Kanada çətənəni leqallaşdırır

14-04-2017, 12:29
0
Kanada çətənəni leqallaşdırır

“The Guardian” yazır ki, Kanada hökuməti “çətənənin qeyri-müntəzəm istehlakını” tənzimləyən qanunun 2018-ci ilin iyulunadək qəbul olunacağını bəyan edib.
Məqalədə deyilir ki, “qəbulu çoxdan gözlənilən bu qanunla” Kanada narkotik maddə olan çətənədən istifadəyə tam icazə verən ilk G7 üzvü olacaq.
Kanadanın liberal hökuməti 90 illik qadağanın ləğvini nəzərdə tutan iki qanun layihəsi təqdim etmişdi.
Hökumət bildirirdi ki, onilliklərlə davam edən qadağaya baxmayaraq gənclərin 30 faizi də daxil olmaqla kanadalılar bütün dünyada çətənədən ən çox istifadə edən əhali sayılır.
Qanun Avropada marixuana kimi tanınan kənaf və ya çətənə bitkisi yarpaqlarının çəkilməsini leqallaşdırmaq, ciddi tənzimləmək və onun əldə olunmasını məhdudlaşdırmaq məqsədi güdür.
Qanun leqallaşdırmanın məsuliyyətini federal və yerli hökumətlərin arasında bölüşdürür.
Məsələn Ottava çətənənin istehsalına, lisenziyalaşdırmaya və ölkənin marixuana ilə təhlükəsiz təchizatına cavabdehdir.
Çətənənin pərakəndə satışı əyalətlərin hökumətlərinə həvalə olunur.
Federal hökumətin qərarına görə, çətənədən istifadə üçün minimum yaş həddi olaraq 18 yaş nəzərdə tutulur.
Satışa əvvəlcə qururdulmuş və yaşıl çətənə, daha sonra çətənə yağı buraxılacaq, bunun ardınca isə çətənəli qidalara icazə veriləcək. Marixuanadan tibbi məqsədlərlə istifadə Kanadada bundan əvvəl də qadağan deyildi.
Çətənənin marketinqi və reklamı sərt qaydalarla həyata keçiriləcək. Məsələn içərisində çətənə olan qutuların sadə və şəkilsiz olması nəzərdə tutulur.
Kənafın gənclər arasında reklamı ciddi qadağan edilir.
Çətənəni özü əkmək istəyənlərə yalnız dörd şitil yetişdirmək icazəsi veriləcək.
Kanadalıların üstlərində 30 qramadək quru çətənə gəzdirməsinə icazə veriləcək.
Hələlik çətənəyə hansı prinsiplərlə və nə qədər qiymət qoyulacağı açıqlanmayıb.
2013-cü ildə hakimiyyətə gələndən bəri baş nazir Justin Trudeau belə bir mülahizə yürüdürdü ki, leqallaşdırma çətənə çəkmək adətinin uşaqlar arasında yayılmasını azaldacaq və onu kriminal elementlərin inhisarından çıxaracaq.
18 yaşından aşağı uşaqların üstündən 5 qramdan az çətənə tapılması onları cinayət məsuliyyətindən azad edəcək.
“The Guardian” yazır ki, qanunun qəbulu uzun yol keçəcək və hökumət onun təfərrüatlarını senat və parlament komitələri ilə müzakirə etməli olacaq.
Bəzi təhlilçilərin fikrincə, bu münvalla leqallaşdırma yalnız 2019-cu ildə baş verəcək.
Çətənənin leqallaşdırılmasının ölkəyə ildə 5 milyardla 7 milyard Kanada dolları arasında mənfəət gətirəcəyi gözlənilsə də, ölkə qanunun qəbul edilməsinə münasibətdə ikiyə bölünüb.
Əyalət nazirlərindən bəziləri qanunun icrası mexanizmlərindən narahatdırlar. Məsələn, çətənənin təsiri altında olan sürücülər barədə nə kimi ölçülər götürüləcəyi hələlik tam aydın deyil.
Çətənənin leqallaşdırılması Kanada və ABŞ arasında da müəyyən ziddiyət yarada bilər. ABŞ-ın 8 ştatında çətənədən istifadənin leqallaşdırılması prosesinə başlansa da, Trump administrasiyası Ədliyyə Nazirliyinə ondan istifadənin məhdudlaşdırılması üçün tədbirlər hazırlamağı tapşırıb.
Əgər Kanada-ABŞ sərhədindən hər gün 400 min insanın keçdiyi nəzərə alınarsa, bu, o qədər də sadə məsələ deyil.

скачать dle 12.1
Xəbər lenti