Alimin, elmin gücü

25-01-2023, 20:18
2 108
Alimin, elmin gücü

Araz Gündüz

Bir vaxtlar dünyada elmin sözü çox keçərli idi, alim sözünün kəsəri vardı. Eynşteyn ABŞ prezidentinə məktub yazıb onu dövlət siyasətində düzəlişlər etməyə çağırırdı. Bertran Rassel Londonda, pasifistlərin müqavimət hərəkatında birbaşa iştirak edib zindan həyatı yaşayırdı və bunun əks-sədası dünyada təlatüm yaradırdı. (Məsələyə az aid olsa da, o çağlarda dünyada, o cümlədən Azərbaycanda, alimlər arasında hökm sürən centlemen münasibətləri barədə bir nümunə gətirmək istəyirəm. O vaxt ADU adlanan BDU-nun Faik Bağırzadə adında rektoru vardı. Geologiya-minerologiya üzrə professor idi və deyilənə görə zəif alim də deyildi. Ancaq qardaşı Kamran Bağırov yüksək vəzifə tutduğundan, sözsüz ki, himayə olunurdu. Günlərin birində (deyəsən 1970-ci illərin əvvəlində) Faik Bağırzadə Elmlər Akademiyasının müxbir üzvlüyünə namizədliyini irəli sürür və biraz sonra eşidəndə ki, onunla yanaşı böyük alim Xudu Məmmədov da bu yerə öz namizədliyini verib, o andaca öz namizədliyini geri götürüb deyir: Xudu Məmmədov kimi nəhəng bir alimi qoyub məni müxbir üzv seçsələr bu mənim üçün böyük xəcalət olar.) Deyəsən, elmin səsini dünya dövlətlərinə çatdırmaqda son söz sahibi məşhur alim Stiven Hokinq idi, hər halda onun sözləri ilə az-çox hesablaşırdılar. İndi nə elmin səsi çıxır, nə də hamının gözünün dikildiyi və dünyanın gələcəyi barədə nə deyəcəyinə qulaq asmaq istədiyi konkret bir alim var. Çox təəsüf!

Baxın, görün, uzaq 1955-ci ildə görkəmli alimlər necə toplaşıb, dünya dövlətləri başçılarına təsiredici müraciətlər edə bilirdilər.

RASSEL-EYNŞTEYN MANİFESTİ
London, 9 iyul 1955-ci il.

Hesab edirik ki, insanlığn qarşılaşdığı faciəli vəziyyətlə bağlı olaraq, alimlər ümumdünya konfransı çağırmalı, kütləvi qırğın silahlarının yaradılması ilə əlaqədar olaraq yaranmış təhlükəni dəyərləndirməli və təklif olunan bu layihəyə uyğun gələn qətnamə qəbul etməlidir.
İndiki halda biz, bu və ya başqa bir xalqın, hansısa materikin və ya dini inancın nümayəndələri kimi deyil, bundan sonrakı taleyi şübhə altına düşən bütün insanlığın nümayəmdələri kimi çıxış edirik. Dünya konfliktlərlə doludur; və bütün ikinci dərəcəli konfliktlər kommunizm və antikommunizm arasındakı titanik mübarizənin yanında çox kiçik görünür.

Siyasi vəziyyəti kəskinliyi ilə hiss edən, demək olar hər bir şəxs, bu və ya digər problemə rəğbətlə, yaxud düməncəsinə münasibət bəsləyir; ancaq biz istəyirik ki, əgər bunu etmək mümkündürsə, siz bu hissləri bir kənara qoyub, özünüzə, çox əlamətdar bir inkişaf yolu keçmiş və yox olmasını heç birimizin istəmədiyi bioloji bir növün nümayəndəsi kimi baxasınız.

Biz bunu elə şəkildə deməyə çalışmalıyıq ki, qarşı-qarşıya dayanan düşərgələrdən heç biri bizi tərəfkeşlikdə suçlaya bilməsin. İstisnasız olaraq hamını, təhlükə təhdid edir və əgər bu təhlükə dərk edilərsə, onu birgə çalışmalarımızla aradan qaldırmağa ümid etmək olar.
Biz yeni tərzdə düşünməyi öyrənməyə borcluyuq. Biz mənsub olduğumuz düşərgənin hərbi yolla qələbə çalması üçün hansı addımların atılmalı olduğunu soruşub öyrənməli deyilik, çünki artıq belə addımlar mövcud deyildir; biz özümüzə belə bir sual verməyə borcluyuq: nəticəsi, iştirakçılarının hamısı üçün mütləq şəkildə faciəli olacaq silahlı savaşın qarşısını almaq üçün hansı addımları atmaq zəruridir?

İctimaiyyət və hətta, dövlət xadimlərinin çoxu nüvə müharibəsi olacağı təqdirdə nə baş verəcəyini anlamır. İctamaiyyət hələ də, nüvə silahına şəhərlərin məhv edilməsi üçün vasitə kimi baxır. Ancaq hamı yaxşı bilir ki, yeni atom bombaları köhnələrlə müqayisədə daha güclüdür və əgər bir atom bombası Xirosima şəhərini məhv etməyə qadirdirsə, indi bir hidrogen bombası London, Nyu-York və Moskva kimi nəhəng şəhərləri Yer üzündən silmək gücündədir.

Heç şübhə yoxdur ki, hidrogen bombasının müharibədə tətbiqi ilə böyük şəhərlər yer üzündən silinəcəkdir. Ancaq bu hələ qarşılaşdığımız ən böyük fəlakət deyildir. Əgər Londonun, Nyu-Yorkun və Moskvanın əhalisi məhv olacaqsa, insanlıq bir neçə yüz il ərzində özündə güc tapıb, bu zərbənin nəticələrini aradan qaldıra biləcəkdir. Ancaq biz indi, xüsusilə də, Bikinidə keçirilən nüvə sınaqlarından sonra bilirik ki, atom bombaları tədricən, güman etdiyimizdən daha böyük ərazilərə ölüm və dağıdıcılıq gətirə bilər.
Öz alim nüfuzumuz əsasında bildiririk ki, indi Xirosimanı məhv edən bombadan 2500 dəfə güclü olan atom bombası hazırlamaq mümkündür.

Belə bir bomba yer üzərində və ya su altında partladılarsa, atmosferin üst qatlarına radioaktiv hissəciklər püskürür. Onlar radioaktiv toz və ya yağış şəklində tədricən yağıb, yer səthinə çökə bilər. Məhz belə bir radioaktiv toz yapon balıqçılarını və onların ovlarını zəhərləyə bilmişdi.

Belə öldürücü radioaktiv hissəciklərin nə qədər uzaqlara yayılacağını kimsə dəqiqliklə bilmir. Ancaq ən böyük mütəxəssislər bir ağızdan bildirir ki, hidrogen bombasının tətbiq edildiyi müharibə bütün insan nəslini məhv edə bilər. Belə bir təhlükə də gözləniləndir ki, çoxlu sayda hidrogen bombasının tətbiqi də, əslində insanlığın məhvinə gətirib çıxaracaqdır, onlardan az bir qismi qəflətən məhv ediləcək, yerdə qalan çoxluq isə, tədrici və əzablı ölümə məhkum olacaqdır.

Çoxlu görkəmli alimlər və hərbi strategiya sahəsində böyük nüfuz sahibi olan şəxslər belə bir təhlükənin olması barədə dəfələrlə xəbərdarlıq etmişlər. Onlardan heç biri bu hadisələr nəticəsində insanların kütləvi şəkildə məhvinin qaçılmaz olduğunu inkar etmir. Onlar hesab edirlər ki, belə bir fəlakətin baş verməsi tamamilə mümkündür və ondan qaçmağın mümkünlüyünə kimsə əmin ola bilməz. Bu problemə münasibətlə bağlı mütəxəssislərin baxışlarının, onların siyasi görüşlərindən qətiyyən asılı olmadığını da yaxşı bilirik. Araşdırmalarımızın göstərdiyi kimi, bu baxışlar yalnız mütəxəssislərin bilik dərəcəsindən asılıdır. Onu da müəyyən edə bilmişik ki, bu sahə üzrə daha çox bilikli olan şəxslər, olduqca bədbin baxışlara malikdir.

Buna görə də, qarşınızda belə bir ağır, qorxunc və qaçılmaz sual qoymalı oluruq: biz insan nəslini məhv etməliyikmi, yoxsa, insanlıq müharibələrdən imtina etməyi bacaracaqdır? İnsanlar belə bir alternativlə qarşılaşmaq istəmirlər, çünki müharibələrin kökünü kəsmək çox çətindir.

Müharibələrin kökünün kəsilməsi milli severenliklərin məhdudlaşmasını nəzərdə tutan tədbirlərin görülməsini tələb edir, bu isə, əlbəttə, milli qürur hissi tərəfindən nifrətlə qarşılanır . Ancaq vəziyyətin dəyərləndirilməsinə hər şeydən daha çox, olduqca dumanlı və mücərrəd görünən “insanlıq” anlayışı mane olmaqdadır. İnsanlar yalnız mücərrəd şəkildə qavranıla bilən “insanlıq” anlayışının deyil, bilavasitə özlərinin, övladlarının və nəvələrinin təhlükə qarşısnda olduğunu çox zəif şəkildə təsəvvür edə bilirlər. Onlar özlərini belə bir həqiqəti dərk etməyə məcbur edə bilmir ki, birbaşa onların özünü və yaxınlarını əzablı ölümlə məhv olmaq təhlükəsi təhdid edir. Buna görə də, insanlar hesab edir ki, müasir silahları qadağan etmək şərti ilə, müharibələrin davam etməsi mümkündür.

Bu xəyali bir ümiddir. Hidrogen bombasından istifadənin qadağan edilməsi ilə bağlı sülh dövründə hansısa bir müqavilənin bağlanmasından asılı olmayaraq, müharibə şəraitində bu müqavilələrə əməl olunmasını vacib saymayacaqlar. Və hər iki tərəf, müharibə başlayan kimi, vaxt itirmədən hidrogen bombası hazırlamağa başlayacaq, çünki tərəflərdən biri hidrogen bombası hazırlasa, digər tərəf isə bunu etməzsə, onda hidrogen bombasına malik olan tərəf qaçılmaz olaraq qalib gələcəkdir.

Baxmayaraq, silahların ümumilikdə ixtisar edilməsi gedişində, atom silahının qadağan edilməsi barəsindəki istənilən razılaşma nəticəsiz qalmaqda davam edir, ancaq bu razılaşmalar hər halda bir sıra vacib məqsədlərə çatmaq işinə xidmət edə bilər . Birincisi, Şərq ilə Qərb arasındakı istənilən razılaşma, gərginliyin azaldılmasına xidmət etdiyi müddətdə faydalıdır. İkincisi, istilik-nüvə silahlarının qadağan edilməsi, tərəflərdən hər birinin, qarşı tərəfin buna hökmən vicdanla əməl edəcəyini hesab etdiyi halda, Perl Harbor hadisəsi kimi gözlənilməz hücumların baş verməsi ilə bağlı duyulan təhlükə hissini azaldardı və bu münaqişənin tərəflərinin hələ də yaşamaqda olduğu bu kimi əsəb gərginliyini aradan qaldırmış olardı. Beləliklə də, biz belə bir razılaşmanı ilkin addım kimi alıqşlamağa borcluyuq.
Biz hamımız öz hisslərimizdə qeyri-obyektivliyə yol veririk. Ancaq biz bir insan olaraq anlamağa borcluyuq ki, Şərq ilə Qərb arasındakı ixtilaflar hamının: komunnistlərin və antikommunistlərin, asiyalıların, avropalıların və ya amerikalıların, ağların və qaraların məmnun qalmasına imkan verən şərtlər daxilində həll edilməlidir. Bu ixtilaflar heç bir halda silah gücünə həll edilməməlidir. Biz çox istəyirik ki, istər Şərqdə, istərsə də, Qərbdə bunu hamı başa düşsün.

Qarşımızda arasıkəsilməz tərəqqiyə, xoşbəxtliyə, biliyə və müdrikliyə aparan bir yol uzanır. Bu yolu tutub getməkdənsə, biz yalnız aramızdakı mübahisəni unuda bilmədiyimiz üçün hamılıqla öldürülməli olduğumuz müharibənimi seçəcəyik? Biz insan olaraq, yerdə qalan bütün insanlara müraciət edirik: özünüzün insan nəslinə aid olduğunuzu xatırlayın və bütün qalan şeyləri unudun. Əgər siz bunu etməyi bacarsanız, onda sizin qarşınızda yeni cənnətə aparan bir yol açılacaqdır; əgər bunu etməsiniz, onda qarşınızda hamılıqla məhv olmaq təhlükəsi dayanır.

Qətnamə:
Biz bu konqresi, onun vasitəsi ilə dünyanın bütün alimlərini və bütün dünya ictimaiyyətini aşağıdakı qətnaməni imzalamağa çağırırıq:
“Heç şübhəsiz, gələcək dünya müharibəsində nüvə silahının tətbiq ediləcəyini və bu silahın bütün insan nəslinin mövcudluğunu təhdid etdiyini nəzərə alaraq, təkid edirik: bütün ölkələrin hökumətləri bunu anlasınlar və ictimaiyyətə elan etsinlər ki, dövlətlər arasındakı mübahisə dünya müharibəsinə gətirib çıxaran silahlı toqquşmalarla həll edilə bilməz. Biz tələb edirik ki, onlar bütün mübahisəli məsələlərin dinc vasitələrlə həll edilməsi yollarını tapsınlar”.

Razılaşmanı imzlayanlar:
Professor Maks Born, Gettingendə nəzəri fizika, Edinburqda təbiət fəlsəfəsi üzrə professor, fizika üzrə Nobel mükafatı laureatı
Professor Persi U. Bricmen, Harvard universitetinin fizika professoru, fizika üzrə Nobel mükafatı laureatı
Professor Albert Eynşteyn
Professor Leopold İnfeld, Varşava universitetinin nəzəri fizika professoru
Professor Fredirik Jolio-Küri, fizika professoru, kimya üzrə Nobel mükafatı laureatı
Professor German Müller, İndiana ştatı universitetinin zoologiya professoru, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı
Professor Laqynus Pollunq, Kaliforniya texnologiya universitetinin kimya professoru, kimya üzrə Nobel mükafatı laureatı
Professor Sessil Pauell, Bristol universitetinin fizika professoru, fizika üzrə Nobel mükafatı laureatı
Professor Cozef Rotblat, London universitetinin fizika professoru
Brtran Rassel
Professor Hideki Yukava, Kioto universitetinin nəzəri fizika professoru, fizika üzrə Nobel mükafatı laureatı

скачать dle 12.1