El və elçi düşmənçiliyi

29-01-2023, 14:11
2 720
El və elçi düşmənçiliyi

“O zaman ki, bezikib şah qaçdı,

Mürtəcelər dəxi pünhan oldu"
(Sabir)

“Elçiyə zaval yoxdur” deyə bir məsəl var. Ancaq görünür, bu məsəlin İran kimi rejimlərə aidiyyəti yoxdur. Özü də İran ərazisində elçiyə, səfirə sui-qəsdin qədim tarixçəsi var.
Dərhal yadımıza düşənlərdən 1829-cu ildə rus elçisi Aleksandr Qriboyedovun Tehranda öldürülməsini, 1979-cu ildə ABŞ-ın İran səfirliyinin işğalı və 52 amerikalının girov götürülməsini qeyd edə bilərik. Onlar yalnız 1981-ci ildə - 444 gün sonra azad edilmişdilər. Bu hadisə diplomatiya tarixinə ən uzun sürən girov böhranı kimi düşmüşdür. Haqqında “Argo əməliyyatı” adlı film çəkilib.
İndi bizim səfirliyə çirkin hücumun da bu kimi adət-ənənələrdən irəli gəldiyinə şübhə yoxdur. Elçi təkdir, dövlətindən uzaq və köməksiz adamdır, ona əl qaldırmaq, elçiliyə hücum etmək ən alçaq hərəkətlərdən biridir. Görünür, çağdaş dünya səhnəsində hələ də bu cür primitiv, mağara hərəkətlərini özlərinə rəva bilən rejimlər qalır. Maraqlıdır ki, bu işdə İran öz qardaşı Ermənistanla təxminən eyni düşüncələrdədir. Erməni terrorçuları da həmişə elçiliklərə qarşı, xüsusilə Türkiyənin dünyadakı diplomatik nümayəndələrinə qarşı sui-qəsd, terror hücumları ilə tanınıblar. 20-ci əsrdə belə terrorun qurbanı olmuş onlarla türk diplomat vardı.

Eyni zamanda İrandan başqa hərəkət gözləmək də yersizdir. İran öz vətəndaşlarına qarşı hansı terroru, şiddət və repressiyanı həyata keçirir - buna bütün dünya şahiddir. Təkcə keçən il çadra etirazlarına görə 500-dən çox insanı Bəsic-in, polisin, cürbəcür qoçu dəstələrinin əliylə öldürüblər, hələ də bu amansız qətllər davam edir, tərəqqipərvər bəşəriyyəti sarsıdır. Günaşırı xəbər lentində oxuyuruq: “İranda etirazçı filankəsləri asacaqlar”.

İndi gəlin özümüzə sual verək: öz qadın vətəndaşlarını yaylığın altından çıxan kəkilin uzunluğu bəhanəsi ilə 21-ci əsrdə qətlə yetirən bir rejim Azərbaycan səfirliyinə xain hücumun qarşısını necə alacaqdı? (Lap hesab edək bu hadisədən hökumətin xəbəri olmayıb). Ona görə Xarici İşlər Nazirliyinin səfirliyi bağlayıb bütün əməkdaşları Bakıya köçürməsi anlaşılandır. Təhlükə davam edir və bunun sonu görünmür. Qorxutmaq üçün yazmıram, vəziyyət, reallıq budur.

Biz cənubdan çox qorxulu bir rejimlə əhatədəyik, yoldaşlar. Gəlin bunu həmişə yadımızda saxlayaq və “Azərbaycan Türkmənistana çevrilməsin” deyəndə “Azərbaycanı İran olmağa qoymayan istənilən sistem və rejim alqışa layiqdir” sözlərini də deyək. İrandakı kimi bir molla rejimi burada qurulsa onda bizi nə gözləyir, təsəvvür etmək belə dəhşətlidir. Bu günümüz üçün Allaha şükürlər, pis çıxmasın...

Yəqin Qarabağ ətrafında spekulyasiyalar aparan demokratik Qərbin bəzi işbazları bu amili də nəzərə almalıdırlar ki, Azərbaycan şimaldan Rusiya, cənubdan İranla sərhəddir. Burada yerli hökumətin seçim imkanları çox məhduddur, elə camaatın da seçim imkanları. Aşağı tüpürsən saqqaldır, yuxarı tüpürsən bığ. Qalırsan udquna-udquna. Udqunma demokratiyası - adını belə qoya bilərik.
Terrorun qurbanı Orxan Əsgərov, o cümlədən zərərsizləşdirmək üçün irəli atılan o qəhrəman cavan - adının Vasif olduğunu yazmışdılar - isə hər cür alqışa layiqdir. Səfirlik balaca Azərbaycandır, ölkəmizin ərazisidir və orada mühafizədə durmaqla cəbhə xəttində düşmənlə üz-üzə durmağın heç fərqi yoxdur.

скачать dle 12.1