Qanun qarşısında bərabərlik

18-02-2023, 13:02
1 933
Qanun qarşısında bərabərlik

Rövşən Hacıbəyli

Ramiz Rzayev Ali Məhkəmənin sədri olduğu illərdə Avropa Məhkəməsi ədalətsiz qərarlara görə Azərbaycanı 5 milyon 268 min 676 avro cərimələyib

Son günlərin bütün hadisələri qardaş Türkiyədə və Suriyada baş verən dağıdıcı zəlzələnin fonunda çox əhəmiyyətsizdir. 88 saniyəlik titrəyiş təkcə binaları yıxmadı, təkcə 10 minlərlə can almadı, həm də dünyanın hər yerində insanları titrətdi, ürəklərini yerindən oynatdı, birliyə səslədi adamları, düşmənçiliyin mənasızlığına, dünyanın puç olduğuna, var-yatırın yeri gələndə heç nəyə yaramadığına bir daha inandırdı. Az qala bütün dünya bir olub zəlzələ qurbanlarının köməyinə, yardımına tələsdi, hərə əlindən gələni əsirgəmədi; quş dimdiyində su misalı…

Azərbaycanın, azərbaycanlıların elədikləri də bir insanlıq örnəyi idi, çox ağır günlərində (20 Yanvar, Xocalı, Qarabağda törədilən başqa qətliamlar) özü, demək olar, dünyanın heç yerindən yetərli dəstək almasa da…

Bu yaralar da qaysaq bağlayacaq, sağalacaq, zəlzələnin ürəklərə vurduğu zədələr, adamların çətin anda göstərdiyi qəhrəmanlıqlar, cəsarət nümunələri, körpələrin belə insanlıq dərsi yaddaşlarda yaşayacaq, kitablara düşəcək.

Bu zəlzələ həm də demokratiyanın, kollegial idarəçiliyin, hakimiyyət bölgüsünün, azad, göstərişsiz, tapşırıqsız mətbuatın necə vazkeçilməz olduğunu ortaya qoydu. Təkhakimiyyətlilik, ölkənin bir əldən idarə olunmasının, “nəyi nə zaman, necə etməyi mən bilirəm” iddiasının nə qədər yanlış olduğunu göstərdi. Korrupsiyanın, rüşvətin necə böyük və dağıdıcı, amansız bəla olduğunu bütün çılpaqlığıyla üzə çıxardı. Məhkəmələrin ədalətsizliyinin saysız fəsadlara yolaçdığını, hakim andı içən neçə-neçə mantiyalının hansı qanunsuzluqlara qol qoyduğunu dəfələrlə gözlərimizlə gördük…

***

Prezident İlham Əliyev 18 ildir Ali Məhkəmənin sədri olan Ramiz Rzayevi Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi ilə bağlı bu günlərdə “Şərəf” ordeni ilə təltif edib. Bu təltif Ali Məhkəmə sədrini çox ruhlandırıb, bunu son günlərin ciddi müzakirə mövzusu olan, mütəşəkkil cinayətdə günahlandırılıb həbs edilən, sonradan azadlığa buraxılan keçmiş MTN generallarının müsadirə olunan əmlaklarıyla bağlı verdiyi açıqlamadan bilmək olar. O, hamını təəccübləndirən açıqlamasıyla dünyanın diqqətində olan zəlzələni də az qala kölgədə qoyub. Onun sözlərinə görə, keçmiş MTN-dəki mütəşəkkil cinayətkar dəstə üzvlərinin müsadirə olunan əmlaklarının cinayət yolu ilə əldə olunmadığı və cinayətdə iştirakçı olmayan şəxslərə məxsus olduğu məhkəmədə sübut edilib: 

“…Nə cinayət olursa- olsun, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq. Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Biz deyə bilmərik ki, bu, Çovdarovdu, bu, başqasıdı, ona qanunu tətbiq etməyək. Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov… Biz gərək qanunu düzgün şərh edək, birinə qarşı bir cür, digərinə başqa cür edə bilmərik. Dediyim kimi, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq”.

Sizin üçün adamın ad-soyadının Akif Çovdarov, Sübahir Qurbanov, Bayram Məmmədov… olmasının necə böyük fərqi olduğunu biz zaman-zaman görmüşük, möhtərəm baş hakim. Sizin birinə yox, minlərlə vətəndaşımıza qarşı başqa cür qərarlar verdiyiniz Avropa Məhkəməsində dəfələrlə sübut olunub…

Çox da uzaq olmayan günlərdən bəzi şeyləri ölkənin baş hakiminə xatırlatmağa, görünür, ehtiyac var. Keçmiş MTN əməkdaşları (bir çoxu general) Cinayət Məcəlləsinin xeyli maddəsi ilə günahlandırılırdı. Ali Məhkəmə sədrinin “qanunu rəhbər tutan” hakimləri bu işlərdə yüzlərlə adamı şahid, zərərçəkən kimi dindirib qərara gəlmişdi. Konkret “Akif Çovdarov və başqaları” işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkən var idi. Bir misal:

“Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub”.

“Nə cinayət olursa- olsun, qanunu rəhbər tutan…” hakimlər indi o zərərçəkənlərlə bağlı hansı qərarı verəcək? Belə çıxırmı ki, onlar yalandan özlərini zərərçəkmiş kimi qələmə verdiklərinə görə cəzalandırılacaqlar, ya səhv qərar çıxaran hakimlər geri çağırılacaq? Anlaşılmaz durum yaranır, möhtərəm baş hakim, Akif Çovdarov, Sübahir Qurbanov və başqalarına qaytarılan əmlakdanmı onlar özləri ödəyəcək zərərçəkənlərin pullarını?

Möhtərəm baş hakim, bildiyiniz kimi, 2002-ci ildən Azərbaycanın Avropa Məhkəməsinə şikayət hüququ yaranıb. 2002-2020-ci illər ərzində Azərbaycandan Avropa Məhkəməsinə 7227 şikayət göndərilib. Azərbaycana qarşı ilk qərar 2006-cı ildə verilib. Sizsə 2005-ci ildən Ali Məhkəmənin sədrisiz. Qərar verərkən “qanunu rəhbər tutan” sizin hakimlərin sayəsində 2006-2020-ci illər ərzində Azərbaycan 5 milyon 268 min 676 avro cərimə olunub. Bunu bilirsiniz, yəni, bu, o deməkdir ki, Avropa Məhkəməsi sizin hakimlərin qanunsuz qərar verdiyini tanıyıb. Azərbaycanın cərimələnməsinə, bu qanunsuz qərarlara görə neçə hakim cəzalandırılıb, neçə hakimə töhmət verilib, neçəsinin barəsində intizam icraatı aparılıb?

Növbəti açıqlamalarınızda bunların da cavabını gözləyirik…

скачать dle 12.1