Avropa Parlamenti, öyrənməyə ehtiyacın var

24-01-2023, 15:35
2 627
Avropa Parlamenti, öyrənməyə ehtiyacın var

Avropa Parlamentinin 18 yanvar tarixində qəbul etdiyi qətnaməsinə əsasən üz tutub həmin parlamentin gəlməyə, görməyə, öyrənməyə, sonra danışmağa ehtiyacı olan üzvlərinə deyirəm ki, siz hökmən gəlməlisiniz, 30 ildə gəlmədiniz, barı bir zəhmət, isti kreslonuzdan qalxın, gəlin Qarabağa. Görünür, orada öyrənməyə çətinlik çəkdiniz, ya da öyrənmək istəmədiniz. Lakin artıq nə Azərbaycan, nə Ermənistan, nə müasir dünya, nə də ki, siz-Avropa Parlamenti 30 ildəkilər deyil. Dəyişən çox şeylər var. Ona görə də sizin də öyrənməyə böyük ehtiyacınız var.

Məsələn, bu fikirdəsiniz ki, guya Azərbaycan Ermənistana hərbi təcavüz edib. Lakin bu, əsla düşündüyünüz kimi deyil. Çünki Azərbaycanın Ermənistana hərbi təcavüz etməyə ehtiyacı yoxdur. 44 günlük müharibədə Azərbaycan Ermənistanın 30 illik haqsızlığına qarşı döyüşüb, torpaqlarını geri alıb, bədxah qonşunu da yerində oturdub. Zəhmət olmasa, tarixi öyrənin, sonra danışın.

Deyirsiniz ki, Laçın yolu azərbaycanlılar tərəfindən blokadaya alınıb. Sual olunur, nə üçün? Laçının, Laçın yolunun kimə məxsus olduğunu məncə gözəl bilirsiniz. Zəhmət olmasa, bir də etiraf etməyə çalışın. Onda görəcəksiniz ki, Azərbaycan öz ərazisində niyə blokada yaratsın?

Avropa Parlamenti, Ermənistanın ərazi bütövlüyündən söhbət açanda, artıq böyük təəssüf hissi doğurursunuz. Çünki məhz bu ifadələr özünü sanballı bir təşkilat bilməyə davam edən Avropa Parlamentinin sözsüz, öyrənməyə böyük ehtiyacını ortaya qoyur. Sual olunur, Ermənistanın ərazi bütövlüyünə kim xələl gətirib? Bəlkə Ermənistanın Baş naziri Nikol Paşinyan kimi siz də çaşırsınız? Necə ki, Nikol “Qarabağ Ermənistandır” demək istədiyi təqdirdə, Qarabağ Azərbaycandır həqiqətini ifadə etdi, deyəsən siz də Azərbaycanın ərazi bütövlüyündən danışmaq istədiyiniz təqdirdə, necə olubsa ağzınızdan Ermənistan çıxıb?

Biz əvvəllər elə bilirdik ki, Avropa Parlamenti ədalətli bir qurumdur. Və ümid edirdik ki, bu qurum Ermənistan-Azərbaycan problemlərinin çözülməsində bir işə yarıyacaq. Lakin sonralar bunun əksini gördük. İndi isə bu qurumun hansı səbəbdən, nə üçün və niyə Ermənistanın tərəfində olduğunu görürük. Və görürük ki, AP erməni sevdasından hətta tarixlərin, hadisələrin də yerini dəyişik salır. Ona görə də öyrənməyə ehtiyacı var ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub. 30 il Azərbaycan torpaqları işğal altında qalıb. 30 il bu torpaqların sahibləri məcburi köçkünlərə çevrilib dədə-baba yurdlarını tərk edib və həsrətli, hicranlı bir həyat yaşamağa məcbur olublar. 30 il Ermənistan Azərbaycan torpaqlarını talan edib, sərvətlərini dünya bazarına çıxarıb satıb sovurub. 30 il sonra ağ bayraq qaldırıb müharibədə məğlub olduğunu bəyan edəndən sonra isə Azərbaycan ərazilərində yenə də özlərini apara bilmirlər.

Məlumdur, bunları siz belə pis tərbiyə etmişiniz. Onların qulaqlarına oxuduğunuz havalardır onları oynadan. Yoxsa başqasının torpağında özlərini necə aparmağı yaxşı bilərdilər.

Lakin siz-Avropa Parlamenti də artıq bilməyə çalışın ki, haqq nədir, nahaq nədir. Çünki ən azından Allah qarşısında cavab verəcəyiniz bir gün olacaq. Həmin gün Allahın qəza-qədərinə düçar olmamaq üçün öyrənin ki, Qarabağ Azərbaycan ərazisidir. Burada yaşamaq istəyən ermənilər Azərbaycanın qoyduğu qayda-qanuna tabe olmalıdırlar. Öyrənin ki, Ermənistan Azərbaycan torpaqlarında hələ də talançılığı davam etdirir. Bunun üçün də düz 43 gündür ki, azərbaycanlı ekofəallar aksiya keçirirlər. Həm də qışın bu şaxtalı günlərində. Öyrənin ki, Ermənistan 10 noyabr Bəyannaməsinə görə hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir. Bunu da bilin ki, Azərbaycan nəyi nə vaxt edəcəyini yaxşı bilir və kimin təsirindən asılı olmayaraq həmin Bəyannamədə nəzərdə tutulanların hər birinin yerinə yetirilməsinə nail olacaq.

Mətanət Məmmədova

скачать dle 12.1