Yadelli maşaları partiyası – Onlar Avropanın ağzıyla öz ölkələrinə qarşı danışırlar

18-02-2023, 13:11
6 820
Yadelli maşaları partiyası – Onlar Avropanın ağzıyla öz ölkələrinə qarşı danışırlar

Siyasi terminologiyada “sülh partiyası”, “müharibə partiyası” deyilən anlayışlar var, sülhə və müharibəyə münasibətdə qarşı duran düşərgələrə ayrılan siyasi qüvvələrin bloklaşmasını ifadə edir.

Bu prizmadan yanaşanda ölkəmizdə də iki partiya var: Azərbaycan dövlətinin yanında olanlar və xarici dövlətlərin əlaltısına çevrilənlər. Bəziləri birincilərə “avtobus müxalifəti” adı qoya bilərlər, amma ikincilərin adı daha pis olacaq – “Yadelli maşaları partiyası”.

“Xarici dövlətlər” deyəndə artıq diplomatik cümləpərdazlıqlar etməyin zamanı keçib. Onlar hamıya bəllidir: Rusiya, İran, ABŞ, bir də Avropanın böyük dövlətləri. Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan qüvvələrin və fərdlərin əksəriyyəti bu dörd yerə bölünüb.

Rusiya və İrana rəğbət bəsləyənlərin, o dövlətlərin siyasət, kəşfiyyat dairələri ilə əməkdaşlıq edənlərin damğası çoxdan vurulub, onlara “5-ci kolon” deyirlər.

Ancaq hər zaman, hər mövzuda ABŞ və Avropanın mövqeyini dəstəkləyənlərə münasibətdə “5-ci kolon” damğası hələlik yapışmır. Onların büründükləri pərdə çox qalındır – “demokratiya”, “azad seçki”, “insan haqları” və s.

İran və Rusiya “aşiqləri” çəkinmədən, birmənalı şəkildə Azərbaycanın o dövlətlərin əyaləti, vassalı olmasını istədiklərini, buna çalışdıqlarını bəyan etsələr də, “Qərb aşiqləri”nin dərdi, guya ki, demokratiya və insan haqlarıdır. ABŞ və Avropa dünyada demokratiyanın qalib gəlməsini istəyirmiş, Azərbaycana diqqətləri də bu üzdənmiş.

Elədirsə, nədən həmin o ABŞ Səudiyyə Ərəbistanı kimi ölkələrdə heç vaxt demokratiya və insan haqları tələbi ilə çıxış etmir? O ölkədə demokratiyanın D-si də yoxdur. Misir onun kimi, başqa diktatura, istibdad yuvaları da o cümlədən. Bu, ona görə belədir ki, bu və digər dövlətlər ABŞ-a biət, itaət edir, sərvətlərini bölürlər. İtaət etməyənlər isə “qara siyahı”ya salınır. Son vaxtlar Vaşinqtonun Pekinlə atı daşlığa sürməsinin əsl səbəbi Çin rejiminin uyğurlara qarşı yeritdiyi amansız siyasət deyil. Bu 70 ildən çoxdur ki, davam edir. Əsl səbəb odur ki, Çin artıq ABŞ-a itaət etmir, hərbi və iqtisadi sahədə ona ciddi rəqibə çevrilib, hətta artıq üstələmək üzrədir. Ona görə də Çində demokratiya və insan haqları yada düşüb.

Türkiyəni götürək. Hazırda ABŞ və Avropanın sevmədiyi Rəcəb Tayyib Ərdoğan 20 ildən çoxdur hakimiyyətdədir və ABŞ-ın sığınacaq verdiyi, hərtərəfli dəstəklədiyi dini camiə rəhbəri Fətullah Gülənlə münasibəti pozulana qədər Qərbin sevimlisiydi. Ondan sonra isə ABŞ və Avropa adamı düşmən bəllədilər, “diktator”, “korrupsioner” adlandırırlar. Necə olur ki, Türkiyədə qanuni və azad seçkilər keçirilir, amma qalib gələn diktator adlandırılır? Bu, ona görə belə olur ki, Ərdoğan sələflərindən fərqli olaraq artıq ABŞ-a itaət etmir, onun bir sıra imperial ambisiyalarının qarşısına kötük diyirləyir. Ona görə də ABŞ-da və Avropanın qüdrətli dövlətlərində ona nifrət edirlər. Əksinə olsaydı, Ərdoğan seçkilərdə zorakılıqla qalib gəlsəydi və özünü müxalifəti, azad medianı məhv edən klassik diktatorlar kimi aparsaydı, bununla yanaşı, superdövlətlərə itaət etsəydi, onun tətbiq etdiyi rejimə göz yumardılar.

İndi bizdə də “xarici qüvvələrin əlaltısına çevrilən”lər partiyası amerikalı və avropalı anti-ərdoğançılara qoşulub onu “vururlar”, gözdən salmaq, yaxınlaşan prezident seçkilərində məğlub olmasına nail olmaz istəyirlər. Biri Türkiyəni bölmək istəyən separatçı partiyanın liderini, özünü terrorçu Öcalanın əsgəri sayan adamı təbliğ edir, o biri Ərdoğanın Azərbaycan üçün necə böyük xidmətlər etdiyini saya salmadan onun hakimiyyətdən getməsini “olmazsa-olmaz” sayır.

Ölkəmizdə fəaliyyət göstərən bir sıra qüvvələrin özlərini Qərb dövlətlərinin rəğbət qrupları kimi aparmaları, onların mövqelərinə dəst vermələri göz önündədir. Qərb bu qüvvələrin “pasifist bəyanatlar verməsini istəyirsə, verirlər, kosmopolit mövqe sərgiləmələrini istəyirsə, edirlər, öz dövlətlərinin siyasətinə qarşı çıxmalarını tələb edirsə, çıxırlar. Dünən Gültəkin Hacıbəyli kimi tanınmış bir şəxsin Paşinyanı Qafqazda demokratiyanın son qalası adlandırması da bu xanədəndir.

Bu adamlarda belə bir illüziya var ki, Paşinyan ölkəsini Rusiyadan qoparmağa çalışdığı üçün qəhrəmandır. Sanki Ermənistan Rusiyadan ayrılıb Avropanın qucağına tam yerləşsə Qarabağdan əl çəkəcək, Azərbaycanla düşmənçilikdən vaz keçəcək. Elə şey ola bilməz və olmayacaq. Sadəcə, Avropa ailəsinin “ərköyün sonbeşiyi” olan Ermənistan bu dəfə güclü qardaş-bacılarının dəstəyi ilə Qarabağı bizdən qoparmağa çalışacaq.

İndi kimsə deyə bilər ki, yox, Ermənistanda da, Azərbaycanda da hakimiyyətdə demokratik qüvvələr təmsil olunsa, daha asan anlaşa bilərlər. (Belə iddialar əvvəllər də olub). Bu da illüziyadır, özünü aldatmaqdır. Ermənistanla Azərbaycan arasında müharibənin ən şiddətli vaxtı məhz ölkəmizdə, Əbülfəz Elçibəyin, Ermənistanda isə Levon Ter-Petrosyanın başçılıq etdiyi yeni və demokratik qüvvələrin hakimiyyətdə olduğu dönəmlər idi. Ermənilərin demokratik qüvvələri əsl “müharibə partiyası” idilər, bizim demokratlar da məcburiyyət üzündən o mövqedə idilər.

Başqa cür olması mümkün deyil. Birdəfəlik anlamaq lazımdır ki, Ermənistanda heç kəs bizi və sülhü istəmir. Onlarda “Qafqaz ağalığı”na nail olmaq ambisiyası var və bizi məhv etmək istəyirlər. Gücləri çatsa çoxdan edərdilər.

Ona görə də gəlin özümüzü yadelli güclərin ortaya atdığı ideyaların əsirinə, onların maşasına çevirməyək. ABŞ və Avropanın siyasi dairələri üçün Azərbaycanda hakimiyyətdə kim olmasının elə də fərqi yoxdur, düşüncələri belədir ki, kim olur-olsun, amma bizə biət etsin.

Bir sözlə, dünyanın o başından gəlib regiona soxulmaq istəyən heç bir dövlət bizə əlində billə gətirmir, hamısın bir əlində çiçək olsa da, arxasında gizlətdiyi o biri əlində mütləq qamçı var.

скачать dle 12.1