Ermənistan siyasətində “İvanişvili presedenti”...

4-02-2023, 11:33
7 844
Ermənistan siyasətində “İvanişvili presedenti”...

Rusiyanın son vaxtlarda Cənubi Qafqazda irəlilətməyə çalışdığı siyasi ssenarilərdən biri də Ruben Vardanyanı Dağlıq Qarabağ və Ermənistan siyasətinin orbitinə çıxarmaqdır. Bu yaxınlarda biz bu ssenarinin mühüm mərhələsinin şahidi olduq – keçirilmiş son sorğulara görə, Vardanyanın erməni siyasətində hamını, hətta baş nazir Nikol Paşinyanı belə üstələdiyi məlum oldu.

Bəli, deyilə bilər ki, bu, adi sorğudur, ondan çox keçirilə bilər, üstəlik, onların obyektivliyi həmişə şübhə doğurub, indi də doğurmaqdadır, çünki keçmiş sovet məkanının böyük hissəsində seçkilərlə olduğu kimi, sorğularla bağlı da həmişə problem yaşanıb. Həm də sorğuların harada və necə keçirilməsi, onların reprezentativliyi çox vaxt mübahisəli olur və bu sorğular ən yaxşı halda ani siyasi atmosferi fiksə edirlər...

Amma gəlin, bir az tələsməyək. Söz yox ki, sorğular siyasi ssenarilərin mühüm alətlərindən biridir. Biz çoxdan gözləyirdik ki, “Vardanyan ssenarisi”nin də reytinq mərhələsi, sorğu anı yetişəcək. Çünki bu, ictimai şüurla manipulyasiyanın çox mühüm amilidir. Rusiya bu yolla öz “qəhrəman”ına siyasi status verərək onu ictimai şüura inyeksiya etməyə çalışır.

Fəqət, elə görünür ki, Vardanyan ssenarisi saxta sorğularsız da baş tuta bilər. Bir neçə il bundan əvvəl oxşar ssenari Gürcüstanda oynanıldı, oliqarx Bidzina İvanişvili ölkədə hakimiyyəti ələ keçirərək dinc yolla demokrat Mixeil Saakaşvilinin hakimiyyətinə son qoydu. Saakaşvilinin də, Paşinyanın haqqında deyildiyi kimi, Qərbin dəstəyi, hətta pulları ilə hakimiyyətə gəldiyi deyilirdi.

Gəlin görək, B.İvanişvilini orta statistik gürcünün gözündə cəlbedici edən nə idi? Birincisi, İvanişvilinin Rusiya ilə normal münasibətləri vardı və gürcü oliqarx eyni münasibətləri Rusiya ilə Gürcüstan arasında yaradacağını deyirdi. Saakaşvilinin belə imkanı yox idi – Mixeilin Qərb siyasətçisi olması bir tərəfə, o vaxt Gürcüstanla Rusiya arasında müharibə baş vermişdi və münasibətlərdə çox böyük gərginlik yaranmış, hətta diplomatik əlaqələr kəsilmişdi. Bəli, o, başqa məsələdir ki, Bidzina bunu edə bilmədi, vədinə xilaf çıxdı – Moskva ilə Tiflis arasında indiyə qədər normal münasibətlər qurulmayıb.

Düzdür, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması Tiflisi bir azca əl-ayağını yığışdırmağa məcbur etdi. İvanişvili hakimiyyətdən və siyasətdən getdiyini bəyan etdi, onun hakimiyyətdə qalan komandası isə bütün vasitələrlə Kremli inandırmağa çalışdı ki, Rusiyaya qarşı nəinki sanksiyalara, heç siyasi kursa da qoşulmayacaq. Bunun Rusiyaya nə dərəcədə inandırıcı təsir etməsi mübahisəli ola bilər. Amma Kreml əhlinin Ukraynadan sonra Moldovaya dərs veriləcəyini deməsi belə bir fikir yaradır ki, Rusiya az da olsa, Gürcüstana inanıb.

Burada həm də belə bir amil rol oynadı ki, Avropa İttifaqı Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana namizəd-dövlət statusu vermədi...

O ki qaldı cənab Bidzina İvanişvilini cəlbedici edən başqa cəhətlərə¸qeyd edək ki, 80-ci illərdən siyasətə atılmış personalar kimi o, heç də “lüt demokrat” deyildi. İvanişvili milyarder idi və seçkidə pulları kimi vədlərinə də xəsislik etmir, gürcü əhlinə “qızıl dağ”lar vəd edirdi; zavod və fabrikləri bərpa edəcəyini deyir, hamıya iş və aş vəd edirdi. Beləcə, Rusiya amili və milyardlar gürcü seçicisinin “saqqızını oğurlamağa” imkan verdi.

İndi oxşar mənzərə Ermənistanda yaranıb. Paşinynaın milyardları yoxdur. Onun Rusiya ilə münasibətləri də bərbad vəziyyətdədir. Ruben Vardanyan isə Rusiyanın öz adamıdır, üstəlik, onun milyardları var.
Amma Ruben Vardanyanın əsas problemi odur ki, Bakı onunla heç bir səviyyədə və formatda danışıqlar aparmayacağını bildirir. Bu, çox ciddi amildir, həm də Paşinyana kart-blanşdır. Bircə şərtlə ki, gərək, Paşinyan bunu lazımi dərəcədə qiymətləndirsin. Həm də ona görə ki, erməni cəmiyyəti də ondan bir müəyyənlik istəyir, əks təqdirdə, Nikolun siyasi hoqqaları cəmiyyəti yora bilər. Bunun nəticəsi isə, zənnimizcə, Nikola bəlli olmalıdır...

скачать dle 12.1