Qələbənin məğlubiyyəti

25-02-2023, 12:20
2 903
Qələbənin məğlubiyyəti

İlham Hüseyn

44 günlük müharibə hamımızı qürurlandırdı. Ordumuzun hərbi zəfərləri ölkədə həmrəylik yaratdı, milli özgüvən bərpa oldu, xeyli adam o qənaətə gəldi ki, hökumət əvvəlki səhvlərdən ibrət götürəcək və ölkəmiz yeni keyfiyyət mərhələsinə keçəcək. Amma ərazibütövlüyümüz tam təmin edilməmiş gecəyarı Rusiyanın diktəsiylə saziş imzalandı və yalan təbliğatının yeni mərhələsinə start verildi. “Düşmən kapitulyasiya aktına imza atıb”, “münaqişə bitib” təbliğatıyla anti-dövlət addımlarını gizlətməyə çalışdılar. Rus qoşunlarının ölkəyə daxil olmasına etiraz edənləri, münaqişənin bitmədiyini dilə gətirənləri “vətən xaini” elan etdilər. Hələ ilk gündən deyirdik ki, hərb cəbhəsindəki qələbəni tam etmək üçün siyasi cəbhədə də uğura imza atmalıyıq. Amma hakimiyyət hərbi zəfərdən dövləti gücləndirmək üçün yox, vətəndaşı soymaq üçün yararlandı. Eyni zamanda daxili auditoriyaya hesablanmış saxta vətənpərvərlik təbliğatıyla düşmənin əlini gücləndirdilər. Dünyanın Azərbaycan ərazisi kimi tanıdığı torpaqların deyil, Zəngəzurun, Göyçənin, İrəvanın “razborka”sını aparmaq həvəsinə düşdülər. Kütlə psixologiyasına arxayın olub, bu metoddan eninə-boyuna yararlandılar. Pyer Büast yazırdı ki, siyasətdə boşboğazlıq dövləti məhv edə bilər. Bizim analoqsuz hökumət də boşboğazlıqla hərbi qələbəni siyasi məğlubiyyətə təhvil verməyə başladı. Ölkəyə ən çox valyuta müharibədən sonrakı dövrdə gəlsə də, ölkə əhalisinin ən ağır sosial məşəqqətləri də müharibədən sonraya təsadüf etdi. Bunun səbəbi nə iqtisadi böhran, nə də müharibə xərcləri deyildi. Sadəcə yaramaz və yarıtmaz idarəçiliyin nəticəsi idi. Beləliklə, həm daxildəki həmrəyləyi, cəmiyyətin ümidini öldürdülər, həm də xarici tribunalarda düşmənin mənfəət qazanmasına fütsət yaratdılar. Korrupsiya, repressiya, demokratiyadan qaçış, avtoritarizmə sevgi davam etdi. Haqlı ikən haqsız duruma düşdük. Rusiyanın drijorluğu ilə, eyni zamanada hökumətin özünün marağına uyğun olaraq sülh sazişi pozuldu. Qərbin prosesə daxil olmasına, Rusiyanın mövqeyinin Qarabağ məsələsində zəiflədilməsinə imkan verilmədi. Çünki YAP hakimiyyəti problemin tam həll olunmasını hakimiyyət maraqlarına təhdid hesab edir. Düşünürlər ki, Qərb Qarabağ məsələsində Rusiyanı ofsaytda qoysa, sülh təmin edilsə, növbəti mərhələdə demokratiya mövzusu prioritet olacaq və avtoritarizmin bünövrəsi dağılmağa başlayacaq. Aylarla davam edən ekoaktivistlərin performansı isə nə daxili auditoriyanı həyəcanlandıra bildi, nə də xarici dairələrdə haqlı mövqeyimizi təmin etdi. Yəni, hər gün xəbərlərin ana lentinə çıxan “Laçın yolunda aksiya davam edir” təbliğatı ümumilli rəng ala bilmədi. Əksinə, bu vəziyyətdən yararlanan Ermənistan xaricdəki himayədarlarının sayını artırdı, Zəngəzura 51 milyon dollarlıq investisiya təmin etdi və Qərblə münasibətləri daha da dərinləşdirdi. Azərbaycan xalqı isə Zəngəzur deyə-deyə, “tiktok”da Göyçə gölündən çəkilmiş
görüntülərə baxa-baxa vəziyyətə adaptasiya oldu.
Volterin də dediyi kimi, dövləti maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərini azlığı zəif salır. Görünən budur ki, siyasi-mənəvi istedad qıtlığı növbəti dəfə dövləti ağır sınağa çəkir. Ölkədə müstəqil məhkəmənin kökünü kəsən hökumət, Haaqa məhkəməsində “qırmızı kart” alır. Bəs, uğurlu xarici siyasət, lobbiçilik fəaliyyətinə ayrılmış milyonlar, diasporanın təbliğat göstəriciləri haradadı? Müharibə vaxtı dünyadan heç bir təzyiq görmədiyimiz halda, sülh dövründə bu qədər zərbəni necə yedik? Bunun məsuliyyətini kim dayışır? “Filan ölkə ermənipərəstdi” deməklə, nəticə dəyişirmi? 44 günlük savaşdan sonra ölkədə ədalətin təntənəsi olmalıydı, amma ölkəmiz 45 gündür aclıq edən günahsız bir insanın ölümə sürüklənməsinə şahidlik edir.
Konfutsi deyirdi ki, dövlətin xəzinəsi ədalətdir. Bu ölkədə dövlətin maddi və mənəvi xəzinəsi talan edilir. Qələbəni məğlubiyyətlə əvəzləyən “analoqsuz” siyasətin məngənəsindəyik. Gözümüzün qarşısında əzəmətli “Dövlət” sözü oyuncağa çevrilir. Ölkəyə azadlıq gəmisi gətirmək varkən, gəmimizlə qadağan olunmuş Rusiya nefti daşıyırıq.
Vətənşüvənlik vətənpərvərlik libasına bürünəndə nə daxildə sevilmli ola bilir, nə də xaricdə cazibədar görünür.

скачать dle 12.1