Manyakların hamiləri

23-01-2023, 19:31
1 754
Manyakların hamiləri

Yaxud, uşaqları məhkəmələrdən necə qoruyaq

Neçə illərdir uca millətimiz “məhkəmə islahatları” deyərək yalvarır, Femida xalanın ruhuna qurbanlar kəsir, lakin xeyri yoxdur. Prinsipcə, dövlət əjdahamızın başqa başları da alov püskürməkdədir və icra hakimiyyəti, qanunverici hakimiyyət sarıdan çox yarıdığımızı iddia edə bilmərik. Ancaq türkün sözü, “ədalət mülkün təməlidir” və biz hardasa qəlbimizin dərin guşələrində hiss edirik ki, məhkəmə düzəlməyincə heç zad düzəlməyəcək.

Bugünlərdə Bakıda bir məktəbli qız uşağını küçədə yanlayıb özüylə aparmaq istəyən şəxsin videosu yayıldı. İlk növbədə, uşağın yaşına uyğun olmayan dərəcədə ayıq-sayıq, diribaş, ağıllı olmasını xüsusi qeyd etməliyəm, çünki küçə kamerasının görüntülərindən belə çıxırdı ki, uşaq onu aldatmaq istəyən naməlum orta yaşlı kişinin tələsinə düşmür, üstəlik, ona nəsə kələk gəlib dükana girir və sonra başqa istiqamətə qaçıb aradan çıxır, böyüklərə məlumat verir. Nəticədə polis araşdırma aparmaq imkanı qazandı. Uşaq xəbər verməsə, əhvalatı kim biləcəkdi?

Burada haşiyə çıxmaq istərdim. Yəqin uşaqlar arasında bu tip maarifləndirici söhbətlər aparmaq lazımdır. Həm ailədə, həm məktəbdə. Əlbəttə, onları qorxutmadan, psixoloji zədə yaratmadan. Yoxsa sabah onlar böyüyüb hər kəsə inamsız yanaşar. Bizim cəmiyyətdə isə insanlar arasında çox isti, mehriban münasibətlər var. Zarafat eləmirəm. Adamlar küçədə, parkda, başqa ictimai məkanlarda ilk dəfə tanış olduğu şəxsə uşaqlarını, mal-mülkünü etibar edib gedir, dəfələrlə şahidi olmuşam. Hərçənd, bəzən bunun şitini çıxarırıq. Məsələn, bu yaxında iki-üç yaşlı uşağı marketdə əzizlədim, valideyni nə desə yaxşıdır? “Əminin üzündən öp”. Açığı, heç gözləmədiyim durum idi, lakin özümü itirmədən “üzüm çirklidir, ümumiyyətlə, uşağı belə öyrətməyin” dedim. Başa düşürəm ki, bunu pis mənada etmirdi, xalqımızın istiqanlılıq formasıdır, ancaq hər halda doza elə bil bir az artıq olur.

Qayıdaq “manyak” əhvalatına. Burada manyak sözünü ona görə dırnağa aldım ki, hələlik biz o şəxsin nə yuvanın quşu olduğunu dəqiq bilmirik və medianın onu dərhal “manyak saxlanıldı” kimi təqdim etməsi düz deyil. Polisin açıqlamasına görə onu çox çətinliklə, 100-dən çox adamı dindirmək, çoxlu kameralara baxmaqla saxlayıblar. Hətta yerişini və görkəmini dəyişibmiş. Bəs bundan sonra nə olacaq? Uşağın və polisin əziyyəti hansı nəticəni verəcək?

Bax, bu yerdə yuxarıda yazdığım məhkəmə dərdi ortaya çıxır. Nərmin adlı körpə qızın qətli üzrə məhkəmə neçə vaxtdır gedir, lakin deyəsən ordan ədalətin üzə çıxacağına artıq heç kim inanmır. 2018-ci ildə baş verən bənzər əhvalat çox ibarətamizdir.

Rayonların birində 5 yaşlı uşağa qarşı zorakılıq olmuşdu. O zaman Ağcabədi rayon məhkəmə istintaqı sənədlərində belə absurd cümlə yazılmışdı: “fiziki və ya psixi zor tətbiq etmədən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub”. Sanki 5 yaşlı uşaq müqavimət nədir bilirmiş... Hələ bu harasıdır, məhkəmə cinayətkara Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə) maddəsini tətbiq eləmiş və 2 il 6 ay müddətinə... şərti cəza vermiş, azadlığa buraxmışdı!

Təsəvvür edin ki, bu biabırçılıq hətta prokuroru da narazı qoymuşdu, hökmdən etiraz verilmişdi. Şirvan Apelyasiya Məhkəməsi isə biabırçılığı davam etdirmişdi, hökm qüvvədə qalmışdı. Bu, elmi dildə yazsaq, prokurora rəsmən “get tullan” komandası vermək idi. Amma hörmətli prokuror məğlub olmaq fikrində deyildi. (Maraqlıdır ki, prokurorun ismi-şərifi Zəfər idi). O, Ağcabədi və Şirvan məhkəmələrindən üçüncü, daha yuxarı instansiyaya – Ali Məhkəməyə etiraz vermişdi. Nəticədə nəhayət Ali Məhkəmədə ədalət hər mənada zəfər çaldı, həmin əxlaqsızın cəzası həbslə əvəz edildi. Ancaq yenə də cəza 2 il 6 ayı ötməmişdi.

Hesablayanda həmin cinayətkar artıq azadlığa çıxmış olar. Bizdə manyaklara hakimlərin böyük hörməti, qardaş münasibəti var. Onlar hansısa müxalifətçi deyil ki, tutanda minimum 5-10 il yamayasan...

скачать dle 12.1