Cəmiyyətimizdə qadın həyatı.

21-09-2015, 07:02
0
Cəmiyyətimizdə qadın həyatı.

Subay qızı boşanmış kişiylə evləndiriblər. Nədi-nədi kişinin imkanı yaxşıdır.

Kişi bunu əşya kimi alıb, atıb evə, öz işində, öz gücündə, öz kefində, öz damağında...

Ayrı-ayrı otaqlarda yatırlar. Qadını tək heç yerə buraxmır. Geyiminə qarışır, ilin-günün bu vaxtında qadın dar şalvar yox ha, heç adi şalvar geyinə bilmir. Amma kişi istədiyini edir. İstədiyi vaxt evə gəlir, istədiyi vaxt gəlmir. Heç kim ona bir söz deyə bilməz. Axı o kişidir...

Sözün əsl mənasında qadın ora qadın olduğu üçün yox, qulluqçu kimi gəlib. Şəxsi və intim həyatı yox dərəcəsində...

İçi özünü yandırır, çölü özgələrini. Qıraqdan baxanların çoxu paxıllıq edir ki, "bəxtəvər başına, hər şeyi var - əri, evi-eşiyi, ərinin son model maşını, varı-dövləti, day adama nə lazımdı ki ?"

Məsələnin başqa tərəfi heç kəsi maraqlandırmır. Heç kimə maraqlı deyil ki, bu qadın xoşbəxtdir ya yox. Əriylə yola gedir ya yox, Bu var-dövlət buna lazımdır ya yox. Əri bir kişi kimi qadını qane edir ya yox.

Bilirsiz, bu axırıncı var ha, "kişi qane edir, ya yox", bax bunu ümumiyyətlə dilə gətirmək "zapodlo" sayılır. Qadının elə şey haqqında düşünməyi ayıbmış...

Bu ayıbsa, day bu qadını yaradan niyə ona cinsiyyət orqanı bəxş edib, niyə ona hisslər verib ? Robot kimi bir şey yaratsaydı olmazdı ki ?

Hələ siz ardını oxuyun.

Qadın ayda-ildə bir dəfə valideyniylə görüşür, doğmalarını görür. Onda da dərdini açıb yaxınlarına deyir. Ancaq, laqeyd münasibətdən başqa heç nə görmür. Dəli deyirlər, qudurmuş deyirlər ki, var-dövlətə, ev-eşiyə təpik atır. Şadlığına şitlik edir deyirlər. Hirsdən partlayan qadın anasına, "ərim mənimlə yatmır" deyincə də, "qızışmış" deyirlər.

İndi bu qadının dünyaya gəlmə səbəbi, missiyası nədir ? Bu qadın nə üçün, kim üçün yaşayır ? Ümumiyyətlə bunun yaşadığına, yaşamaq demək olarmı ?

Ana öz işində, qızı ərdədi. Qardaşlar hərəsi bir arvad alıb salıblar qucaqlarına, başları sakitdi ki, bacıları ərdədir, başının üstündə kişisi var. Bacıları da rahatdı ki, bacımız boşanmış deyil, ərsiz deyil, adımıza söz gətirmir.

"Vobşim" bu qadından başqa hər kəs rahatdır. Bircə bu narahatdır. Bunun narahat olması isə önəmsiz bir məsələdir. Bu qadının haqqını istəməsi, adam kimi yaşamaq istəməsi baxın görün neçə insanın rahatlığını pozacaq. Kim bu qadına bu haqqı tanıyar ? Bizim milli "menTUALETİMİZƏ" ziddir bu. "Öl, canın çıxsın, yaşa"...  "Səsini kəs", "Başını qaldırma".

Valideyin üçün yaşa. Qohum üçün yaşa. Qonşu üçün yaşa. Nəsil üçün yaşa. Hər kəs üçün yaşa, bir tək özün üçün yaşama ! Özün üçün yaşasan, ən yaxşı halda sənə "pis adam" deyəcəklər...

P.S. Bu status bir xəyal məhsulu deyil. Statusda adı keçənlər və yaşananlar, konkret bir şəxsin həyatından götürülüb .

 

Ruslan Məmmədzadə

скачать dle 12.1