Özünü “rus təyyarəsindən atan” Buba – Kikabidzenin parlaq xatirəsinə

23-01-2023, 19:32
1 585
Özünü “rus təyyarəsindən atan” Buba – Kikabidzenin parlaq xatirəsinə

O cür dəfn bizim ölkəmizdə də olub – 1949-cu ildə. Bəstəkar, pedaqoq, yazıçı, ictimai xadim Üzeyir Hacıbəyov dünyasını dəyişəndə eşidən-bilən, xəbər tutan Bakının mərkəzi küçələrinə axışıb, dəfn qafiləsinə qoşulub. Üzeyir bəy böyük bir izdihamla son mənzilə yola salınıb. Şair Səməd Vurğun həmin günlərdə ona belə misralar həsr edib:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...

Bu ölməz misraları bu gün Vaxtanq Kikabidzeyə də aid etmək olar. Onun dəfn prosesinə baxanda, Tiflisin küçələrində böyük izdiham yaratmış insanları görəndə əmin olursan ki, Buba da ömrünü bada verməyib, sevərək yaşayıb, sevilərək gedib.

011.png (461 KB)

O, təkcə gürcü xalqının oğlu deyildi, bəşəriyyətin oğluydu. Bəlkə onu dünyanın digər qitələrində tanımırdılar, amma bütün postsovet məkanı onu tanıyır və sevirdi.

Vaxtanq Kikabidze isə təkcə öz xalqını sevmirdi, bütün insanları sevirdi. Öz xalqına canıyla, qanıyla bağlıydı, amma başqa xalqları da xor görmürdü. Onu postsovet məkanının çoxmillətli xalqına sevdirən təkcə oynadığı rollar, oxuduğu mahnılar deyildi, həm də məhz bu xarakteri idi.

000.jpg (312 KB)

Biz onu əsasən “Mimino” filmindən tanımışdıq. İlk dəfə həmin filmə baxdığım günü xatırlayıram. Orta məktəb şagirdi idim. Gecə, mərkəzi televiziyanın “Zaman” proqramından sonra Azərbaycan televiziyası ilə saat 22.30-da “Mimino” filmi göstəriləcəkdi. İndiki dildə desək, spoyler verən, anons edən olmamışdı, ancaq bizə, mən yaşda olan yeniyetmələrə elə gəlirdi ki, “Mimino” davalı film olacaq, igid sovet əsgərlərinin Mozdokdan Berlinə getməsindən bəhs edəcək. O zamanlar biz belə filmləri çox sevərdik. Ona görə də, açığı, “Mimino”ya baxanda bir az məyus olduq, gözləntimiz doğrulmadı. Filmdə müharibəyə dair cəmi bir detal vardı – pilot Valentin (Valiko) Mizandarinin ən çətin durumunda onu Mizandari soyadlı əsgər dostuna oxşadan müharibə veteranı ilə tanış olması.

332.JPG (24 KB)

Böyüdükdən sonra biz o filmə yenidən baxdıq və nə qədər möhtəşəm bir ekran əsəri olduğunu anladıq. Filmin musiqisi əlaydı, dillər əzbəriydi. Aktyor seçimi, milli kolorit, səsləndirmə, təbiət peyzajları – hər şey əlaydı. Kikabidze Valiko Mizandari obrazını gözəl oynamışdı. Komediya janrında çəkilən filmdə komik səhnələr olsa da, “Mimino” əslində kədərli film idi. Biz erməni aktyor Frunzik Mkrtçyanın yaratdığı obrazın - Xaçikyanın mehmanxana nömrəsində telefonla stüardessa tanışıyla danışan Valikoya “Ey, qruzin, skaji, pust padruqu vazmyot” (“Ey, gürcü, denən rəfiqəsini də özüylə gətirsin”) replikasına nə qədər gülsək də, əslində Valikonun doğma Telavi şəhəri əvəzinə Təl-Əvivə zəng etməsi, xəttin o başında vaxtilə Kutasidən köçüb getmiş yəhudi İsaakla danışması, hər ikisinin nostaljiyə qapılaraq mahnı oxumaları çox qüssəliydi.

Həmin filmdə Kikabidze comərd, emosional, qeyrətli Qafqaz kişisi obrazı yaratmışdı. O, bu obrazı elə istedadla, koloritlə yaratmışdı ki, onu bütün SSRİ xalqlarına sevdirmişdi. Sanki aktyor o rolda özünü oynamışdı. O, bu obrazına sona qədər sadiq qaldı – vətənini, xalqını, yurdunu sevdi, başqa xalqlara dar günlərində dəstək oldu, həmişə haqq-ədalətin yanında durdu, xalqına düşmən kəsilən aqressorun onun öz şəxsinə qoyduğu hörmətə yiyə durmadı.

buba.JPG (74 KB)

İndiyədək bunu az-az adam edib. Bir çox başqaları öz xalqının düşməninin əlindən hər cür mükafat, imtiyaz, ənam alıb. Elə ona görə də Bubanın bu prinsipial hərəkəti ona hər yerdə, xüsusilə də vətənində, Ukraynada və Azərbaycanda böyük hörmət qazandırmışdı.

Obyektiv olmaqla yanaşı, vəfalı adam idi Kikabidze. O, gürcü xalqının böyük oğlu Mixail Saakaşvilinin azadlığa qovuşması üçün əlindən gələn hər şeyi edirdi, Ukrayna xalqının azadlıq mübarizəsinə dəstək vermək üçün ömrünün sonuna 1 ay qalmış dializ xəstəsi ola-ola Kiyevə getmişdi.

O, azad, müqtədir, çoxtərəfli sənətkar idi, aktyorluq və müğənnilik istedadı ilə yanaşı rejissorluğu, hətta yazıçılığı da vardı. Kikabidzenin yazdığı “Qafqaz millətindən olan şəxs” kitabında onun novellaları toplanıb. Bu novellalar qafqazlılara və onlara münasibətə dairdir.

Belə insanlar nə qədər uzun yaşasa da, hamı istəyir ki, onlar daha uzun yaşasınlar. Onlar istənilən yaşda bizi tərk edəndə bu, “vaxtsız vəfat” sayılır. Vaxtanq Kikabidze bu dünyanı, Qafqazı vaxtsız tərk etdi, Saakaşvilinin azadlığa çıxdığı, Ukraynada müharibənin bitdiyi, Qafqaza sülhün və rifahın gəldiyi günü görmədi.

665.JPG (31 KB)

“Mimino” filmində Valiko böyük aviasiyada özünü tapa bilmədiyi, böyük şəhərlərin cazibəsinə qapılıb Moskvada qala bilməyərək Telaviyə qayıtdığı kimi, Kikabidze də axırda meqapolisdən qopub doğma Tiflisinə qayıtmışdı. Filmin sonunu xatırlayın. Valiko üstünə qışqırdığı Katya adlı qıza deyir, bağışla məni, istəyirsən, özümü təyyarədən atım. Katya deyir, istəmirəm. Valiko bir az susur və deyir: “Amma mən istəyirəm”. Kikabidze xalqının yanında olmaq üçün özünü “rus təyyarəsi”ndən atmışdı.

Bizim də Vaxtanq Kikabidze kimi ölkədən kənarda tanınan məşhur və istedadlı sənətkarlarımız vardı və var. Təəssüf ki, onlar dar ayaqda öz xalqının yanında ola, ona sarıla bilmirlər.

скачать dle 12.1