"Qoy "Qarabağ" hamıya qalib gəlsin, bircə "Neftçi"dən başqa"

27-09-2015, 19:46
0
"Qoy "Qarabağ" hamıya qalib gəlsin, bircə "Neftçi"dən başqa"
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Premyer Liqamızın 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. 
 
 
Qol.az-ın məlumatına görə klub rəhbəri  söhbətə başlamamışdan öncə  matçın son dəqiqəsində komandasının qapısına təyin edilmiş  penalti epizoduna  kəskin etiraz edib.
- "Qarabağ"la matçda "Neftçi"nin özünü necə göstərdiyini gördünüz. Mən 90+1-ci dəqiqədə "Neftçi"nin qapısına təyin olunmuş penaltini qəbul edə bilmərəm. Hesab edirəm ki, biz bu gün qələbə qazandıq. Nə edək ki,  matçın sonunda bizi heç nədən məyus etdilər.  Özünüz də hər şeyi gördünüz. Siz idman jurnalistləri gördüklərinizi düzgün yazmalısınız. Əgər gördüklərinizi düzgün yazsanız, hamı başa düşəcək ki,  biz qalib gəlmişik. Şəxsən mən 100 faiz qələbə qazandığımızı düşünürəm. 
-  Oyun bitəndən sonra penalti epizodunun təkrarını izlədiniz?
- Bəli izlədim. Çox adam da televiziya  vasitəsi ilə izləyib bizə deyir ki, siz qələbə qazandınız.
- Epizodla bağlı AFFA-ya  şikayət edəcəksiniz?
- Bəli, bu epizodla bağlı mütləq şikayət edəcəyik. Səfərdə oynasaq da, bura gəlib yaxşı futbol sərgiləyə bildik. Matçdan öncə "Neftçi"nin şansının olmadığını deyirdilər. Hamı "Qarabağ"ın böyük klub olduğunu, Avropa Liqasında çıxış etdiyini danışırdı. Düzdür, yaxşı komandadır. Mənim də xoşuma gəlir. Amma "Neftçi" sübut etdi ki, onlardan pis oynamır. Hətta bu gün daha yaxşı oynadı.
- Sizə elə gəlmir ki, "Qarabağ" gücünü Avroliqada qarşılaşacağı "Anderlext"lə oyuna saxlayırdı?
- Mən buna inanmıram. Mən yazıçıyam. Yaxşı yazıçı pis nəsə yazmaz. "Qarabağ" yaxşı oynadı, amma "Neftç" daha üstün idi.  Məgər siz bunu görmədiniz? Görmədinizsə,  "Qarabağ"ın daha yaxşı oynadığını  yazarsınız. Amma bu, belə deyil axı. Hamınız görmüsünüz.
-  Penalti epizodunu çıxsaq, hakimliyi necə dəyərləndirərdiniz?
- Mən hesab edirəm ki, penalti epizodu "Neftçi"yə qarşı haqsızlıq idi.  Bütün peşəkarların həmin məqama baxmasını istərdim. Sizin yazıları gözləyirəm,  görək nə qiymət verəcəksiniz. Doğru yazmaq istəyirsinizsə, onda "Neftçi"nin "Qarabağ"dan zəif olmadığını yazın. 
- Ola bilərmi "Azərsun Arena"nın açlışına görə "Qarabağ"a güzəştə getdilər?
- Mən istəmirəm bunu deyim. Çox gözəl stadion tikiblər. Buna görə onları təbrik edirəm. Mənim atam ağdamlıdır. Uşaqlıqda "İmarət" stadionunu görmüşdüm. "Qarabağ"la "Neftçi" oynayanda, təbii ki, ürəyim bölünür. Qoy "Qarabağ" hamıya qalib gəlsin, bircə "Neftçi"dən başqa. Bir daha təkrar edirəm bunu qəbul edə bilmərəm. Çox şadam ki, gənc futbolçularımız, məşqçimiz var. 2-3 il sonra komandamızın daha yaxşı nəticələr qazanacağına əminəm.
- Sizcə, "Neftçi" bu oyundan sonra Azərbaycan Premyer Liqasında geri dönüş edə biləcəkmi?
- "Neftçi" həmişə birinci yer uğrunda oynamalıdır. Belə oyunla niyə də çempion olmayaq? Sizi əmin etmirəm ki, mütləq çempion olacağıq. Amma inanıram ki, komandamız bundan sonra da belə yaxşı oynayacaq. 
- Amma bu matça kimi "Neftçi" çox zəif təsir bağışlayıb.
- Bizim futbolçuların əksəriyyəti gənclərdir. Demək olar ki, çempionatda ən gənc komandayıq.  Biz "Neftçi"yə rəhbərlik edəndən  sonra çox dəyişiklik olub. O vaxt yığmamızın baş məçqçisi Robert Prosineçkidən xahiş etdik ki, milliyə komandamızdan heç olmasa bir futbolçu dəvət etsin. Amma indi yığmalara 9 futbolçu veririk. Bu barədə yazan yoxdur. Biz gələcəyi düşünürük. Bu gün yaxşı oynadıq deyib işimizi yarımçıq qoya bilmərik. 18-19 yaşlı futbolçular üçün şərait yaratmağa çalışırıq. Onların necə oynadığını gördünüz.  Kubokun finalında "Qarabağ"a uduzduğumuz oyunu yada salın. Həmin oyunla indiki matçı müqayisə edin. 
- "Neftçi"dən 9 futbolçunun milliyə çağırıldığını dediniz. Amma əsas heyətə nəzər yetirdikdə, klubunuzdan 1-2 futbolçunu meydanda görürük.
- Mən təlim-məşq toplanışına aparılan futbolçularımızı nəzərdə tuturam. Halbuki əvvəllər bir futbolçumuzu da toplanışa aparmırdılar.Amma bir müddət əvvəl birini də aparmırdılar. Demək bizim futbolçular əziyyət çəkir, çalışır ki, Robert Prosineçki də onları milliyə dəvət edir. Əgər  pis oynasalar, onları ehtiyyata da götürməzlər.
- "Qarabağ"a "Anderlext"lə oyunda dəstək olacaqsınız?
- Biz hamımız Azərbaycanlıyıq. Azərbaycanın uğurlarına hər birimiz sevinirik.  Çünki bu, ölkəmizin, ölkə futbolunun uğurudur. Buna necə sevinməmək olar? Oktyabrın 1-də "Qarabağ"ı dəstəkləyəcəyəm.
- Deyəsən, jurnalistlər xətrinizə çox dəyib. Müsahibə ərzində idman mediasının qərəzli mövqeyindən danışdınız.
- Açığı, jurnalistlərin yazdığı bəzi məlumatlardan xoşum gəlmir. Ona görə hesab edirəm ki, qərəzli olublar. Mən bunu bütün jurnalistlərə aid etmirəm. 

 

скачать dle 12.1
Xəbər lenti