İlk azərbaycanlı balerina, baletmeyster və pedaqoq

24-01-2023, 16:33
2 277
İlk azərbaycanlı balerina, baletmeyster və pedaqoq

Balet dərslərinə getdiyi üçün atası onu ölümlə hədələmiş, səhnəyə çıxmağa qadağa qoymuş, qohum-əqraba, qonum-qonşu seçdiyi peşə üçün qınamış, hətta şəhər qoçuları bir daha rəqs edə bilməsin deyə onu ayağından güllələmişdi... Amma o, atasından qorxsa da, qınaqlardan sarsılsa da, ayağındakı güllə yarasından sonra sevdiyi hündür daban ayaqqabılarını geyə bilməsə də, rəqs etməkdən əl çəkməmiş, böyük sevgi ilə addımladığı yoldan geri dönməmişdi. Seçdiyi yolda inamla irəliləyən, sənət eşqini ömrü boyu heç kimə və heç nəyə güzəştə getməyən bu inadkar zərif xanım Qəmər Almaszadə (1915-2006) idi...

Qəmər Almaszadə Azərbaycan incəsənət tarixində dərin iz qoyan, adını milli mədəniyyət salnaməsinə qızıl hərflərlə həkk edən sənətkarlarımızdandır. Bu üzü nurlu, mənəviyyatı saf, gözəl qadının polad kimi möhkəm iradəsi olub. İstedad və zəhməti ilə yanaşı həm də güclü xarakteri sayəsində həyatda bütün məqsədlərinə çatıb. Son dərəcə zövqlə geyinən, dəb və çağdaşlağın bütün zərafətini məharətlə nümayiş etdirən, şux təbiətli, hər zaman lətafətli görünən Qəmər Almaszadə mükəmməl bir qadın obrazı kimi həmişə diqqət mərkəzində idi. Məğrur yerişi, şax qaməti, gözəl qara gözlərinin cazibədar baxışları bu gözəlliyə fərqli bir ahəng qatırdı; lakin bütün bu zərifliklə təzad təşkil edən sərt, tələbkar, bəzən də inadcıl və şıltaq təbiəti vardı onun. Səhnəni çox erkən, cavan yaşda və şöhrətinin zirvəsində olduğu vaxt tərk etməsi də onun xarakter özünəməxsusluğu ilə bağlı idi. Ancaq səhnədən ayrılsa da, həyatını bütövlükdə Azərbaycan balet sənətinin inkişafına həsr etmiş, yaradıcılıq işləriylə süslənən uzun ömür yaşamışdır.

1586255124446_7mWalSNC.jpg (28 KB)

O, 1915-ci il martın 10-da Bakıda dünyaya göz açmışdı. Şəhər mərkəzində, Vidadi küçəsindəki 112 saylı evdə yaşayan gənc ailənin – tacir Hacıağa və həkim Məryəmin ilk övlad sevinci yerə-göyə sığmırdı. Hamının Ay parçasına bənzətdiyi qızına atası Hacıağa Qəmər adını qoyur. Kiçik Qəmərdən sonra ailənin daha üç övladı – Adilə, Ənvər və Əkbər dünyaya gəlir. Qəmərdə kiçik yaşlarından baletə maraq yaradan isə uşaqlıq dostlarından biri olmuşdu. Qəmər Almaszadə mühafizəkar müsəlman ailəsində doğulub böyüdüyü üçün balet dərslərinə getmək üçün atasından icazə almağa ürək etmirdi. – Sonra o, dostluq etdiyi qonşu qızı Şura Stepanova ilə birlikdə gizlicə “Gürcü teatr”nın nəzdində yaradılan balet studiyasına müraciət edir və dərslərə gedir. Burada dərslərə başlayanda onun cəmi on yaşı vardı. Rəqs müəllimi Sergey Gevorkov studiyaya yazılan uşaqların hərəsindən sıra ilə altı manat pul aldığı halda, Qəmərin pulu çatmadığından ona güzəşt etmişdi. Belə ki, növbə Qəmərə çatanda qızcığaz çəkinə-çəkinə “Mənim ancaq beş manatım var” deyib. Gevorkov ondan soyadını soruşub “Almaszadə” cavabını alandan sonra belə bir güzəştə getmişdi. Çünki bu qızcığaz balet öyrənməyə gələn ilk azərbaycanlı idi...

Sonralar həmin balet studiyası Bakı Xoreoqrafiya Məktəbinə çevrilərək Azərbaycana neçə-neçə dəyərli sənətkarlar qazandırmışdı. Qızının balet dərslərinə getməsi geniş dünyagörüşlü anası Məryəm xanımın ürəyincə olsa da, bunu həyat yoldaşından gizlətməli olmuşdu. Qəmər atasına idmanla məşğul olduğunu deyərək evdən çıxsa da, bir müddət sonra işin üstü açılır, milli adətlərə sadiq ata öncə buna çox ciddi etiraz etsə də, sonralar qızının sənət sevgisinə hörmətlə yanaşır, gizlicə teatra gəlib onun çıxışlarına tamaşa edir. Qəmər Almaszadə illər sonra həmin günləri xatırlayaraq belə deyirdi: “Atam baletlə məşğul olduğumu və səhnəyə çıxdığımı biləndə qəzəbindən evdə hər şeyi sındırıb dağıtmağa başladı. Mən qorxumdan gizlənmişdim”. Qəzəbli ata isə: “Səni də öldürəcəyəm, qızını da”, - deyə həyat yoldaşı Məryəmi hədələyirdi.

Atasının qəzəbindən qorxan Qəmər bir neçə gün balet studiyasına getməsə də, bütün fikri orada idi. Anası böyük çətinliklə atasını yola gətirməyə çalışmış və uzun isrardan sonra qızının dərslərə davam etməsi üçün icazə ala bilmişdi. Ancaq dindar ata yenə də öz qadağasını qoymuş, əsla səhnəyə çıxmamaq şərtilə icazə vermişdi. Əlbəttə, Qəmər Almaszadənin özkeçmişi və böyük sənətkar kimi yüksəlişi göstərdi ki, onun sənət sevgisinin qarşısında heç bir qadağa, maneə uzun müddət duruş gətirə bilməyib.

Qemer_Almaszade-070307-big.jpg (39 KB)

1930-cu ildə Qəmər xanım Balet studiyasında təhsilini başa vurub Opera və Balet Teatrına işə qəbul olunmuşdur. Eyni zamanda, atasının arzusunu da yerinə yetirmək məcburiyyətində qalmış, Pedaqoji Texnikumda (indi ADPU nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində) təhsil almışdır. Opera Teatrında çalışmaq onun balerina kimi peşəkarlığını daha da artırmış, sənət zövqünün formalaşmasında önəmli rol oynamışdır. Qəlbindəki qorxu hissi isə uzun illər onu rahatsız etmiş, bir gün atasının qoyduğu qadağanı pozduğunun aşkara çıxacağından ehtiyat etmişdir: “Hər dəfə səhnəyə çıxandan sonra evə qorxa-qorxa, ehtiyatla gedirdim. Atamın qəzəbindən çəkinirdim. Bilirdim ki, nə qədər gizlətsəm də, əvvəl-axır o, səhnəyə çıxmağımdan xəbər tutacaq. Həmin dəhşətli anın qorxusu, həyəcanı məni rahat buraxmırdı”.

Nəhayət, həmin gün gəlib çatır. Tamaşaya hazırlaşdığı vaxt qəfil balerinaya atasının salonda olduğunu çatdırırlar. Həyəcandan ürəyi əsən Qəmər xanım ciddi narahatlıq keçirsə də, çıxışını uğurla bitirir. O gün evə gələndə isə atası bu haqda ona heç nə demir. Sonralar dəfələrlə gizlicə qızının tamaşalarına gəlib onu seyr edən atanın isə üzündə razılıq ifadəsi vardı. Görünür o, qızının xalqına, millətinə ən faydalı ola biləcəyi işlə məşğul olduğunu başa düşmüş və nə qədər çətin olsa da, onu balerina kimi qəbul etmişdi...

1932-ci ildə Reynhold Qliyerin “Şahsənəm” operasında ikinci dərəcəli rola seçilən Qəmər xanımın səhnə taleyi çox uğurlu olur. Eyni zamanda, (keçmiş) SSRİ Böyük Teatrının Balet studiyasında oxuyur. 1933-cü ildə Leninqrad (indiki Sankt-Peterburq) Xoreoqrafiya Məktəbinə daxil olan, burada şöhrətli balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyan gənc balerina 1936-cı ildə ali məktəbi bitirib doğma vətəni Bakıya qayıdır. Azərbaycan milli rəqslərinin mahir ifaçısı olan Qəmər Almaszadə 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur, 1937-38-ci illərdə ansamblın bədii rəhbəri kimi səmərəli fəaliyyət göstərir.

O, həm də sənətşünaslıq tarixinə töhfələr vermək üçün Üzeyir bəy Hacıbəylinin rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrinə elmi səyahətlər təşkil edir, ilk qaynaqdan – xalqın yaddaşından milli rəqslərimiz haqqında bilgilər toplayır. 1936-cı ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyən Qəmər xanım yeni nəslə sənətin sirlərini öyrədir, daha sonra isə həmin məktəbin direktoru təyin edilir. Tələbələri onu sevimli müəllim, peşəkarlığın bütün sirlərini yetirmələrinə səxavətlə öyrədən fədakar müəllim kimi xatırlayır.

qəmər2.jpg (95 KB)

1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletində ilk peşəkar çıxışını edən Qəmər xanımın 1936-cı ildən başlayan balerina fəaliyyəti Azərbaycan incəsənətinə böyük töhfələr bəxş edir.

O, 1953-cü ilədək Azərbaycan Opera və Balet Teatrının solisti, həmin vaxtdan 1989-cu ilədək baş baletmeyster kimi neçə-neçə əsərə səhnə həyatı verib. Daha sonra baletmeyster və Bakı Xoreoqrafiya Məktəbinin direktori işləyən sənətkar incəsənətdə və pedaqoji sahədə fəaliyyətini 90-cı illərin sonuna qədər davam etdirib.

Onun sənət şöhrəti Azərbaycanın və keçmiş SSRİ-nin hüdudlarını aşmış, çıxışları Fransa, Hindistan, Nepal kimi ölkələrdə böyük rəğbətlə qarşılanıb. Həmçinin Şərq ölkələrində incəsənətin inkişafı və tərəqqisinə də köməklik edib, ona müraciət edənlərdən bacarıq və zəhmətini əsirgəməyib. 1970-ci ildə İraq Xalq Rəqsləri Ansamblını yaratmaq üçün Bağdada dəvət olunanda böyük həvəslə bu ölkəyə gedən Qəmər xanım 1970-72-ci illərdə İraqda işləyib, İraq Dövlət Rəqs Ansamblının təşkilində iştirak edib.

Hər zaman şöhrətin zirvəsində olan, xalq tərəfindən sevilən, dövlət səviyyəsində diqqət görən, yaradıcılığı yüksək dəyərləndirilən Qəmər Almaszadə ömrü boyu dövlət, xalq sevgisi və qayğısı ilə əhatə olunub. O, pərəstişkarlarının hər tamaşasından sonra qrim otağına göndərdiyi saysız gül dəstələrinin arasında çətinliklə keçirdi. Teatrdan evinə gedən yol boyunca çiçəklər düzür, yolda dayanıb saatlarla onun yolunu gözləyirdilər. Aldığı sevgi məktublarının sayı-hesabı yox idi...

Sənəti eşqiylə yanaşı, həm də xoşbəxt evliliyi ilə həyata daha möhkəm bağlanan Qəmər xanımın görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli ilə gözəl ailəsi vardı. İkisi də bu evlilikdən çox məmnun idi. Böyük sevgi ilə çıxdıqları yolu qarşılıqlı anlayış və bir-birinə göstərdikləri sonsuz qayğı, hörmət ilə davam etdirirdilər. 15 illik evlilik həyatı boyunca həm də sənət dostu olmuş, bütün düşüncələri, istəkləri ortaq olmuşdu. Lakin Qəmər xanımın övladının olmaması onu ayrılıq qərarı verməyə vadar etmişdi. Əfrasiyab Bədəlbəylidən ayrılsa da, dostluqları, eyni teatrda həmkar kimi gözəl münasibətləri bir ömür boyu davam etmişdi...

Qəmər xanım Almaszadənin XX yüzilin 30-cu illərində səhnədə həyat verdiyi obrazlar – R.Qliyerin “Qırmızı lalə” əsərində Tao Xoa, A.Adanın “Korsar”ında Medora, B.Asafyevin “Baxçasaray fontanı”nda Mariya, C.Puninin “Esmeralda” baletində Esmeralda, eləcə də Ü.Hacıbəylinin “Koroğlu” və R.Qliyerin “Şahsənəm” operalarındakı solo rəqsləri uzun illər tamaşaçıların yaddaşından silinməyib. Azərbaycan balet məktəbinin yaradıcılarından olan Qəmər xanım klassik repertuarın ən çətin partiyalarında çıxış edib. P.Çaykovskinin “Şelkunçik” baletində Maşa, A.Qlazunovun “Raymonda” əsərində Raymonda, L.Minkusun “Don Kixot”unda Kitri, P.Çaykovskinin “Qu gölü”ndə Odetta-Odilliya və digər obrazları bu qəbildəndir. Onun milli baletimizdə ifa etdiyi partiyalar Azərbaycan Xoreoqrafiya sənətinin ən möhtəşəm uğurlarıdır. Ə.Bədəldəylinin “Qız qalası” baletində Gülyanaq, S.Hacıbəyovun “Gülşən” əsərində Gülşən, Q.Qarayevin “Yeddi gözəl”ində Ayişə obrazları bu baxımdan özəlliklə diqqəti cəlb edir.

415226385f79cf588a9312536891aaff.jpg (66 KB)

Qəmər Almaszadə bir çox baleti özü tamaşaya qoymuş və baş partiyada çıxış etmişdir. Belə uğurlu işləri sırasında “Qız qalası” (1948, 1958, 1977), “Doktor Aybolit” (1949, İ.Morozov), “Baxçasaray fontanı” (1951), “Yeddi gözəl” (1952), “Qırmızı lalə” (1954), “Yatmış gözəl” (1955, P.Çaykovski), “Laurensiya” (1956, A.Kreyn), “Qızıl açar” (1957, B.Zeydman), “Arlekinada” (1959, R.Driqo), “Jizel” (1961, A.Adan; N.Fyodorovla birgə), “Qu gölü” (1963, 1981), “Qaraca qız” (1965, Ə.Abbasov), “Şur” (1968, F.Əmirov), “Don Kixot” (1973) baletlərini qeyd etmək olar.

Qəmər Almaszadə həmçinin bir sıra operalarda rəqslərə quruluş vermişdir.

Onun çoxşaxəli sənət fəaliyyətində pedaqoji ustalığının da önəmli yeri vardır. Azərbaycan baletinin gələcəyi üçün böyük işlər görən Qəmər Almaszadə səhnədə layiqli davamçılarını yetişdirmişdir. Görkəmli balet artistlərindən L.Vəkilova, R.Axundova, Ç.Babayeva, T.Şirəliyeva, Gürcüstanın Xalq artisti V.Siqnadze və b. öz sənət müəllimlərinin adına şərəf gətirən yetirmələrindəndir.

Sənətinin fədaisi olan Qəmər Almaszadənin əməyi hər zaman yüksək səviyyədə diqqət görüb. Sənətdə ilk uğurlarından başlayaraq daim əməyi təqdir olunan balerinaya dövlət tərəfindən bir çox ödüllər təqdim olunub. O, keçmiş SSRİ-nin nüfuzlu ordenləri, o cümlədən, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycan Xalq artisti (1943), (keçmiş) SSRİ-nin Xalq artisti (1959), SSRİ Dövlət mükafatı laureatı (1952) kimi fəxri ad və ödüllərlə mükafatlandırılıb.

Qəmər xanım Almaszadə 2006-cı ilin 7 aprelində Bakıda dünyaya gözlərini yumub. Lakin Azərbaycan incəsənətinin inkişafına həsr etdiyi sənətkar ömrü cismani yoxluğundan sonra da davam edir. Adı və xidmətləri əsla unudulmur.

Yaşlı nəsillərin yaddaşında misilsiz gözəlliyi və sonsuz istedadı ilə yadda qalan əvəzsis rəqqasə-balerinanı yeni nəsillər balet tarixinin, musiqi tarixinin əbədiyaşar simalarından biri kimi tanıyır (və tanıyacaqdır). Prezident İlham Əliyevin görkəmli balerinanın 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncamı da bu böyük sənətkara dövlətimizin, xalqımızın ehtiramını ifadə edir. Sərəncamda Qəmər Almaszadənin yüksək sənətkarlıq xüsusiyyətləri, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılan bir çox əsərlərə məharətlə quruluş verdiyi, milli kadrların hazırlanması sahəsində fəaliyyəti təqdirlə qeyd olunub.

Qəmər Almaszadənin sənətə, ölkəsinin mədəni inkişafına həsr etdiyi həyatının ən böyük mükafatı isə ömrünün ahıl çağını müstəqillik qazanmış Azərbaycanda yaşaması oldu. Elə məhz bu illərdə də ölkəmizin ali mükafatı olan “Şöhrət” ordeninə layiq görüldü, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2002-ci il tarixli Sərəncamı ilə ona Prezidentin fərdi təqaüdü verildi.

Bacısı Adilənin, qardaşı Əkbərin faciəli ölümləri, anası Məryəm xanımın övlad dağı görəndən sonra dünyadan köçməsi, özünün övladının olmaması, bu səbəbdən min bir arzu və böyük sevgiylə qurduğu ailə ocağının dağılması şəxsi həyatının ən ağır məqamları kimi onu sarsıtsa da, sənətkar kimi hər zaman xoşbəxt idi.

Keçdiyi şərəfli yol onu böyük işlərə imza atmağa gətirib çıxarıb, zəhməti öz bəhrəsini verib. Yalnız Azərbaycanda deyil, bir çox ölkədə görkəmli balerina kimi tanınan Qəmər Almaszadənin adı XX yüzilliyin sənət yaddaşına yazılıb.

1951-ci ildə, 36 yaşında balerinalığa “əlvida” desə də, 1990-cı illərin sonuna qədər həyatını milli baletin inkişafına həsr edilən xidmətləriylə adı sənət tarixində əbədiləşən şax qamətli, əzəmətli, gözəl, zərif sənətkar – Qəmər xanım Almaszadə xalqımız, milli mədəniyyətimiz var olduqca unudulmayacaqdır!

Qənirə Paşayeva,

скачать dle 12.1