Qüsurlu qoyundan qurbanlıq olmaz

25-09-2015, 17:16
0
Qüsurlu qoyundan qurbanlıq olmaz

Əksər müsəlman ölkələrində Qurban bayramına ciddi hazırlıq işləri görülür. İlk növbədə həmin ölkələrinin hökumətləri çalışır ki, bayram günündə kəsim üçün nəzədə tutulmuş və bu məqsədlə bazarlara çıxarılmış heyvanlar tam sağlam, qiymətləri isə əhali üçün əlçatan, yəni münasib  olsun. Bunun üçün hökumətlər əvvəlcədən müəyyən addımlar atır, heyvandarlığı, yemçiliyi, damazlığı inkişaf etdirmək məqsədilə xüsusi proqramlar qəbul edirlər. Həmin ölkələrdə Qurban bayramını heyvandarlıqla məşğul olan fermerlər üçün ikiqat bayram hesab etmək olar. Əsrlər boyu qeyd edilən bu bayram günü ərəfəsində qurbanlıq heyvanlara təlabat artır. Heyvandarlığı özləri üçün fəaliyyət növü seçmiş zəhmətkeş insanlar yetişdirdikləri heyvanları bazarlara çıxararaq satışından gəlir əldə etməklə öz ailələrinin sosial durumunu təmin etmək üçün yetərli maliyyə vəsaiti əldə edirlər. Bu müqəddəs bayram ərəfəsində təlabatın artması heyvandarlıqla məşğul olan yerli fermerlərin fəaliyyətinə ciddi stimul verir. Lakin son zamanlar ölkəmizdə heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı ciddi addımların atılmadığı qalsın bir yana, uzun müddət bu sahədə çalışanların istifadə etdikləri örüş sahələri, təbii biçənəklər oliqarxlar tərəfindən əllərindən alındığının və digər məqsədlər üçün istifadə edildiyinin şahidi oluruq. Azərbaycanda hökumət məmurları heyvandarlığın inkişafına şəxsi maraqlarını təmin etmək prizmasından yanaşırlar. Son zamanlar heyvandarlığın inkişafı üçün ayrılan büdcə vəsaitlərinin qeyri səmərəli xərclənməsi bir daha sübut etdi ki, hökumət məmurları bu sahənin problemlərini həll etməkdə maraqlı deyil, əksinə problemlərin çoxluğu onlara asan varlanmaq üçün geniş imkan verir.

Qeyd etməliyəm ki, keçən ilin 7 ayı ərzində olkəyə 29,7 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda, bu ilin analoji dövründə bu göstərici 8,79 faiz  artaraq 32,3 milyon dollar təşkil edib. Bu ilin 7 ayı ərzində əsasən kəsim üçün ölkəyə idxal olunan heyvanların dəyəri  keçən ilin analoji dövrünə nisbətən 2,6 milyon dollar artıb. Onu da xatırladım ki, 2010-cu ilin yeddi ayı ərzində  ölkəyə cəmi 1,6 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda, son 5 ildə bu göstərici 20 dəfədən çox artıb.

Yoxa çıxan 9 milyonluq heyvanlar

Bir faktı da diqqətinizə çatdırmaq yerinə düşərdi Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə 2013-cü ildə ölkəmizə 31 milyon 980 min 700 dollar dəyərində diri heyvan idxal olunub, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarında isə diri heyvanların idxalı 41 milyon 214 min 630 dollar təşkil edir. Düzü 9 milyon dollar vəsaitin və yaxud heyvanların yoxa çıxması və yaxud bir mal qurupu üzrə fərqinin 25 faiz olması da məni bu rəqəmin axtarışına cəlb etmədi. Dövlət qurumlarının uzun müddətdir ki, çəlpəşikliklə məşğul olduqları haqda kifayyət qədər məlumatlar vermişik. Onu da qeyd etməliyəm ki, əvvəlki aylardan fərqli olaraq DGK avqust ayının statistikasını hələ də açıqlamayıb. Görünür “Kənd təsərrüfataı ili”ndə çətinliklər yaranıb.

Hətta rəqəmlərin  fərqini nəzərə almasaq, göründüyü kimi son bir neçə ildə ət və diri heyvanların idxalı ciddi artıb, bu da istehsalda problemin çoxalması ilə bağlıdır. Bu sahədə qonşu ölkələr, Ermənistan və Gürcüstan bölgədə çox güclü diri heyvan ixracatçısı kimi çıxış edirlər. Ermənistan son illərdə İran İslam Respublikasına çoxlu sayda diri xırdabuynuzlu heyvan ixrac etdiyi halda, son zamanlar hər iki tərəfin razılığı ilə heyvanların müsəlman adəti ilə kəsilərək ixrac edilməsi qərarına gəliblər.

Yuxarıda qeyd etdiyim kimi Azərbaycanda bu sahədə vəziyyət olduqca kritikdir, ilbəil heyvandarlıq məhsulları istehsalı azalır, ölkənin idxaldan aslılığı isə sürətlə artır.

10 manat  77 qəpiyə bir toğlu, 24 manata bir cöngə

Xatırladım ki, Azərbaycana 2013 -cü ildə 2,2 milyon dollar dəyərində 163 min baş diri qoyunlar idxal olunub.  Aparılan hesablamalara görə idxal olunan xırdabuynuzlu heyvanların hər birinin idxal qiyməti 10 manat 77 qəpik təşkil edib. Təsəvvür edin 1 kiloqram ət qiymətinə 13-15 kiloqram təmiz ət çıxışı verən qoç, toğlu alınıb. Onu da qeyd edim ki, həmin ildə Qurban Bayramı ilə əlaqədar Bakı şəhərində təşkil edilən yarmarkalarda idxal olunan 1 baş toğlu, qoç alıcılara 100-150 manata satılıb. Mətbuatda geniş rezonansa səbəb olan bu informasiya görünür hökumətin də diqqətindən yayınmayıb. Belə ki, artıq 2014- cü ildə ölkəyə gətirilən xırdabuynuzlu heyvanların idxal dəyəri əvvəlki ilə müqayisədə nə az, nə çox düz 6 dəfə artırılıb. Ölkəyə 2014-cü ildə 6,9 miyon dollar dəyərində 88 min baş diri qoyunlar idxal olunub. Göründüyü kimi əvvəlki ilə nisbətən baş sayı 2 dəfə azaldığı halda ödənilən ümumi məbləğ 3 dəfə artıb. Bir baş qoyunun idxal dəyəri 79,43 dollara, yəni 62 manat 35 qəpiyə sənədləşdirilib. Bu qiymətləndirmənin də şübhəli olduğunu qoyaq kənara və hesab edək ki, bir zaman qaydasına düşər. Həm də hesab edək ki, bu əməliyyatdan dövlət büdcəsinə nəzərdə tutulan vergi nisbətən artıb. Xırdabuynuzlu heyvanların idxal dəyərinin 6 dəfə artması xəbəri sevindirici olsa da, əldə etdiyimiz digər bir məlumat heç də bu işin qaydaya düşəcəyinə ümid vermir. Belə ki, 2013 -cü ildə Azərbaycana Gürcüstandan 109 min başdan çox diri iribuynuzlu heyvanlar idxal olunduğu və həmin heyvanların 3 kiloqram ət qiymətinə, yəni 29 dollar 91 sentə, o zamankı məzənnə ilə 24 manat dəyərində sənədləşməsi haqda məlumat vermişdik. Görünür, rezonansa səbəb olan məlumatdan sonra hökumət məmurlara iribuynuzlu heyvanların idxal dəyərinə də əl gəzdirmək göstərişi verib. Belə ki, 2014-cü ildə Gürcüstandan ölkəmizə gətirilən 2,1 milyon dollar dəyərində 54,3 min baş diri iribuynuzlu heyvanın hər biri sərhəddə yeni qiymətə, 39,37 dollara, o zamankı məzənnə ilə 31 manata sənədləşdirilib. Əvvəlki ildə 3 kiloqram ət qiymətinə ölkəyə gətirilən iribuynuzlu heyvanların idxal dəyərini 2014-cü ildə 4 kiloqram ət qiymətinə sənədləşdiriblər. Qəribə burasıdır ki, adi qoyunu, toğlunu, adi inəkdən, danadan 2 dəfə yüksək qiymətləndiriblər. Belə ki, yuxarıda qeyd olunduğu kimi 1 qoyunun idxal dəyərini 79,43 dollara, bir dananı isə 39,37 dollara sənədləşdiriblər. Əlbəttə,  Gürcüstan fermerlərinə çatacaq maliyyə vəsaiti bundan 10-15 dəfə çox olub. Gürcüstandan idxal olunan heyvanlara tətbiq olunan gömrük rüsumu, daşınma üçün ikitərəfli nəqliyyat xərci və digər ödəmələrlə yanaşı, Azərbaycanda həmin heyvanlar yerli heyvanlardan 10-15 faiz ucuz təklif olunur.

Sonuncu olan Tacikistandan irəlidəyik

Son zamanlar MDB ölkələri Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) müəyyən etdiyi normaya uyğun olaraq adambaşına ət istehlakını il ərzində 84 kiloqrama çatdırmaq üçün bir sıra Dövlət proqramları qəbul ediblər. Belarusiya 124 kiloqram ət və ət məhsulları istehsal etməklə MDB-də liderdir, normadan aşağı olsa da ikinci yerdə 60 kiloqramla Rusiya, üçüncü yeri adambaşına 55 kiloqram ət istehsal etməklə Qazaxıstan tutur. Azərbaycan il ərzində adambaşına 32 kiloqram ət istehsal etməklə bu siyahıda axırdan ikinci yerdədir. Sonuncu yerdə isə Tacikistandır. Azərbaycanın 2013-cü ildə istehsal etdiyi ət və ət məhsulları təlabatın 38 faizini təmin edir.

Azərbaycanda adambaşına ət istehlakı normadan 2 dəfədən də çox aşağıdır. Qeyd etmək istərdim ki, bəzi MDB dövlətləri daxili istehsal hesabına özlərinin əsas ərzaq və qida məhsullarına olan təlabatlarını ödəyə bilmədikləri halda əhalinin alıcılıq qabiliyyətini artırmaq hesabına beynəlxalq normaya uyğun şəkildə əhalinin qidalanmasını təmin edirlər. Belə ki, yuxarıda qeyd olunduğu kimiRusiyada daxili istehsal hesabına adambaşına 60 kiloqram ət istehsal olunsa da xaricdən idxl olunan ət və ət məhsullarının hesabına bu göstərici 74 kiloqrama qədər artıraraq normaya yaxınlaşdırıblar. Azərbaycanda isə bu göstərici normadan 2 dəfədən də çox aşağıdır. Belə ki, 2013 –cü ildə ölkədə adambaşına 33, 8 kiloqram ət və ət məhsulları istehlak olunub.Bu da müəyyən edilmiş normanın 40 faizi qədərdir.

Onu da xatırlatmaq istərdim ki, 2013 –cü ilin oktyabr ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hazırladığı hesabatda Azərbaycanla bağlı məsələlərə geniş yer ayrılıb. Həmin hesabatda Azərbaycan əhalisinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq və qida məhsulları istehlak etdiyi, xüsusən, yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağı olduğu vurğulanır: “Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir”.

Azərbaycana çoxlu sayda heyvan idxal olunur ki, həmin heyvanlarla bərabər indiyə kimi ölkəmizdə mövcud olmayan təhlükəli xəstəliklər də sərhədlərimizi keçərək ölkəmizə gətirilir. Ölkəyə gətirilən xəstəliklər təsərrüfatlarımıza çox ciddi ziyan vurur. Son üç ildə “bünyavirus” və “nodulyar dermatit” xəstəlikləri mal-qara arasında çoxlu sayda təlafata səbəb oldu, məhsuldarlığı kəskin şəkildə aşağı saldı, fermerlərimizi ciddi zərərə məruz qoydu. Sərhəddə ciddi yoxlamalar həyata keçirmədən çoxlu sayda diri heyvanların idxal edilməsi, ölkənin ərzaq təhlükəsizliyinə təhdid mənbəyi olaraq qalmaqdadır.

Qurban Bayramında asan qazanc əldə etmək məqsədilə oliqarx-məmurlar qonşu ölkələrdən çoxlu sayda heyvanlar gətirib. Paradoks olsa  da  alıcılıq qabiliyyətinin aşağı düşməsi və bu səbəbdən də tələbin azalması işbazların işinə yaradı.  Ölkəyə ucuz qiymətə idxal etdikləri heyvanların satışından yaxşı faydalana bildilər. Sağlamlığı, yüksək keyfiyyətli  əti ilə fərqlənən qarabağ, bozax, caro, balbas kimi yerli cins heyvanlar isə öz alıcılarını tapmayıb. Hökumətin təşkil etdiyi “bayram yarmarkası” yerli fermerlərin bazarını əngəlləyib.  Əvvəllər olduğu kimi yenə də fermerlərimizə çatacaq valyuta əcnəbi fermerlərin cibinə getdi. Bu işdə onlara vasitəçilik edənlər isə azərbaycan hökumətinin oliqarx-məmurları oldu.

Görəsən, təsərrüfatsızlığın başında duranlar reallığı dərk edir, yoxsa bu formada idarəçilik onlar üçün sərfəlidir?

Vahid Məhərrəmov

Kənd təsərrüfatı mütəxəssisi

скачать dle 12.1
Xəbər lenti