İki caninin törətdiyi terakt – bənzər məqamlar

4-02-2023, 11:34
7 063
İki caninin törətdiyi terakt – bənzər məqamlar

Tehrandakı səfirliyimizdə törədilən terror aktından keçən bu 6 gündə İran tərəfinin çıxardığı pəstəhalar ölkəmizdə diqqətlə izlənilməkdədir.

İran iz itirməyə, daha dəqiqi, izləri bir-birinə qarışdırmağa çalışır, diqqəti əsas versiyadan yayındırmağa cəhd edir.

Bu səbəbdəndir ki, uzun sürən (yarım saar) terakt proseduruna səssiz qalan, heç bir xilasedici tədbir görməyən, terrorçunun səfirlik işçilərinin ən azı yarısını qırmasını gözləyən dövlət rəsmiləri Yasin Hüseynzadənin yaxalanaraq tərksilah edilməsindən bəri bir-birinə ziddiyyət təşkil edən açıqlamalar verir, hərəkətlər edirlər.

Əvvəlcə “arvadını axtaran Hüseynzadənin səfirlik binasına azyaşlı övladları ilə daxil olduğu” barədə yalan üfürdülər. Videolarla təkzib olundu.

55443.jpg (168 KB)

Sonra terrorçunun polis tərəfindən zərərsizləşdirildiyini bildirdilər. Bu da videolarla təkzib olundu. Terrorçunu zərərsizləşdirənin səfirliyimizin əməkdaşı olduğunu göstərən videolar yayıldı – özü də, necə deyərlər, anbaan videolar.

Daha sonra terrorçunun brifinqini təşkil etdilər. Adam öz hərəkətinə bəraət qazandıran, İran dövlətini hadisədən kənarda tutan açıqlamalar verdi. Bu xüsusda aparılan təbliğat ölkəmizdəki haşadilli şəxslər tərəfindən tirajlanmaqdaydı ki, dövlət başçısı və digər rəsmilər ortaya aydın və kəskin mövqe qoydu: “Terrordur, vəssalam”.

İki gün öncə terrorçunun ruhi xəstə olduğu iddia edildi və onu psixiatriya dispanserinə yerləşdirdilər. Bu, həm İran tərəfinin anlaqlı olmayan şəxsin hərəkətinin məsuliyyətini daşımamaq cəhdiydi, həm də terrorçunun cəzasının yüngül olmasına hesablanıb.

İndi də iddia edilir ki, Yasin Hüseynzadə vaxtilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Yəni Azərbaycanla ciddi bağlılığı var. İran tərəfinin bizə təlqin etmək istədiyi fikir, loru dillə ifadə etsək, belədir: “Öz yeznənizdir”.

Bu əsnada məlum olur ki, “öz yeznəmiz” SEPAH-ın zabiti olub, Suriyada döyüş yolu keçib və hazırda da islam keşikçiləri ilə əlaqələrə malikdir.

Terrorçunun BDU məzunu olmasına gəlincə, universitetdən bildirilib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçirildiyinə görə hər hansı məlumatın verilməsi mümkün deyil.

Ancaq bu söhbət doğru olsa belə, bu, İran dövlətinin 27 yanvar terrorundan uzaq olmasına dəlalət etmir, əksinə, bunun dövlət terroru olması versiyasını daha da gücləndirir. Elə çıxır ki, İran bu şəxsdən ölkəmizə qarşı istifadə etmək üçün uzaqmənzilli plana sahib olub, adamı illərlə yetişdirib, bəsləyib və zamanı gələndə ortaya çıxarıb.

Səfirlikdə terror aktı törətmək üçün Yasin Hüseynzadə seçilməsi adamın yadına 20-ci əsrin ən mübhəm və səs-küylü terror aktını – ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli salır.

Bir neçə paralelə diqqət edək.

Kennedinin qətlini təşkil edənlər şübhələrin SSRİ-yə yönəlməsi üçün vaxtilə SSRİ-də yaşamış və rus qızı Marina ilə evlənmiş Li Harvi Osvaldı seçmişdilər.

Tehrandakı səfirliyimizdə törədilən terror aktına görə də şübhələrin Azərbaycanın özünə yönəlməsi üçün vaxtilə ölkəmizdə olmuş və azərbaycanlı qadınla evlənmiş Yasin Hüseynzadə seçilib.

800px-Lee_Harvey_Oswald_being_shot_by_Jack_Ruby_as_Oswald_is_being_moved_by_police,_1963.jpg (135 KB)

                       Cek Rubi canlı yayımda Osvaldı güllələyir 

Osvald qətli törətdikdən iki gün sonra yüzlərlə polisin, mühafizə əməkdaşının əhatəsində ola-ola Dallas polis departamentinin çıxışında Cek Rubi adlı barmen tərəfindən güllələnib. (Halbuki Rubi kriminal ünsür, mafiya üzvü əhlikef adam olub və Kennedinin fanatı olmayıb ki, onun qətlindən şoka, affekt vəziyyətə düşsün. Bu da ona dəlalət edir ki, Cek Rubi də Osvaldı öldürmək üçün seçilib. Onun özü isə heç kimə heç nə danışmadan 55 yaşında türmədə ölüb. Qatilin qatilinin rəsmi diaqnozu ağciyər xərçəngi olub).

Yasin Hüseynzadənin terakt törətdikdən dərhal sonra səfirliyimizin əməkdaşı tərəfindən zərərsizləşdirilməsi, necə deyərlər, onun qanının arasına girib. Bu işi İran polisi etsəydi, yəqin ki, “təslim olmaq istəməyən basqınçı” yerindəcə güllələnəcəkdi.

Başqa bir oxşarlıq da budur: Osvald da yaxalandıqdan sonra jurnalistlərə müsahibə verib, Yasin Hüseynzadə də. Birinci deyib ki, mən heç kəsi güllələməmişəm, məni ona görə tutublar ki, vaxtilə SSRİ-də yaşamışam.

Yasin Hüseynzadə isə deyib ki, mən vaxtilə Azərbaycanda yaşamışam və bu hadisəni də arvadım İrana buraxılmır deyə törətmişəm.

Bəlkə də Cek Rubi tərəfindən öldürülməsə, Osvaldı da psixiatriya dispanserinə salacaqmışlar. Çünki o vaxtilə SSRİ-də vətəndaşlıq almaq istəyib, istəyi rədd edilincə, damarlarını kəsib və onu ruhi xəstəxanaya yerləşdiriblər.

Osvaldın törətdiyi cinayəti araşdıran komissiya və hökumət rəsmiləri israrla qatilin təkbaşına hərəkət etdiyini bildiriblər. Hüseynzadənin törətdiyi cinayətə dair İran tərəfinin israrla təkrarladığı budur: “Təkbaşına hərəkət edib”. Halbuki hadisə yerini və zamanını görüntüləyən videolarda daha 3 nəfərin ona kömək etdiyi, bir nəfər səlahiyyətli şəxsin isə öz hərəkətsizliyi ilə mane olmadığı görünür.

İndi ortaya belə bir sual çıxa bilər: Kennedinin qətli hələ də müəmmallı sayılırsa, nədən Hüseynzadənin törətdiyi qətlin dövlət terroru olması birmənalı hesab edilir?

Kennedinin qətlinə dair yazılan kitablar, məqalələr, çəkilən bədii və sənədli filmlər normal analitik qabiliyyəti olan adamlarda aydın qənaət yaradır ki, bu qətl müəmmalı deyil, sadəcə, üstü həmin vaxt ABŞ-ı idarə edənlər tərəfindən ört-basdır edilib. Təkcə qatilin canlı yayımda güllələnməsi aktı şübhələnməyə əsas verir ki, bu səhnəni sırf Amerika xalqını sakitləşdirmək üçün təşkil ediblər. Hər halda Kennedidən qətlindən dərhal sonra, elə onun nəşin daşındığı təyyarədə prezident olaraq and içən Lindon Conson və Federal Təhqiqat Bürosunun 50 illik rəhbəri Edqar Huver qətlin əsl sifarişçilərinin və əsl icraçılarının (artıq yəqinləşib ki, əslində prezidentə ən azı iki killer atəş açıb) kim olduğunu bilirdilər. Bu barədə sənədlərin bir qisminin açılmaması faktı da göstərir ki, o qətl də dövlət terroru olub.

Uzun sözün kəsəsi, ideal şəkildə təşkil edilmiş terakt və ya sui-qəsd yoxdur, üstü qəsdən açılmayan, bilə-bilə ört-basdır edilən, “üstü açıldı” kimi göstərilən teraktlar və sui-qəsdlər var. Əgər təhqiqatçı tərəf ilk günlərdən cinayətə dair versiyaları bir-birinə qarışdırırsa, bilərəkdən yanlış izləri tutub yanlış istiqamətə gedirsə, caniləri aradan götürür və dolayısı ilə müdafiə etməyə çalışırsa, məsuliyyəti başqa tərəflərin üstünə şələləmək istəyirsə, demək, təhqiqata cinayəti törədənlər rəhbərlik edir.

скачать dle 12.1