaxud, hansısa neqativ hala yazıçı, ziyalı münasibət bildirməlidir, amma rejimin qəzəbinə tuş gəlməmək üçün, ən yaxşı halda susur.
Amma yazımın canı seçkilərlə bağlıdı. Biz xalq olaraq başqa ölkələrdəki seçkiləri müşahidə edirik, sağlam yarışdan həzz alırıq, namizədlərin həyəcanını görürük və.s. Həmin ölkələrdə prezident, deputat, bələdiyyə sədri olan şəxs qazanmağın, qalib olmağın romantikasını yaşaya bilir. Gərgin əməyin bəhrəsini dadmaqdan məmnun olur. Öz əməliylə milyonların sevgisini əldə edir. İndi diqqət ABŞ-dadı, bir müddət əvvəl İngiltərəyə yönəlmişdi, bir müddət sonra Türkiyəyə yönələcək. Biz öz ölkəmizdə bu prosesləri unutmuşuq. Bizə təlqin ediblər ki, namizəd topa bülletenlərin, karusellərin, platardan çıxan səslərin nəticəsində bəlli olmalıdır. Bizi inandırıblar ki, seçicinin səsinin heç bir önəmi yoxdur, Prezident Aparatının səsin almaq lazımdır. Biz uzun illərdi seçilməmiş adamların idarəçiliyinə boyun əymişik. Bu ölkədə seçmək hüququ olanlar susduğu üçün, seçilməyənlər dövləti oyuncağa çevirib. Biz hansısa seçilmiş deputatın xalqa görə çarpışdığının yox, təyin olunmuş deputatın öz maaşını artırmaq cəhdinin şahidiyik. Bizim üçün prezidentliyə namizədlərin debatı utopik görünür. Biz prezidentin boş qapıya top vurmasına adaptasiya olmuşuq. Biz layiq olan adamların qələbəsini, layiq olmayan adamların zəhminə qurban vermişik. Seçki bu ölkədə ən maraqsız yarışa çevrilib. Seçki günü məntəqələr seçicini çıraqla axtarır. Yalnız “Jek” işçilərinin, müəllimlərin, həkimlərin hesabına görüntü yaratmaq mümkün olur. Hansıki, ən maraqlı, ən möhtəşəm yarış seçki yarışıdır. Biz səbrsizliklə namizədlərin mübarizəsini gözləməliyik, diqqətlə izləməliyik ki, ən layiqli namizədə səs verək. Və ən dəhşətlisi budur ki, biz seçki hüququndan məhrum olmağın faciəsini dərk etmirik. Başa düşmürük ki, bütün problemlərin kökü seçkisizlikdən qaynaqlanır. Xalqın səsindən asılı olan adamlar, xalqın haqqın oğurlaya bilməz. Bizdə seçki deyəndə Əli, Vəli, Məmməd deyil, Məzahir Pənahov təsəvvür edilir. Heç bir vəzifəli şəxs özünü xalqa borclu hesab etmir. Xalqdan mandat almadıqları üçün, xalqla kölə kimi davranırlar. Nəhayət dərk etməliyik ki, seçki təkcə siyasətçilərin yarışı deyil. Bu yarışın ləğvi dövləti, xalqı şikəst edir. Biz xalq olaraq seçkinin romantikasını yaşamağa can atmalıyıq, seçki incəsənətindən zövq almalıyıq, seçki tələbatımız olmalıdır.
Bir rəqibin digərini dəyənəklə yox, sözlə məğlub etməsinin həzzin duymalıyıq. Arqumentlərdən, namizədlərin intellekt sərgiləməsindən, hazırcavablığından təsirlənməliyik. Biz seçkiyə mücərrəd, qəliz, qaramat bir proses kimi baxmamalıyıq. Biz seçkinin romantikasını yaşaya bilmək üçün, ürəyi daşlaşmış avtoritarizmdən xilas olmalıyıq. Avtoritarizm sevə bilmir, insanpərvərliyi qəbul etmir, humanizmi məğlubiyyət sayır. Biz seçki qutusundan layiq olan namizədi çıxara bilmək üçün, ilk növbədə qutunu oğruların əlindən almağı bacarmalıyıq. Biz istəsək, bütün hökumət komandası bizim istədiyimiz, bizim seçdiyimiz adamlardan ibarət olar. Səsimizin sayılması üçün, özümüzü əzmimizlə saydırmalıyıq. Bir gün mütləq bu ölkədə də seçilənlər və seçənlər bu prosesin romantikasından zövq alacaqlar.

скачать dle 12.1