Fəlakət psixozunun əsəri – yağmaçılıq və kütləvi hiddət

11-02-2023, 16:14
6 890
Fəlakət psixozunun əsəri – yağmaçılıq və kütləvi hiddət

Zəlzələ bölgəsinə aparılan yardım karvanının önünü kəsən, bir çox hallarda onu “uğurla” yağmalayan, daha sonra şirnikib yeni aktlar həyata keçirməyə çalışarkən yaxalanan və sözün əsl mənasında yerlə bir edilərək it gününə qoyulan suriyalıların görüntüsünü əks etdirən videoları soyuqqanlılıqla izləmək olmur.

Hiddət və nifrət hissinə bir az da mərhəmət, acıma hissləri qarışır. İnsan niyə bu günə düşməlidir? İnsan niyə bu günə qoyulmalıdır?

Onlar fürsətcillərdir, buna söz yox. Təbii fəlakətin yaratdığı başıpozuqluq və yiyəsizlikdən, xaosdan sui-istifadə edərək, sırf öz ehtiyaclarını ödəmək üçün, “ölkə necə dağılır, dağılsın, təki mən salamat olum və 5 lirə qabağa düşüm” fikri ilə çıxış edən bu insanlara bəraət yoxdur.

20 mindən çox ölənin, 60 mindən artıq yaralananın, ev-eşiyini itirmiş milyondan çox adamın taleyi, həyatı onlar üçün maraqlı və önəmli deyil. Fəlakət psixozu onları elə çulğayıb ki, yalnız özlərini düşünürlər və cinayət işləyrlər.

Amma onları diz çökdürüb döymək də, bunu videoya çəkib dünyaya yaymaq da yanlışdır.


Bu təkcə Türkiyədə baş verən dağıdıcı fəlakətdən sonra yaranmış durum deyil. Dünyanın istənilən ölkəsində baş verən bu sayaq təbii fəlakətlərdən, texnogen qəzalardan sonra mütləq ortaya ikiayaqlı goreşənlər, qarətçilər, yolkəsənlər, ölüsoyanlar çıxır və yaranmış xaosdan yararlanmaq istəyirlər.

Yüksək rifah içində yaşayan insanların təbii fəlakət və ya texnogen qəzadan dərhal sonra bir saatın içində necə kütləvi psixoz yaşadıqlarını, panikaya qapılıb vəhşiləşdiklərini, oğurluq, qarət, qətl kimi cinayətlər törətdiyini göstərən Hollivud filmləri də var.

Bu baxımdan Türkiyədə baş verən bənzər hadisələrə bu kontekstdən yanaşmaq və “bunu edənlər suriyalılardır” kimi kateqorik rəyləri tirajlamaq doğru deyil.

Əmin ola bilərsiniz ki, o yağmaçıların içində həmin bölgədə yaşayan türkiyəli vətəndaşlar da var və onlar da yaranmış situasiyada öz mənffətlərini güdərək eyni addımlar atıblar.

Dağıntıların arasında 4 milyon dollar tapıb polisə təhvil verən bir nəfərdir, onun yerində olan minlərlə şəxs elə addım atmazdı və ola bilər ki, dağıntıların içindən daha az məbləğdə pul və ya qızıl-zinət əşyaları taparaq mənimsəyənlər olub.

Zatən, Türkiyənin hüquq-mühafizə orqanlarının zəlzələ bölgəsinə gəlmək istəyən könüllülərin qarşısını alması bu üzdəndir. Onların arasında kifayət qədər çox yağmaçı zəlzələdən dağılmış yaşayış məntəqələrinə sızır və öz çirkin əməllərini həyata keçirirlər.

Həmin yağmaçıları üstünə “suriyalıdır” damğası vurmaq və onların kütləvi şəkildə Türkiyədən deportasiya edilməsini tələb etmək isə heç doğru deyil.

Birincisi ona görə ki, bu yağmalarda, digər cinayətlərdə iştirak edənlər Türkiyəyə sığınmış suriyalı qaçqınların heç 1 faizi də deyil. 15-20, lap 40-50 caniyə görə milyonlarla adamı ölümə göndərmək nə deməkdir, hansı humanizmlə bir araya sığar?

İkincisi, Suriyadan, labüd ölümdən qaçıb Türkiyəyə sığınanların bir xeylisi özbəöz qanımızdan, canımızdan olan türkmənlərdir və sığınmağa başqa yerləri yoxdur. O tərəfdə Bəşər Əsəd onların qanına susayıb.

Üçüncüsü, elə bir kütləvi deportasiya olsa, bu Türkiyənin suriyalı qaçqınlara çəkdiyi 10 illik zəhməti, məsrəfi bir neçə günün içində heç-puç edə bilər. Bütün Avropa Türkiyənin qarşısında məhz o qaçqınlara görə diligödəkdir. Avropa ölkələri o qaçqınları qəbul etməyəndə, hətta onların ölkəsindən keçib getmələrinə şərait yaratmayanda, Aralıq dənizinin İtaliya və Yunanıstana aid sularında kütləvi şəkildə batıranda, Türkiyə milyonlarla insanı xilas etdi və dünyaya örnək oldu.

Ona görə də qəti və ekstremist çağırışlar ziyanlıdır. Bunlar Türkiyənin beynəlxalq reputasiyasını Maraş zəlzələsi qədər zədələyə bilər.

Bir də suriyalı qaçqınlara görə Türkiyə prezidenti Ərdoğanın ititham edilməsinə dair fikirlər çoxalıb.

Başqa necə ola bilərdi? Suriyada vətəndaş müharibəsi başlananda Türkiyə və onun lideri qaçqınlara qucaq açmasa, 21-ci əsrin ən böyük humanitar faciəsi yaşanardı və region ölkələrinin liderləri B.Əsədin yeritdiyi genosid siyasətinin şərikinə çevrilərdilər. Ərdoğan öz dövlətinin və xalqının ziyanına olaraq bəşər əhlinin bir hissəsini xilas edib. Başqa vaxt müsəlman qardaşlığından, mərhəmətdən, insaniyyətdən danışan adamlar gərək heç vaxt tarixdə qalacaq yaxşı əmələ görə bir siyasətçini bu şəkildə qaralamasınlar.

Bu, ucuz söhbətdir, siyasi rəqibə zərbə vurmaq cəhdidir.

скачать dle 12.1