Mübarizənin yükü

11-03-2023, 12:36
3 075
Mübarizənin yükü

İlham Hüseyn

17-ci əsrin İngiltərəsinə, 18-ci əsrin Fransasına, 19-cu əsrin Almaniyasına nəzər salın. Həmin dövr bu ölkələrdə maarifçilik dövrüdü. Con Lokk, Tomas Hobbs, Yum, Didro, Russo, Monteskye Volter, Hegel, Yaspers Karl, Nitsşe, Şopenhauer, Kant, Haydigger və digər böyük fikir adamları var. Bu adamlar öz əsərləriylə cəmiyyətin düşüncəsində inqilab yaradıblar, dövlət idarəçiliyinin mənfi-müsbət tərəflərini göstəriblər, idarəçiliyin formaları üzərində baş sındırıblar, azadlıqdan, ədalətdən, hüquqdan danışıblar və.s
Yəni, ən ağır zamanlarda belə dövlətin güclənməsinin, cəmiyyətin bataqlıqdan çıxmasının yolarını axtarıblar. Bizim ölkəmizdə bu baxımdan vəziyyət çox acınacaqlıdır. 5-10 kitab yazmış yüzlərlə adam var ki, 1 səhifəlik həqiqət yaza bilməyib. Böyük fəxri adlara layiq görülmüş adamlar var ki, ölkədəki bir problemin adını çəkə bilməyiblər. Ziyalılıq mərtəbəsini, təslimçilik zirzəmisinə endiriblər. Uzun illər ölkədəki hüquqsuzluğa, korrupsiyaya, repressiyaya, saxtakarlığa bir qrup insan etiraz edib. Ziyalının, ictimai xadimin, hüquq müdafiəçisinin görməli olduğu işi bir qrup mübarizə adamı yerinə yetirib. Maddi sıxıntılar, həbsxana divarları, işgəncə, təqib, təzyiq də bu adamların qismətinə çevrilib. Bütün boşluqları şərlə savaşan bir qrup adam doldurmağa çalışıb. Avtoritarizmdən demokratiyaya keçidin qarşısını həm də yalançı ziyalılar, hüquqa xəyanət etmiş hüquqçular, şərə təslim olmuş ictimai-siyasi xadimlər, imanını satmış dindarlar alıblar. Və rejim də cəmiyyətə göstərib ki, çoxluq məni sevir və müxalifət zəifdir. Cəmiyyət də bu qənaətə köklənib ki, müxalifət güclənəndə xilas olacağıq. Avtoritarizmin birinci zərbəsi düşüncəyə yönəldiyi üçün cəmiyyətin sağlam düşünmək imkanları məhdudlaşır. Cəmiyyət kitabdan, azad mətbuatdan, həqiqi ziyalıdan məhrum olduqca, avtoritar idarəçilik adaptasiyanı möhkəmləndirir.
Viktor Hüqonun Volterin ölümünün 100 illiyində möhtəşəm nitqi var. Hamıya həmin çıxışı oxumağı məsləhət görürəm. Çıxışın bir hissəsində Hüqo deyir: “Voltеrin ətrafı təfəkkür mеşəsi idi – bu mеşə – on səkkizinci əsr idi. Bu böyük təfəkkür sahiblərinin arasında Montеskyе, Byuffon, Bomarşе və Voltеrdən də böyük olan iki düha — Russo və Didro vardı. Bu dühalar insanlara düşünməyi öyrətdilər. Doğru düşüncə isə doğru addımlara aparır. Aydın təfəkkürün sayəsində insan ürəyi də ədalətli olur. Bu inkişaf zəhmətkеşlərinin əməyində fayda vardı: Byüffon düzgün tariхin əsasını qoydu, Bomarşе Molyеrin ardınca yеni komеdiya, dеmək olar ki, sosial komеdiyanın formasını tapdı, Montеskyе qanunda o qədər dərin araşdırma apardı ki, buradan hüquq tapa bildi. Didro böyük, хoşməramlı ağıl, хеyirхah, ədalət hiss ilə dolu ürək sahibi idi, o düzgün idеyaların əsasını dəqiq еlmlərlə möhkəmləndirməyə can atdı. Russo qadına böyük yaхşılıq еlədi. Russo tеz-tеz siyasi həqiqətləri öncədən bilir və еlan еləyirdi. Biz Russoda — vətəndaş, Voltеrdə – ümumхalq başlanğıcı görürük. Dеmək olar ki, məhsuldar on səkkizinci əsrdə Russo Хalqı, Voltеr isə İnsanı təmsil еdir. Bu böyük yazarlar dünyadan köçdülər – amma bizə öz ruhlarını – Inqilabı miras qoyub gеtdilər”.
Yəni, fikir adamlarının, qələm adamlarının, söz adamlarının böyük missiyası var və cəmiyyətin irəli getməsi üçün bu adamlar öz töhfəsini verməlidir.Yükə şərik olmalı adamlar özləri yükə çevriliblər. Bütün yük eyni adamların üstünə düşəndə istənilən nəticə əldə edilmir. Başı ağrayan xəstəni sağaltmaqla, koma vəziyyətində olan xəstəni sağlatmaq eyni proses deyil. Bu illər ərzində Azərbaycanda bütün “xəstəlik”lərin müalicəsiylə eyni adamlar məşğul olub. Və bu adamlar təkcə şər rejimlə deyil, yuxarıda sadaladığım saxta qəhrəmanlarla mübarizə aparmalı olublar. Həm rejimin, həm də rejimə təslim olmuşların cəmiyyətə səpdikləri yalanları dəf etməyə enerji xərcləyiblər. Ən əsası isə qeyri-bərabər döyüşdə təslim olmamağın, prinsipləri diri saxlamağın nümunəsini yaradıblar. Əgər bu ölkədə korrupsionerə, yaltağa, seçki saxtakarına mənfi münasibət varsa, məhz mübarizə insanlarının maarifçiliyinin nəticəsindədir. Əgər bu mübarizə olmasaydı, bu gün Azərbaycanda bütün neqativlər müsbət mənada qəbul edillərdi.
Bir sözlə, real vəziyyət budur. Bu reallıqda qələbənin təmin olunması üçün qapısına gedəcəyimiz, minnətçi düşəcəyimiz kimsə qalmayıb. Yalnız xalqın birmənalı dəstəyi olmalıdır ki, mübarizə səngərini tərk etməyənlər qələbə qazana bilsin.

скачать dle 12.1