Babayana dil verənlərin “ədaləti”və Nürnberq Məhkəməsi

4-02-2023, 11:36
2 887
Babayana dil verənlərin “ədaləti”və Nürnberq Məhkəməsi

Tehrandakı hayların hay-küyündən sonra Amerika hayları da Vaşinqtonda, Kapitoli binası yaxınlığında nümayiş keçiriblər. Bir-biri ilə düşmənçilik edən ABŞ və İran sanki hay mövzusunda kommunike imzalayıblar, kimsə bu, saxtakar zümrənin xətrinə dəymir, əksinə, hər zaman onlara meydan verirlər, təki Türkiyə və Azərbaycana qarşı çıxsınlar.

İrandakı kimi, ABŞ-dakı aksiyada da Laçın yolunun bağlanmasına etiraz bildirib mənfur tayfa. Vaşinqtondakı aksiyada erməni pulları ilə yaşamağı özünə rəva bilən ABŞ konqresmeni Frenk Pallonenin iştirakı təəccüb doğurmur. Hələ utanmazcasına bu haqda özünün Twitter səhifəsində də məlumat verib və başından yekə iddia irəli sürüb. Həyasızcasına qoşulub hay sürtüklərinə, gözünün yaşını axıdır, Qarabağdakı separatçılara yas tutur. Kor gözləri ilə Laçın yolu ilə o tərəf-bu tərəfə şütüyən maşınlara, gedib-gələn ermənilərə baxmır...

“907-ci düzəliş” adlı sanksiyanı qəbul edənlər yenə də “Azərbaycana hərbi yardımın dayandırılması” iddiasına dəstək verir. O boyda dövlətin ali qurumunun üzvləri görün nə işlərlə məşğul olur. Pallone demişkən, hayların “nənəsi” Nelsi Pelosinin göz yaşlarını xatırladım...

Beynəlxalq Ədalət Məhkəməsinin də iş-gücünü atıb “Laçın dəhlizi” ilə bağlı məsələni müzakirə etməsi adama yer eləyir. Məhkəmənin adında “ədalət” varsa, Azərbaycan ərazisindən keçən hansısa yolun müzakirəsini açmağın özü əcaibdir, həm də ədalətsizlikdir! Siz dövlət yol polisisiniz, ya avtomobil yolları nazirliyi? Niyə Laçın yolundakı “vəziyyət” müzakirəyə çıxarılmalıdır, ermənilərin saxta iddialarının əsasında?! Kim ölüb, meyiti qalıb yolun ortada, basdırılmasına icazə vermir azərbaycanlı ekofəallar?!

Düzdür, Azərbaycanın da əks iddiasına baxılıb və  qərarların elanı gözlənilir. Amma axı, Azərbaycanın başını niyə bu cür qeyri-ciddi məsələ ilə qatmalıdır dünyanın ədalətli adlanan qurumu? Ermənistanın beynəlxalq hüquqi strukturlardakı nümayəndəsi Yeqişe Kirakosyan sevincək yazıb ki, əvvəlcə Ermənistan məhkəməyə müraciət edərək Azərbaycandan Qarabağı Ermənistanla birləşdirən “yeganə” yolun açılmasını öhdəsinə götürməyi tələb etmişdi. Təbii ki, öz növbəsində Azərbaycan məhkəməyə qarşı iddia qaldıraraq, İrəvanı atəşkəs razılaşması ilə qadağan edilən silah və minaların Qarabağa çatdırılması üçün Laçın yolundan istifadə etməkdə ittiham edib. 300-ə yaxın vətəndaşımız mina qurbanı olub 44 günlük müharibədən sonra, Ermənistan və onu müdafiə edənlərin əli qana batıb, amma onlar ayıblarına kor olmaqdansa, Azərbaycanın üstünə gəlirlər.

BMT TŞ-nin 4 qətnaməsini zibil qutusuna atan Ermənistanı diz çökdürərək torpaqlarını geri alan Azərbaycan bu gün qalan 20-25 faizlik məsələni də həll etmək istəyir və bu istəyində tamamilə haqlıdır. Beynəlxalq hüquqa istinad edir ölkəmiz və tamamilə ədalətli mövqedir. Qarabağda 10 minlik erməni “ordu”sunun, terrorçuların, separatçıların, qanunsuz silahlı dəstələrin olduğunu hətta rəsmi səviyyədə bəyan etmişik. Ədalət Məhkəməsi məhkəmə araşdırmasına bu faktdan başlamalıdır! Amma bu gün həmin terrorçu orduya silah-sursat daşınması üçün sərbəst marşrut yaradılması istiqamətində cəhdlərlə bağlı prosesə zaman itirir bu qurum. Dünyanın hansı ölkəsi bu vəziyyətlə barışardı?! “Aç qapını, gələk, səni öldürək” - misalı...

Sual olunur: bu halda Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianı təmin edəcəkmi, 30 il ərzində işğalın, terrorun, vandalizmin vurduğu zərərin qarşılığı olaraq təzminat almaq hüququmuz tanınacaqmı? Sanki balans yaratmaq istəyirlər işğala məruz qalanla işğal edən, körpələri öldürən, 1 milyonu didərgin salan arasında. 30 ildə də belə oynayırdılar, Ermənistanın xətrinə dəyməməyə çalışırdılar, separatçılara dəstək verirdilər.

Alman faşizmi süquta yetiriləndən sonra qurulan Nürnberq Məhkəməsində alman faşistlərinə qarşılıqlı iddia ilə çıxış etmək hüququ tanınmışdımı ki, indi Ermənistana belə bir hüquq tanınır?! Ermənistanın cinayətkar rəhbərləri, 31 il əvvəl Xocalıda soyqırım törədənlər hələ də sərbəst fəaliyyət göstərirlər, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qarşı (!) erməni saxtakarların iddialarına vaxt itirir! Ermənistana qarşı Hərbi Tribunal qurulmalıdır!

Bax, elə bu cür ikili münasibətlərə görədir ki, separatçı David Babayan kimi quldur “Azərbaycanı ”tərəfdaş" adlandıran, Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə iştirak edən ölkələr, beynəlxalq təşkilatlar Bakının cinayətinin ortağı olur" - deməyə cürət edir. Beləsinin dilini boğazından çıxartmaq lazım olduğu halda, cinayətə ortaq olurlar...

Ədalətiniz olsun!

скачать dle 12.1