Lağa qoyulmuş bələdiyyə

4-02-2023, 11:34
3 235
Lağa qoyulmuş bələdiyyə

Elm və Təhsil Nazirliyi xaricdə oxuyan 54 nəfərin diplomunu qəbul etməyibdir, gənclər narazı qalmışlar. Günah kimdədir? Əlbəttə, öləndə. Sizə kim deyirdi xaricə oxumağa gedirdiniz? Özümüzün gül kimi universitetlərimiz dura-dura.

Odur, iranlı terrorçu Yasin müəllimin də BDU yurfakını qurtardığı iddiası ortaya atılmışdır. Belə əndrəbadi tələbələrimiz çoxdur. Vaxtilə manıslardan Röya xanımın, o cümlədən Vasif Talıbovun oğlu Seymur müəllimin BDU tələbəsi, məzunu olması aşkara çıxarılmışdı. İndi də bu terrorçu...

Deyəsən keçmiş rektor Abel müəllim universitetin qapısını karvansara darvazasına döndəribmiş, kim istəsə girirmiş. Dəli şeytan deyir araşdırmaq lazımdır, bəlkə də Üsəma bin Laden Abel müəllimin dönəmində kitabxanaçılıq fakültəsində təhsil almışdır.

Bu arada dünənki yazımda Gəncə aqrar məktəbinə toxunmuşdum, bir yağlı əhvalat yadımdan çıxıb qalıb. Orda haçansa Nağı adında müəllim çalışırmış, ilk dərs günündə həmişə tələbələrə deyirmiş: “Mənim adım Nağıdır, ancaq siz Nağdı da deyə bilərsiniz. Bəri başdan xəbərdarlıq edirəm, heç kim tapşırıq, dayday-filanla üstümə gəlməsin, imtahan-zaçotun dəyəri nağd ödənməlidir”.

Maraqlıdır ki, Narxozda oxuyanda bizim tarix müəllimimiz kəsiri olan tələbələrdən kənd qoyunu alırdı. Qoyunların qəbulu prosesi isə əsl test üsulu idi, Əsəd müəllim evdən bir parça çörək götürüb qoyunlara tərəf tuturdu. Əgər qoyun çörəyə doğru qaçsa, bunu qəbul etmirdi, deyirdi şəhərdən, Bakı ətrafından əldə etmisiniz, əsl kənd qoyunu çörəyə yüyürməz, çünki onu tanımır, ot-ələflə becərilir. Eh, köhnə vaxtın müəllimləri indi hanı...

Gözəl günlər idi. Yoxsa indi müəllim uşağa şapalaq vurandan sonra canlı yayıma çıxıb əhalidən üzr istəyir. Ta belə olan vəziyyətdə müəllimin nə hörməti qalacaqdır? Platon demişdir ki, Allah məni göydən yerə endirdi, müəllimim isə göyə qaldırdı. Həqiqətən, bizdə uşaqları çiyninə qaldırıb yerə vuran gözəl pedaqoqlar vardı, Allah hamısına rəhmət eləsin.

Yeri gəlmişkən, Naxçıvanda yerli Ali Sovetin deputatını orta məktəblərdən birinə direktor göndəriblər, böyük narazılıq, etiraz baş qaldırıb. Ürəyi gedən, saçı yolunan, naləsi İlandağın zirvəsinə bülənd olan... Məktəb etirazçı ilə doludur, sanarsan Paris şəhəridir. Müəllimlər uşaqları da məktəbdən qovublar, deyirlər bu direktorun başçılığı altında dərs keçməyəcəyik, çünki təzə direktor elə ilk iclasda kollektivi söyübdür, deyib ağzınızı cıraram, kimsənin cınqırı çıxmasın və sairə.

Mən işin pedaqoji-metodoloji tərəfini qırağa qoyuram. Bunu yəqin nazirlik özü araşdıracaqdır. Məni düşündürən müəllimlərin deputat-direktordan narazı qalmasıdır. Qəribədir. Axı onu deputat seçib Naxçıvan Ali Sovetinə göndərən elə siz müəllimlər olmusunuz. Biz yaxşı bilirik ki, müəllimlər ordusu hər seçkilərdə Məzahir müəllimin əlinin altında, yalan olmasın, “Vaqner” özəl döyüşçü şirkəti kimi fəaliyyət göstərir. Öz seçdiyiniz adamdır, indi niyə bəyənmirsiniz? Pis idisə, niyə Naxçıvan xalqına vəkilliyi rəva görürdünüz? Atalarımız demişkən, quyu qazan, dərin qaz...

Ümid eləyək müəllimlər direktordan hüquq-mühafizə orqanlarına şikayət verməmişdir. Hazırda moddur, kimin böyründə asqıran olsa, hüquq-mühafizə orqanlarına müraciət edir. Kino çəkənlər deyirdilər sədr Şəfiqə xanımdan hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Məktəbdə uşağın qulağını dartırsan, valideyni hüquq-mühafizə orqanlarına müraciət edir. Hətta bu günlərdə Ağsunun kəndində bələdiyyə sədri rayon icra başçısını məhkəməyə veribdir. Deyir başçı kəndə gəlib iclas keçirdi, bələdiyyənin fəaliyyətini lağa qoydu, mən də bundan narazıyam.

Pah... Hüquqi dövlətdə yaşamaq yaxşı haldır, ancaq ta icra başçısı bələdiyyəni də lağa qoymayacaqsa, o vəzifənin mənası nədir? 

скачать dle 12.1