Məsuliyyəti korrupsioner yetişdirən Avropa Parlamenti daşıyacaq!

16-01-2023, 15:37
1 235
Məsuliyyəti korrupsioner yetişdirən Avropa Parlamenti daşıyacaq!

Bir müddət əvvəl Avropa Parlamentində baş verən korrupsiya olayı və həmin olayın bir ucunun ermənilərə bağlı olması faktı bu qurumu, sözün əsl mənasında, silkələmiş oldu. Yəni sübuta yetirildi ki, ötən il dekabrın 9-da Belçika polisinin Brüsseldə axtarışlar aparması və Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili də daxil olmaqla dörd nəfəri həbs etməsi bu qurumun nə qədər korrupsiya çirkabına bulaşdığını kifayət qədər isbatlayıb. Əbəs deyil ki, Belçika prokurorluğunun rəsmi bəyanatında da bildirib ki, istintaqda olan müttəhimlər Avropa Parlamentinin qərarlarına təsir göstərməyə imkan verən siyasi və ya strateji mövqeyə malik üçüncü şəxslərə külli miqdarda pul ödəməkdə və ya əhəmiyyətli hədiyyələr verməkdə şübhəli biliniblər. İstintaq bu gün də davam edir və ehtimallar var ki, həbslərin sayı arta da bilər. Bütün bunlar öz yerində.

Lakin həmin olayın ardınca Avropa Parlamenti hələ də özünün siyasi oyunbazlıqlarından geri qalmır, üstəlik, ermənipərəstlik mövqeyini daha geniş arealda nümayiş etdirməyə çalışır. Buna misal kimi adıçəkilən qurumun yenidən Azərbaycanı hədəfə almasını göstərmək olar. Yanvarın 18-də dinləmələr keçirən qurumun erməni lobbisi tərəfindən pulla alınmış deputatları, yəni korrupsiyalaşmış şəxsləri Azərbaycanla bağlı qətnamə qəbul ediblər. Daha doğrusu, Azərbaycanı bütün “günahlarda” ittiham atəşinə tutublar. Bəs həmin qərəzlər hansılardır?

Avropa Parlamentinin əsas məqsədlərindən biri Ermənistandan istifadə etməklə regionda Avropa İttifaqının missiyasının təsirini artırmaq və paralel olaraq Azərbaycanın, Türkiyənin və Rusiyanın maraqlarının qarşısını almaqdan ibarətdir.

Avropa Parlamenti tələb edir ki, Ermənistanın ərazi bütövlüyünə hörmət olunsun və Azərbaycan Silahlı Qüvvələri ötən ilin sentyabrında möhkəmləndiyi mövqelərini tərk etsin. Ancaq Avropa Parlamentində nədənsə Azərbaycanın ərazi bütövlüyünə edilməli olan hörmətdən bəhs edilmir, üstəlik, dünya birliyinin (!) Azərbaycanın ərazisi olaraq tanıdığı Qarabağda qalmağa davam edən qanunsuz erməni silahlılarının çıxarılması barədə bir kəlmə də olsun fikir səsləndirilmir (?!) Və biz üçtərəfli bəyanatda qəbul edilmiş bəndlərin İrəvan tərəfindən əməl edilməməsi faktı barədə də heç nə görmürük!

Əksinə, biz tamamilə əks və birtərəfli mövqe müşahidə edirik. Çünki sözügedən qətnamədə Azərbaycanın ərazi bütövlüyünə qarşı Avropa Parlamenti səviyyəsində hörmətsizlik müşahidə olunur və hansısa “Dağlıq Qarabağ xalqı” haqqında bəhs edilir (???!!!)

Üstəlik, həmin Avropa Parlamenti Azərbaycanın ərazisində keçirilən ekoaksiyanı hədəfə almaqla “Laçın dəhlizinin blokadaya alınması” barədə dəm vurur, amma ekoaksiyanın əsas səbəbləri barədə susur və illər uzunu yataqlarımızda aparılan qanunsuz işlərdən, xarici şirkətlərin cinayət əməllərindən, təbiətimizin – flora və faunamızın korlanmasından, terrora məruz qalmasından, ümumiyyətlə, bəhs etmir.

Belə bir qərarların isə əlbəttə ki, Azərbaycana təsir göstərməsi qeyri-mümkündür, çünki ədalətli olan da məhz Azərbaycandır. Ədalətsiz qərarın, qətnamənin verilməsindən təəssüf doğuracaq faktor isə, əlbəttə ki, buna qarşı dişsiz Avropa İttifaqının susqun davranışıdır. Ən azından, regionda sülhün bərqərar olması üçün ilkin vaxtlarda kifayət qədər cəhdlər göstərdiyi görünən Avropa İttifaqı şurasının rəhbəri cənab Şarl Mişel Avropa Parlamentinin bu oyunbazlığına qarşı heç olmasa yumşaq iradını bildirməli idi, amma təəssüf ki, bunu da müşahidə etmədik...

Beləliklə, növbəti anti-Azərbaycan xarakterli qətnamənin, yaxud bəyanatın səsləndirilməsinin Bakı üçün istisi-soyuğu yoxdur. Bunun isti-soyuğu, əlbəttə ki, korrupsiyaya bulaşmış Avropa Parlamentinin imicinə olacaq. Çünki vaxt dayanmır, sürətlə irəliləyir və Ermənistan bu və ya digər şəkillərdə korrupsiya və rüşvətlər hesabına hansısa qurumlarda sənədlər qəbul etdirəcəksə, əslində, özünə pis perspektivlər yaradacaq. Sonrakı məsuliyyəti də əlbəttə ki, bu gün sərsəm qətnamələr qəbul edən Avropa Parlamentinin də üzərinə düşəcək. “Hələ ki, gec deyil” ifadəsinin də işlədilməsinə artıq yer yoxdur. Gecdir və günahı da söz yox ki, qarşı tərəflər daşıyır...

скачать dle 12.1