Şər ortaqları - İran və Ermənistan bir ipin iki ucu kimi...

29-01-2023, 18:31
3 236
Şər ortaqları - İran və Ermənistan bir ipin iki ucu kimi...

Güneyli soydaşlarımız ötən gecə güclü zəlzələ şokundan çıxmamış, sübh çağı həm də hərbi obyektlərdəki partlayışlara şahidlik elədilər. İki gün öncə isə cəmi Azərbaycan xalqı Tehrandakı səfirliyimizə xain terror hücumunun sarsıntısını yaşamışdı və yaşamaqdadır.

Əgər zəlzələ Allahın işidirsə, yerdə qalanlar əlbəttə ki, bəndənin əməlləridir. Lap dəqiqi – totalitar fars rejiminə bağlı bəd işlərdir. Gerçək belədir ki, artıq İrandakı rejim öz ərazisindəki xalqlarla yanaşı, böyük bir region üçün də real təhlükə mənbəyinə çevrilib.

Biz hələ İranın israrla nüvə silahına can atmasını demirik. Odur ki, Güney Azərbaycan nə qədər tez azadlığına qovuşsa, bir o qədər özü ilə yanaşı, digər xalqlar üçün də yaxşı olar, onların da yolu açılar. Elə fars xalqının da...

Fakt budur ki, dünyada həm öz toplumuna, həm də bölgə xalqlarına və regional sülhə (özünün proksi qurumları ilə) qənim kəsilən ikinci belə ölkə tapmaq çətindir. Amma yox da deyil. O da şəksiz ki, Ermənistandır. Necə deyərlər, “su axar, çuxurunu tapar”. İran və Ermənistan bir ipin iki ucu kimi düz gəlirlər...

Bir-birinə “can-can” deyən bu iki dost-müttəfiq on illərdir regionu qarışdırmaqla, sülh və əməkdaşlığı, dinc-yanaşı yaşam şanslarını terror eləməklə məşğuldur. Diqqət edin, xarici diplomatların qətlə yetirilməsi və girov götürülməsi məsələsində İran və Ermənistan ön sıralarda duran, anti-rekorda imza atan iki ölkədir. Halbuki səfir, elçi, qonaq toxunulmazdır.

Amma dünyada üçüncü bir dövlət adı çəkmək mümkün deyil ki, hansısa fars və ya erməni diplomatını qətlə yetirsin. Üstəgəl, diplomatı öldürməyi qəhrəmanlıq saysın, terrorçulara, qatillərə abidələr ucaldıb onları bütləşdirsin, ziyarət yerlərinə çevirsin!..

İran özünü “islam respublikası” sayır. Müqəddəs Qurani-Kərimdə isə bir günahsız insanı öldürmək bəşəriyyəti öldürməyə bərabər tutulur. Məgər həmin ayədən xəbərləri yoxdur? Bal kimi var. Hanı bəs? Səfirlik əməkdaşı Orxan Əsgərovun vəhşicəsinə güllələnməsinə görə “islam rejimi”nin hansısa yüksək çinli ayətullahının tükü tərpəndimi? Xeyr.

Sanki belə də olmalı imiş. Üstəlik, şəhid vətəndaşımızın Azərbaycana göndərilməsinə mane olmağa çalışdılar (Dünyasını dəyişmiş müsəlman şəxsin dəfnini əngəlləmək də günah sayılır!). Hələ harasıdır, misli görünməmiş riyakarlıqla terrorçudan özünü-bəraət müsahibələri alıb telekanallarda yaydılar – əlbəttə ki, “yuxarıdakı”ların izni və birbaşa göstərişi ilə! Heç kim çörəyi qulağına yemir.

Özünə hörmət edən hansı dövlət belə rəzilliyə qoy qoyardı? Heç bir suç yiyəsi olmayan gənc insanı, iki uşaq atasını iş yerində qanına qəltan eləmək hara, müsəlmançılıq, möminlik hara?! Yəni islama, şəriətə, Qurana dəxli olmayan əsl yezidlik...

Ermənistan isə guya dünyəvi ölkədir, ermənilər özlərini sırtıqcasına dünyanın “ən qədim”, “xristianlığı ilk qəbul edən”, “ən mədəni” xalqı sayırlar, amma Xocalıda, digər yaşayış məntəqələrimizdə törətdikləri soyqırımlarına, qətliam və etnik təmizlənmələrə, insanlıq əleyhinə cinayətlərə və barbarlığa görə indiyədək onların da tükü tərpənməyib. Xristian dəyərləri hara, uşaqları, qoca-qadınları kütləvi şəkildə qırmaq hara?

Mənəvi qardaşlıq, əqidə ortaqlığı ayrı necə olur ki?

Artıq aydındır ki, İran və Ermənistan bölgədə qoşa şər mənbəyi kimi qaldıqca bölgə əhli də dinclik tapmayacaq. Mövcud şərtlərdə İranın yanında olmağın bədəli çox ağır ola bilər. İstisnasız. Yalnız önündə! Təbii ki, onun məslək ortağı Ermənistanın da...

Zahid SƏFƏROĞLU

скачать dle 12.1